Cəmiyyət

  • 1 095

Bakı Dövlət Universiteti – 105

image

Bu gün xalqımızın elm və təhsil tarixində, milli mədəniyyətimizin və ictimai fikir tariximizin inkişafında yeni mərhələnin başlanğıcı sayılan əlamətdar gündən 105 il ötür. 1919-cu ilin 1 sentyabrında çətin, mürəkkəb, eyni zamanda taleyüklü bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində Bakı Dövlət Universitetinin (BDU) təsisi haqqında qanun qəbul edildi. BDU Cümhuriyyət dövründə çox qısa zaman ərzindəki fəaliyyəti ilə, sovet hakimiyyəti illərində bütün təqib və təzyiqlərə rəğmən xalqımızın milli şüurunun formalaşmasında, ölkəmizdə elm və təhsilin inkişafında bir məbəd kimi müstəsna rol oynadı. Azərbaycan dövlət müstəqilliyini bərpa etrdikdən sonra bu missiya daha böyük uğurlarla və daha böyük miqyasda davam etdirilir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin "Bakı Dövlət Universiteti – 105" sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

BDU-nun zəngin inkişaf tarixinə nəzər yetirdikdə onun əsas uğurlarının və tərəqqi mərhələlərinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu görürük. Ulu Öndər Heydər Əliyev həm ötən əsrin 70-ci illərindən başlayaraq, həm də müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi dövrlərdə BDU-ya xüsusi qayğı ilə yanaşıb, universiteti elm və təhsilimizin flaqmanı, eyni zamanda, milli oyanışın mərkəzi kimi qiymətləndirib. Bu gün 105 illik yubileyini qeyd edən BDU kollektivi Ulu Öndərin bu xidmətlərini minnətdarlıqla yad edir, universitetimizin dünyaşöhrətli məzunu ilə qürur duyur. 105 illik yubileyin zirvəsindən ötən yubileylərə nəzər saldıqda görürük ki, universitetimizin yubileylərinin təntənəli şəkildə qeyd olunması ənənəsini Ümummilli Lider Heydər Əliyev qoyub.

İlk ali təhsil ocağımızın 50 illik təntənəli yubiley tədbirləri məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və müdrik rəhbərin bu tədbirlərə şəxsən rəhbərlik etməsi ilə keçirilib. BDU-nun 50 illik yubiley tədbirində, sovet təbliğatının ən kəskin dövründə Ulu Öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ana dilimizdə çıxış etməsini bu gün də xalqımız ehtiram və minnətdarlıqla xatırlayır. Ulu Öndər həmin tarixi hadisəni yada salaraq deyirdi: "Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu – nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir... Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlıqlarını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar, doğrudan da, bunu böyük bir hadisə kimi qəbul etdilər".

