Cəmiyyət

  • 1 130

Fransada qatar yollarında təxribat, hava limanlarında təxliyə. Olimpiada baş tutacaq? TƏHLİL

image

Fransada olimpiadanın açılış mərasimindən əvvəl qatar xətlərinə hücumlar həyata keçirilib. Qeyd edək ki, 100 ildən sonra yenidən Parisdə keçirilən Olimpiya Oyunları bugünkü açılış mərasimi ilə rəsmi olaraq başlayacaq. Mərasimə saatlar qaldığı vaxtda radikalların ölkənin qatar xətlərini hədəfə alıb və çoxsaylı hücumlar nəticəsində şəhər nəqliyyatında böyük gecikmələr yaşanıb.

Fransanın baş naziri Qabriel Attal bildirib ki, Fransa dəmir yolları "planlı və koordinasiyalı təxribatın hədəfi olub". Attal əlavə edib ki, təhlükəsizlik qüvvələri təxribatçıları axtarır. Belə ki, Fransanın dəmiryolu şirkəti SNCF gecə boyu yüksək sürətli nəqliyyat şəbəkəsini iflic etməyə yönəlmiş kütləvi hücumlara məruz qalıb. SNCF rəhbərliyinin verdiyi açıqlamaya görə, hücumlardan sonra yaranan gecikmələrə görə 800 minə yaxın sərnişin əziyyət çəkib. SNCF rəhbərliyindən Jean-Pierre Farandounun dediyinə görə, təxribatçılar, maşinistlərə məlumatlar ötürən fiber optik kabellərin keçdiyi xətləri yandırıb. Çox sayda kabelin sıradan çıxdığı yanğına görə yüzlərlə işçi və uzun bir müddətin tələb olunduğu bildirilir.

Parisin qərbinə, şimalına və şərqinə uzanan qatar xətlərinə törədilən yanğınlara görə Atlantique, Nord və Est xətləri dayanıb. Beləliklə, Paris- Bordeaux, Paris- Lille və Paris- Strasbourg arası qatar nəqliyyatı dayanıb. Lion şəhərindən Aralıq dənizinə qədər uzanan qatar xəttinə törədilən dördüncü cəhdin isə qarşısı alınıb.

Beləliklə, təəccüblü şəkildə Avropanın ən müasir və təhlükəsiz hesab edilən şəhərlərindən birində insanlar saatlarla qapalı vaqonlarda qalıb. Nəqliyyatın nə zaman bərpa ediləcəyi isə, hələlik, bəlli deyil. Bütün bunlar azmış kimi, hava limanı da təhlükəsizlik səbəbi ilə boşaldılıb. Belə ki, olimpiadanın açılış mərasimindən əvvəl Fransa-İsveçrə sərhədində yerləşən "Basel-Mulhouse EuroAirport" hava limanında təhlükəsizlik səbəbi ilə məcburi təxliyə olub. Onu da qeyd edək ki, Fransa və İsveçrə tərəfindən birgə idarə olunan hava limanı, ötən ilin sonlarında bombalı hücum təhdidləri ilə gündəmə gəlmişdi.

Parisdə güclü təhlükəsizlik tədbirlərinin alındığı açılış mərasimi Azərbaycan vaxtı ilə 21:30 da başlayacaq və 4 saata yaxın davam edəcək. Onu da qeyd edək ki, Olimpiya oyunlarının açılış mərasimi ilk dəfə olaraq stadionda deyil, şəhərin mərkəzində keçiriləcək. Mərasim minlərlə idmançını daşıyan 85 gəminin Sena çayı üzərindəki "Austerlitz" körpüsündən yola düşməsi ilə başlayacaq. Açılış mərasimini 300 min insanın izləyəcəyi gözlənilir. Sena çayının müəyyən hissəsi mühasirəyə alınarkən, ərazidə yaşayanlar evlərinə yalnız xüsusi yoxlamadan keçərək daxil ola bilir.

Mərasimlə bağlı detallar məlum olmasa da, Selin Dion və Ledi Qaqa kimi sənətçilərin çıxış edəcəyi gözlənilir. Onu da qeyd edək ki, Paris Olimpiadasında bərabər sayda kişi və qadın idmançılar iştirak edəcək. Oyunlarda 5250 qadın və 5250 kişi idmançı mübarizə aparacaq. Eyni zamanda, Rusiyanın Ukraynaya təcavüzü ilə əlaqədar olaraq rusiyalı idmançılar yarışlarda neytral idmançı kimi iştirak edəcəklər.

Oyunların keçirilməsi üçün şəhərdə intensiv təhlükəsizlik tədbirləri görülməkdədir. Olimpiada zamanı 5 min polis, hərbçi və təhlükəsizlik qüvvələri xidmət göstərir. İlkin hesablamalara görə, Paris Olimpiadasının 9 milyard avroya başa gələcəyi gözlənilir.

Digər xəbərlər