Cəmiyyət

  • 1 459

Paytaxtda 512 milyon manatlıq hazır məhsul ehtiyatı yaranıb

image

Cari ilin yanvar-iyun aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz azalaraq 26,3 milyard manat təşkil edib. SİA xəbər verir ki, sənaye məhsulunun 76,4 faizi mədənçıxarma, 20,5 faizi emal, 2,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 83,3 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,2 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,8 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 iyul 2024-cü il vəziyyətinə 512 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 40,8 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 20,1 milyard manat olmaqla əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,9 faiz azalıb.

Bu ilin yanvar-iyun aylarında sahənin əsas məhsulu olan xam neftin (qaz kondensatı daxil olmaqla) əmtəəlik hasilatı 14,2 milyon ton, əmtəəlik təbii qazın hasilatı isə 19,1 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz azalıb, qaz hasilatı isə 5,3 faiz artıb.

Digər xəbərlər