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra BDU Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində inkişafının yeni və daha parlaq mərhələsinə qədəm qoydu. BDU kollektivi ötən il universitetimizin dünyaşöhrətli məzunu, "Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam" kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, onu "Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı" adlandıran Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük hörmətlə, müdrik rəhbərimizə sonsuz minnətdarlıqla qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə "Heydər Əliyev İli" elan olunmuş 2023-cü ildə hər zaman Ulu Öndərin irsinin təbliğini, bu irsin gənc nəslə aşılanmasını özünün ali məqsədlərindən biri hesab edən BDU kollektivi bu istiqamətdə səylərini daha da artırıb, universitetdə bu məqsədlə silsilə tədbirlər keçirilib. 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı elmi-tədqiqat işləri aparılıb, beynəlxalq konfranslar, seminarlar keçirilib, kitablar hazırlanıb, xüsusi mühazirələr, ustad dərsləri və s. təşkil edilib. BDU ailəsinin hər bir üzvü, professor-müəllim heyəti, o cümlədən tələbələrimiz bu tarixi ilin, tarixi günlərin, tarixi anların bir hissəsi olmaq üçün səy göstərib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ildə BDU-nun 100 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Yubileyin keçirilməsi ilə bağlı imzalanmış tarixi sənəddə möhtərəm Prezidentimiz BDU-nun tarixinə xüsusi diqqətlə yanaşıb, universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların aparılmasında, ümumən milli özünüdərk prosesinin sürətləndirilməsindəki tarixi xidmətlərini qeyd edib. BDU-nun 100 illik yubileyi Parisdə UNESCO-nun Baş qərargahında, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində, Rumıniyada Qara Dəniz Universitetləri Assosiasiyasının təşkilatçılığı ilə Buxarest Universitetində və digər universitetlərdə və müxtəlif qurumlarda yüksək səviyyədə qeyd edilib. Yubiley ilində "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı təsis edilib, yubiley pul nişanı tədavülə buraxılıb. Universitetin 113 əməkdaşı dövlətimizin başçısı tərəfindən ən yüksək orden, medal və fəxri adlara layiq görülüb. Bütün bunlar universitetin professor-müəllim heyətini daha əzmlə, fədakarlıqla Azərbaycanda elmin və təhsilin inkişafına öz töhfələrini verməyə həvəsləndirir. 100 illik yubiley mərasimində ölkə rəhbərinin iştirakı və proqram xarakterli çıxışı universitet kollektivinin qarşısında yeni hədəflər qoyub. Möhtərəm Prezidentimiz yubiley mərasimindəki tarixi çıxışında BDU-nun ölkəmizin həyatındakı müstəsna rolunu xüsusi vurğulayaraq deyib: "Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra BDU yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirirdi. Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. Məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxmışdır. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini vermişdir.

Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi. Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir".

Bu gün 105 yaşlı ali təhsil ocağının əməkdaşları qarşıda duran hədəflərə çatmaq, dövlətimizin başçısının etimadını ən yüksək səviyyədə doğrultmaq üçün səylər göstərir, beynəlxalq və milli əmək bazarı üçün rəqabətədavamlı, eyni zamanda, vətənpərvər ruhlu mütəxəssislər hazırlayırlar.

100 illik şərəfli yubileydən keçən beş il ərzində BDU, hər zaman olduğu kimi, Prezident İlham Əliyevin və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın yüksək qayğısı və hərtərəfli dəstəyi ilə öz uğurlarını davam etdirir. Universitetdə müasir tələblərə cavab verən idarəetmə islahatları aparılır, şərəfli keçmişə, tarixi ənənələrə malik olan ali təhsil və elm ocağının modern dünya universitetləri siyahısında ön yerləri tutması üçün məqsədyönlü fəaliyyət həyata keçirilir.

Bu gün uğurla həyata keçirilməkdə olan "Universitet-5.0" strategiyası BDU-nun inkişafının təməl prinsiplərini təşkil edir. Strategiyada təhsil, elm, innovasiya, beynəlmiləlləşmə və sosiallaşma istiqamətləri üzrə hədəflər müəyyənləşdirilib. Hazırda universitetdə tarixi ənənələrin və modern dünya təcrübəsinin vəhdəti şəklində tədris müasir, innovativ təlim texnologiyaları əsasında qurulur, elmi-tədqiqat işlərinin məzmunu günün tələblərinə uyğun şəkildə yenilənir, beynəlxalq akademik əlaqələr və ölkədaxili əməkdaşlıq inkişaf etdirilir, paralel olaraq bu istiqamətdə struktur islahatları həyata keçirilir. Dövlətimizin gəncləşmə siyasətinə uyğun olaraq kadr islahatları aparılır, bacarıqlı və perspektivli gənclər önə çəkilir. Universitet əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün mütəmadi olaraq əməli addımlar atılır.

