Cəmiyyət

  • 1 468

ADPU-nun Quba filialı Bilik Gününü təntənə ilə qeyd edib - FOTOLAR

image

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Azərbaycanda Bilik Günü münasibəti ilə təntənəli mərasim keçirilib. 2024/2025-ci tədris ilinin başlanması şərəfinə təşkil olunan mərasimdə şəhid ailələrinin nümayəndələri, tələbə adı ilə filiala yeni qədəm qoyan gənclər və onların ailə üzvləri, o cümlədən yerli ictimaiyyətin tanınmış simaları təmsil olunublar.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış çıxışında rəhbərlik etdiyi təhsil ocağının son illər qazandığı uğur və nailiyyətlərdən bəhs edən ADPU-nun Quba filialının doktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bu sahədə əsaslı təməl yaradıb. Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi uzaqgörən siyasət ölkəmizdə təhsilin keyfiyyətini zirvələrə yüksəldib. Məhz bu siyasətin nəticəsidir ki, indi azərbaycanlıların sorağı dünyanın aparıcı elm və təhsil ocaqlarından eşidilir. ADPU-nun Quba filialı bundan sonra da keyfiyyətli təhsil uğrunda səylərini əzmlə davam etdirəcək.

Sonra şəhid atası Akif Mirzəyev, qazi Ramin Yunuslu və universitetə yeni daxil olan tələbə Aytac Tayıbova çıxışlarında professor-müəllim heyətini və tələbələri yeni tədris ili münasibəti ilə təbrik edərək, hər kəsə uğurlar arzu ediblər.

Mərasimdə tələbələr tərəfindən şeir deyilib, onların ssenarisində və ifasında bədii proqramlara baxılıb.
Quba Filialına 500-dən yuxarı balla daxil olan tələbələrin valideynlərinə təşəkkürnamələr təqdim olunub.
Yeni tələbələr arasında ən yüksək balla Filialda təhsil üçün seçim edən tələbə Nəzrin Novruzova və qazi ovladı Xanım Yunuslu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının "Xatirə kitabı"na ürək sözlərini yazıblar.

ADPU-nun Quba filialının əməkdaşı Kəmalə Bayramovanın aparıcılığı ilə keçirilən tədbirdə Azərbaycanda Bilik Günü, onun ümumxalq əhəmiyyəti barədə geniş məlumat verilib. Vurğulanıb ki, bu əlamətdar gün Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən təsis edilib.

Digər xəbərlər