Lalə Mehralı
11 oktyabrı Ümumdünya qız uşaqları günü kimi qeyd edirlər bütün cəmiyyətlərdə - şarlarla, posterlərlə, reklam çarxları ilə, güllərlə, sevinclə, gülərüzlə. Dünyada qız uşaqlarının yaşadıqları çətinlikləri, apardıqları mübarizəni, verdikləri qurbanı bilmədən, etina göstərmədən.
Əslində Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nigahlarına, qızların istismarına, təhsilsiz qalmalarına diqqət çəkir. Uşaq nigahı insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Onları zorla təhsildən yayındırır, təməl hüquqlarından məhrum edir. Beynəlxalq Qız Uşaqları Günü qızların təhsil, qidalanma, uşaq nikahı, hüquqi və tibbi hüquqlar istiqamətində bütün hüquqlarının təmin edilməsində, bu haqda məlumatlılığın artırılmasında böyük əhəmiyyət kəsb edir.
Yaxşı, bəs nə qədər insan bu günün əsl tarixçəsi, qeyd olunmasındakı məqsəd barədə məlumatlıdır? Bu gün qızlar bayramı deyil, qızların hüquqları uğrunda mübarizə günüdür. Dünyada hələ də vəhşicəsinə qətl edilən, istismar edilən qızların olduğunu bilə-bilə bu günü bayram eləmək olmaz axı.
Əgər beynəlxalq təşkilatlar qadın hüquqlarının bərpası uğrunda çalışırsa, azad qadın fiqurunu yaratmaq uğrunda bu qədər maraqlıdırsa, qızların gücündən, bacarığından, əldə etdiklərindən məmnundursa o zaman niyə dünyada qızlar zülüm görür? Bu nə təzaddır? Bir tərəfdən önü açılan qızların digər tərəfdən yolunu kim bağlayır?
Təhsilli qızlardan qorxmayın. Savadlı qızlar güclü gələcək, savadlı nəsil deməkdir. Qızlarınıza bədəni ilə öyünməyi yox, ağılları, bilikləri, zəkaları və şəxsiyyətləri ilə var olmağı öyrədin. Arzularını həyata keçirən təhsilli, qərarlı, zəkalı qızlarla dünya daha da gözəlləşəcək. Etiraf etmək lazımdır ki, ölkəmizdə qızların təhsilinə, ziyasına olan diqqət bir çox müsəlman ölkəsində yoxdur. Bizim üçün normal olan haqlar başqa bir ölkədə qızların ancaq arzusu, xəyalıdır.
Dünyada təhsildən yayındırılan, məktəbə göndərilməyən qızların aqibəti bəlidir – ya nikah, ya istismar. UNİSEF dünyada uşaq nikahlarının getdikcə sayının azaldığını, lakin bu azalmanın arzuolunan səviyyədə olmadığını deyir və hesab edir ki, dünyada uşaq nikahlarının tamamilə aradan qaldırılması üçün daha 300 il gözləmək lazım gələcək. Təsəvvür edirsiniz? Hələ 300 il dözməlidir qızlar...
Ümumdünya Qız Uşaqları Günü imiş...
Sizcə də absurd deyilmi?