105 il əvvəl 2 fakültə, 44 nəfərdən ibarət professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitet hazırda 16 fakültə, 121 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, müasir avadanlıqlarla təchiz edilmiş 5 elmi-tədqiqat mərkəzi və 22 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 tədris-təcrübə və istirahət mərkəzi, 1 tədris-təcrübə bazası, 1 filial, 1 kollec və 1 liseylə müqəddəs yolla davam edir. BDU-nun 2021-2030-cu illər üçün Strateji İnkişaf Planında qarşıya qoyulmuş vəzifələr, prioritet istiqamətlər əsasında universitetdə təhsilin inkişafı, elmi tədqiqatların keyfiyyətinin artırılması, idarəetmə sisteminin dinamikliyinin təmin edilməsi məqsədilə müntəzəm olaraq islahatlar aparılır. Tələbələr və akademik heyət arasında qarşılıqlı əlaqələr dərinləşdirilir. Yeni nəsil elm və təhsil proqramlarının sayı artırılır, əmək bazarının tələblərinə uyğun olaraq yeni ixtisas və ixtisaslaşmalara tələbə qəbulu aparılır. Tədris resursları mütəmadi olaraq təkmilləşdirilir, təlim prosesini müasir üsullarla və müasir məzmunla həyata keçirmək məqsədilə auditoriyalar müasir İKT avadanlıqları ilə təchiz olunur, elmi-tədqiqat və tədris laboratoriyalarının maddi-texniki bazası gücləndirilir.

2024-cü ildə BDU-nun 2 saylı tədris binası ən yüksək səviyyədə əsaslı təmir edilib. Yeni təmir olunmuş 2 saylı tədris binasının həyətində yerləşən Şəhidlər kompleksi yenidən qurulub, binanın həyətində Zəfər kompleksi yaradılıb, tədris binasında isə "Zəfər tarixi" lektoriyası istifadəyə verilib. Lektoriya Vətən müharibəsində böyük Qələbənin simvolları və Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlıqlarını, eləcə də hazırda Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərini əks etdirən fotoşəkillər və Vətən müharibəsindən bəhs edən ədəbiyyatla təchiz edilib.

Aparılan islahatlar tədris prosesinin, elmi-tədqiqatların keyfiyyətini artırır, eyni zamanda, tələbələrin ictimai fəallığının artırılmasına, onların azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə bağlı, əsl vətəndaş kimi formalaşmasına xidmət edir.

BDU tələbələrinin komandaları son illər "TEKNOFEST" festivallarında da uğurla çıxış edir, mühüm nəticələr əldə edirlər. 2023-cü ildə BDU komandaları İstanbulda keçirilən "TEKNOFEST-2023" Aerokosmik və Texnologiya Festivalında uğurlu nəticə göstərib, universitetin 4 komandası 6 layihə ilə "TEKNOFEST-2023"ün finalına vəsiqə qazanıb. Onlardan "BSU Creativity Workz" komandası "Driver’s Eye (avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem)" layihəsi ilə festivalda "Ağıllı nəqliyyat" kateqoriyası üzrə 109 finalçı arasında I yerə, "Humantek" komandası isə "Ağıllı damla sulama sistemi (torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyalar)" layihəsi ilə "Aqrar texnologiyalar" kateqoriyasında 73 finalçı arasında III yerə layiq görülüb. Bu il Türkiyənin Adana şəhərində keçirilən "TEKNOFEST-2024" festivalında BDU-nun tələbələrdən ibarət iki komandasının layihələri - "BSU Creativity Workz" komandasının "Irrigo" layihəsi və "ESST-6" komandasının "E-tarım sulama" layihəsi final mərhələsinə vəsiqə qazanıb. Komandalarımızın ötən ildə olduğu kimi yüksək yerlərə layiq görüləcəyinə əminik.

Bu il BDU tələbələri, eyni zamanda, nüfuzlu "Robotex Avrasiya" festivalında ciddi uğur əldə edib. 2024-cü ilin aprel ayında keçirilən bu festivalda BDU-nun yarışmada iştirak edən 7 komandasının hər biri qalib olub, o cümlədən iki komanda ("85 Games Studio və "Humantek") yarışmada I, iki komanda ("Bilig" və "Bradenburg") II, üç komanda isə ("AiTech Group", "QuantumTech" və "TechTitans") III yerə layiq görülüb.

BDU tələbələri, eləcə də universitetin nəzdindəki "Gənc istedadlar" liseyinin şagirdləri beynəlxalq arenada bilik və bacarıqlarını uğurla nümayiş etdirirlər. 2024-cü il avqustun 5-dən 11-dək Bolqarıstanda ali məktəb tələbələri arasında keçirilmiş Beynəlxalq Riyaziyyat Olimpiadasında BDU tələbələri qızıl və bürünc medala layiq görülüblər. Həmçinin 2024-cü ildə ibtidai, orta və yuxarı sinif şagirdləri arasında keçirilmiş beynəlxalq riyaziyyat müsabiqələrində "Gənc istedadlar" liseyinin şagirdləri 25 qızıl, 21 gümüş, 24 bürünc medal qazanıblar.

Universitetdə tələbələrin təhsili, elmi tədqiqatlara təşviq olunmaları və onların layihələrinin dəstəklənmələri üçün ən müxtəlif innovativ üsul və metodlar tətbiq olunur. Son dövrlər Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyətə başlaması, "Code for Future" layihəsinin həyata keçirilməsi, Xarici Dil Mərkəzinin fəaliyyətə başlaması tələbələrimizin bilik və bacarıqlarını daha da artırır, onların fərdi istedadlarının üzə çıxarılmasına əlavə əlverişli şərait yaradır.

Hazırda universitetdə ali təhsilin bütün səviyyələrində 25 minə yaxın tələbə təhsil alır. BDU-da 3 mindən çox əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Onlardan 250-dən çoxu elmlər doktoru, professor, 800 nəfərə yaxın əməkdaş isə fəlsəfə doktoru, dosentdir. Bu gün BDU-da 76 ixtisas, 271 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. Son illər BDU-da təhsilin bakalavr və magistratura səviyyələrində bir sıra yeni ixtisas və ixtisaslaşmalar açılıb.

BDU peşəkar kadrlar yetişdirməklə yanaşı, milli ruhlu vətəndaş yetişdirməyi də özünün ali məqsədi hesab edir. Bu məqsədlə davamlı olaraq tələbələr arasında müvafiq iş aparılır, maraqlı sosial layihələr həyata keçirilir. Universitetdə fəaliyyət göstərən tələbə təşkilatları bu prosesin avanqardı kimi çıxış edir. BDU tələbələri ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz mühüm töhfələrini verirlər. Tələbələrin yataqxana şəraitinin yaxşılaşdırılması məqsədilə ötən dövr ərzində müasir standartlara cavab verən yeni yataqxana – 216 yerlik "Tələbə Evi" istifadəyə verilib. Həmçinin tələbələrin keyfiyyətli, müasir dərslik və dərs vəsaitləri ilə təmin edilməsi üçün BDU-nun Nəşr Evi "bp-Azərbaycan" şirkətinin dəstəyi ilə ən müasir avadanlıqlarla təchiz edilərək yenidən qurulub və istifadəyə verilib. Eyni zamanda, BDU ilə "bp-Azərbaycan" şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında BDU-nun Elmi kitabxanasının elektronlaşdırılmasına başlanılıb.

Son illər BDU məzunları dövlət qulluğuna və digər qurumlara işə qəbulla bağlı keçirilən mərkəzləşdirilmiş imtahanlarda ənənəvi olaraq yüksək nəticələr göstərir, eyni zamanda, tələbələrimiz beynəlxalq, regional və yerli olimpiadalarda, bilik yarışmalarında ön yerlərə layiq görülürlər. Cari ildə "Yüksəliş" müsabiqəsinin qalibləri arasında BDU-nun 4 məzunu yer alıb. 2024-cü il üzrə Gənclər üçün Prezident mükafatçılarından üçü, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2024-cü ildə xaricdə təhsil almaq imkanı qazanmış tələbələrdən isə 49-u BDU-nun məzunudur. Prezident İlham Əliyevin 2023-cü il 24 iyun tarixli Sərəncamına əsasən BDU-nun 8 tələbəsi "Heydər Əliyev adına təqaüd"ə layiq görülüb.

Universitetdə elmi fəaliyyətin səmərəli təşkili prioritet hesab olunur. Elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi, alınan nəticələrin bilavasitə tətbiq sahələrinə yönəldilməsi sahəsində yeni müsbət tendensiya formalaşır. Son illərdə BDU-da Sənaye kimyası, Rəqəmsal araşdırmalar, Hüceyrə kulturası və genom redaktəsi, Mikrobiologiya və virusologiya, Biomühəndislik, Kompleks geoloji və geofiziki tədqiqatlar kimi yeni sənaye yönümlü elmi-tədqiqat laboratoriyaları, Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ECOLEAD Klinikası, ICESCO-nun Biotibbi materiallar kafedrası, Beynəlxalq Türk Akademiyası ilə birgə Süni intellekt etikası kafedrası, Erməni Araşdırmaları və Təlim Mərkəzi, Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi və s. yaradılıb.

Dünyanın nüfuzlu beynəlxalq elm və təhsil reytinqlərində mövqeyini möhkəmləndirmək BDU-nun prioritet istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsidir ki, hazırda Azərbaycanın dünya universitetlərinin QS reytinq siyahısında ilk ən yaxşı 1000 universitet siyahısında yer alan yeganə ali təhsil müəssisəsi BDU-dur. Universitet alimləri tərəfindən nüfuzlu elmi nəşrlərdə çap edilən məqalələrin dinamikası ildən-ilə yüksələn xətt üzrə inkişaf edir. "Clarivate Analytics" beynəlxalq agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun H-indeksi artaraq 67-yə yüksəlib. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2018-ci ildə 35-ə, ötən il isə 52-yə bərabər olub. Hər bir əsərə edilən istinadların orta sayı 8.53-ə qədər yüksəlib. Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri tərəfindən "Web of Science" bazasına daxil olan dərgilərdə artıq 4436 elmi əsər dərc edilib. Bu əsərlərə ümumilikdə 37000-dən çox istinad edilib ki, bu göstərici ötən il 29000 idi.

Universitetimiz son illər bir sıra reytinqlər üzrə göstəricilərini də artırıb. BDU, eyni zamanda, Azərbaycanda "Times Higher Education Subject" reytinq siyahısında yer alan yeganə ali təhsil müəssisəsidir. BDU-nun bu sahədə daha bir uğuru ilk dəfə olaraq "QS Sustainability 2024" reytinqində yer almasıdır. 2024-cü ildə THE qlobal reytinqinə də Azərbaycan ali təhsil müəssisələrindən yalnız BDU daxil olub.

Bütün bunlar kollektivimizin birgə, yüksək səylə çalışması nəticəsində əldə edilmiş uğurlardır. Əminik ki, bu nəticələr ildən-ilə daha da yüksələcək. Bu uğurlar universitetimizdə müasir tələblərə uyğun elmi-tədqiqat mühitini inkişaf etdirir, beynəlxalq əməkdaşlıq imkanlarını daha da artırır, rəqabətədavamlı elmi araşdırmaların aparılmasına şərait yaradır.

Beynəlxalq əməkdaşlığa, tələbə və müəllim mübadiləsinə xüsusi önəm verən BDU bu istiqamətdə də səylərini davam etdirir. Universitet əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması məqsədilə ABŞ, Çin, Almaniya, İsrail, İsveçrə, Qazaxıstan və digər ölkələrin qabaqcıl universitet və institutları ilə (Yerusəlim İbrani Universiteti, Holon Texnologiya İnstitutu, Anhui Universiteti, Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti, Linkoln Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Əl-Fərabi adına Qazax Milli Universiteti və s.) bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə 12 beynəlxalq ikili diplom proqramlarını tətbiq edir. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elm tədqiqatların sənayeyə tətbiqi, tələbələrin öz nəzəri biliklərini təcrübədə tətbiqetmə imkanının yaradılması üçün nüfuzlu universitetlərlə əməkdaşlıq gündən-günə artırılır. Bunlar BDU-nun dünyanın qabaqcıl elm və təhsil məkanına inteqrasiyasını şərtləndirir və bu prosesi daha da sürətləndirir.

Ötən tədris ilində də BDU-nun beynəlxalq əməkdaşlıq strategiyası uğurla davam etdirilib. Bu dövrdə BDU ilə Türkiyənin Tokat Qaziosmanpaşa, Orta Doğu Texniki, İstanbul Texniki, Muğla Sıtkı Koçman universitetləri, Litvanın Mikolas Romeris Universiteti arasında "Erasmus" mübadilə protokolu, Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti, Qırğız-Türk "Manas" Universiteti arasında "Orhun" mübadilə protokolu, Türkiyənin Hacettepe, Balıkesir, Ankara Sosial Elmlər universitetləri, İspaniyanın Qranada Universiteti, Özbəkistan Elmlər Akademiyasının Mirzə Uluqbəy adına Astronomiya İnstitutu, Qazaxıstanın Atırau Dövlət Universiteti, Yaponiyanın Kanaqava və Kumamoto universitetləri, Çinin Pekin Xarici Dillər, Tongji, Hefei Texnologiya universitetləri arasında əməkdaşlıq memorandumu və bu istiqamətdə bir sıra digər sənədlər imzalanıb. BDU hazırda 50-dən çox ölkənin 160-dan artıq universiteti ilə əməkdaşlıq edir.

BDU xarici universitetlərlə birgə beynəlxalq elmi tədbirlərin təşkilinə də üstünlük verir. Son illər bu istiqamətdə bir sıra nəticələr əldə edilib, o cümlədən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfranslar, BMT-nin Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) ilə "Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer" üzrə BMT/Azərbaycan yüksək işçi seminarı (United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere), "Volkswagen" Fondu ilə "Kvant elminin və texnologiyasının müasir meylləri: kvant materiallarından kvant informasiyasına qədər" mövzusunda beynəlxalq yay məktəbi və s. elmi tədbirlər keçirilib.

BDU nüfuzlu beynəlxalq elmi təşkilatlarla əməkdaşlığı da özünün prioritetlərindən hesab edir. 2022-ci ildə Avropa Universitetlər Assosiasiyasının (EUA) və İslam Dünyasının Universitetləri Federasiyasının (FUIW), 2023-cü ildə Beynəlxalq Astronavtika Federasiyasının (IAF), 2024-cü ildə isə Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasının (World Association of Industrial and Technological Research Organizations - WAITRO), Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin (Network of Universities from the Capitals of Europe - UNICA) üzvü seçilib.

Beynəlxalq əlaqələrlə yanaşı, ölkədaxili əməkdaşlığa da xüsusi önəm verilir. Universitetin sosial missiyasına müvafiq olaraq onun cəmiyyətdə nüfuzunun artırılması istiqamətində çoxşaxəli tədbirlər görülüb, universitetin sahib olduğu elmi potensialın cəmiyyətin sosial problemlərinin həllinə, sosial-iqtisadi proqramların həyata keçirilməsinə cəlb edilməsi məqsədilə ölkənin dövlət təşkilatları, nüfuzlu müəssisə və ictimai birlikləri ilə əlaqələr genişləndirilib, birgə sosial layihələrin sayı artırılıb. Dövlət və qeyri-hökumət təşkilatlarının, iri beynəlxalq və özəl şirkətlərin öz sosial layihələrini təqdim etdiyi platformaya çevrilməsi məqsədilə tərəfdaş qurumlarla birlikdə fəaliyyət planları tərtib edilib, universitetdə ölkənin elmi, mədəni, sosial-iqtisadi problemlərinə həsr olunmuş yüksək səviyyəli konfranslar, seminarlar və digər tədbirlər keçirilib. Cəmiyyətin sosial problemlərinin təhlilinə və həllinə, müəssisə və təşkilatların sosial tədqiqat və layihələrinin icrasına Universitetin elmi potensialının cəlb edilməsi ənənəsi inkişaf etdirilib.

Dövlət və özəl müəssisələrlə əməkdaşlıq bilavasitə tədris prosesinin, elmi-tədqiqat fəaliyyətinin səmərəli təşkilinə, eləcə də məzunların işlə təmin olunmasına xüsusi töhfə verir. Son illər BDU ilə Elm və Təhsil Nazirliyinin Fizika, Molekulyar Biologiya və Biotexnologiyalar, Riyaziyyat və Mexanika, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya və Radiasiya Problemləri institutları, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Sənayesi Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi, Sosial Xidmətlər Agentliyi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, Bioloji Müxtəlifliyin Qorunması Xidməti, Qarabağ Dirçəliş Fondu, Azərbaycan Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), PAŞA Bank, "PAŞA Həyat Sığorta", "LU-MUN HOLDING" və s. təşkilatlar arasında müvafiq memorandumlar, müqavilələr imzalanıb. Əmək bazarının mövcud tələbatını, yeni dövrdə mütəxəssislərdən tələb olunan əsas bacarıqları öyrənmək, bu tələbatın kadr hazırlığında nəzərə alınması, eləcə də universitet-sənaye işbirliyinin yaradılması, tədris prosesinə sənayedə çalışan mütəxəssislərin cəlb olunması, tələbələrin istehsalatda yeni meyarlarla təcrübə keçməsi, həmçinin birgə layihələrin, elmi-tədqiqat işlərinin aparılması məqsədilə hazırda BDU 57 dövlət, özəl və qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq edir, birgə layihələr həyata keçirir.

BDU-nun 100 illik yubileyindən sonra keçən beş il ərzində universitetdə bir sıra mühüm layihələr reallaşdırılıb. Bunlara misal olaraq, "Azərbaycan məcburi köçkünlərinin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat"ı, "Vətən müharibəsi dövründə yerli və xarici medianın fəaliyyətinin təhlili", "Azərbaycan Respublikasının tarixi (1991-2021)" 2 cildlik kitabını, "Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət" nəşrini və s. göstərmək olar. Adıçəkilən layihələr BDU-nun professor-müəllim heyəti tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib və ictimaiyyətə təqdim edilib.

Bu gün BDU-nun kollektivi və tələbələri Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Sərəncamına uyğun olaraq bu istiqamətdə öz fəaliyyət istiqamətini müəyyənləşdirib, bir sıra tədbirlər, layihələr həyata keçirməkdədir.

Ölkəmizdə keçirilən bütün beynəlxalq əhəmiyyətli tədbirlərdə hər zaman fəal iştirakı ilə seçilən BDU kollektivi "Yaşıl dünya naminə həmrəylik ili"ndə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP-29) ölkəmizdə keçirilməsini mühüm hadisə hesab edir. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin dünyadakı nüfuzunun göstəricisidir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimad və hörmətin parlaq nümunəsidir. Böyük potensiala malik elm və təhsil müəssisəsi kimi BDU da bu istiqamətdə tədbirlərini davam etdirir.

Qalib və qüdrətli ölkəmizin gündən-günə inkişaf etməsi, elm və təhsildə əldə olunan nailiyyətlər, BDU kollektivini və tələbələrimizi doğma universitetimizin 105 illik yubileyini daha yüksək ovqatla qeyd etməyə sövq edir, hər birimizdə sonsuz qürur hissləri yaradır. Əminik ki, möhtərəm Prezidentimizin diqqət və qayğısı ilə əhatələnən 105 yaşlı BDU yeni yubileyi ərəfəsində zəngin ənənələrini inkişaf etdirərək, beynəlxalq təcrübədən, dünya elminin nailiyyətlərindən faydalanaraq, Azərbaycan xalqına və beynəlxalq ictimaiyyətə elmi əsaslara, milli və mədəni dəyərlərə söykənən və müasir dövrün tələblərinə cavab verən kadrlar hazırlamaq missiyasını uğurla davam etdirəcək.

BDU-nun 105 illik yubileyi münasibətilə Universitetimizin kollektivini, məzunlarımızı və əziz tələbələrimizi təbrik edirik!

Digər xəbərlər