Cəmiyyət

  • 962

Ailə planlaması: aborta “yox” deyək!

image

Azərbaycanın abort statistikasına görə dünyada liderlik etməsi ciddi demoqrafik təhlükə yaradan problemdir. Hər ölkə abortlarla fərqli mübarizə yolları seçir, bir çox halda insanlar nə qadağalar, nə maarifləndirmə ilə məlumatlanmaq istəmirlər. Əksər hallarda doğum evlərində, qadın məsləhətxanalarında mütəxəssislər qadınlara ailə planlamasının abortdan qorunmaq üçün əhəmiyyətli olduğunu başa salırlar.

Ailələrin istənilən sayda uşaq sahibi ola bilmələri üçün tətbiq olunan üsullara “ailə planlaması” deyilir. Ailə planlaşdırılması doğumun qarşısını almaq, sonsuzluq yaratmaq demək deyil. Ailə planlaması bir növ nəzarət altında olan doğum deməkdir və ananın və doğulacaq körpənin sağlamlığı maksimum düşünülür. Bu, bir növ nə zaman uşaq sahibi olmaq istəyəndə, o vaxt gerçəkləşən arzudur. Ailə planlaması, insanları övlad sağlamlığı mövzusunda məlumatlandırmaq, ana ölümlərinin qarşısını almaq və sağlamlığını qorumaq, körpələrin sağlam doğulmalarını və yaşamalarını təmin etmək, yüksək riskli hamiləliklərin qarşısını almaq, arzu olunmayan hamiləliklərin qarşısını almaq, uşaq sahibi olmaq istəyənləri tibbi köməklə təmin etmək, valideynləri ailə planlamasının vasitələri ilə tanış etmək, daha gənc və ya ahıl yaşda istənməyən hamiləliyin qarşısını almaq kimi məsələləri ehtiva edir.

İndi bir çox ölkədə ailə planlaşdırılması ilə bağlı ödənişsiz seminar və treyninqlər keçirilir. Subay və ya yeni ailə quran gənclər, artıq övladı olan ailələr belə bu treyninqlərdə iştirak edirlər. Bu təlimlər zamanı qadınlara başa salınır ki, doğuşlar arasında minimum 2 il müddət olmalıdır. Əgər birinci hamiləliklə ikinci hamiləliyin arasındakı məsafə az olarsa, bu, uşağın və ananın həyatına təhlükə yarana bilər. Bu cür hamiləlikdən doğulan uşaqların azçəkili, fiziki qüsurlu olmaları ehtimalı böyükdür, bəzi hallarda ölüm səbəbləri də məhz bu olur. Bu məsafəni təmin etmək üçün isə müxtəlif vasitələr var.

Ailə planlaması üsulları həm qədim dövrün sınanmış üsulları, həm də müasir vasitələr ola bilər. Hormonal hesab edilən vasitələr doğuşa nəzarət həbləri, aylıq və 3 aylıq iynələr, implantlardır. Uşaqlıqdaxili spirallar da özlüyündə hormonal və normal olaraq iki cür çeşidlənir. Maneə üsulu adlandırılan prezervativlər də hamiləlikdən qorunma vasitəsidir. Prezervativ kişi toxum hüceyrələrinin (spermlərinin) qadının vaginal zonasına tökülməsinin qarşısını almaq üçün istifadə edilən vasitədir. Başqa sözlə, bu vasitə, sperm və yumurtanın qovuşmasına maneə törədərək hamiləliyi önləyən üsuldur. Bir başqa xüsusiyyəti də cinsi yolla yoluxan xəstəliklərin qarşısını almasıdır. Əgər doğru şəkildə istifadə edilərsə hamiləlikdən qorunmaq üçün 95-98% güvənli bir üsuldur.

Hormonal iynələr adətən həb içməyi unudan insanlara məsləhət görülən üsuldur. Asan tətbiqi və uzun müddətli qorunma səbəbiylə üstünlük verilə bilər. Tərkibindəki estrogen və progesteron hormonları sayəsində yumurtlamağa maneə törədir, uşaqlıq boynundakı mayeni qatılaşdıraraq sperma keçidinin qarşısını alır. Hamiləlikdən qorunma iynələrinin etibarlılığı 99,2% olaraq dəyərləndirilir. Doğuşa nəzarət iynələri aylıq və ya 3 aylıq olaraq tətbiq edilir. Aylıq inyeksiyalarda progesteron və estrogen, 3 aylıq iynələrdə isə yalnız progesteron hormonu var. Bu inyeksiyalar menstruasiyanın ilk 5 günü ərzində həkimin nəzarəti altında əzələdaxili olaraq tətbiq edilir. Başqa bir üsul qadının vaginal zonasına çəkilən xüsusi gel-kremlərdir, bu vasitələr spermöldürücü qüvvəyə malikdirlər. Krem-gellər 5-6 saat ərzində qoruma gücünə malikdir.

Uşaqlıqdaxili spiralların tətbiqi zamanı isə uşaqlığın ağzı el dili ilə desək, torba şəklində büzülür və həmin spiral ora yerləşdirilir. Beləcə, yumurtalarla spermaların birləşməsinin qarşısı 99 faiz alınır. Bundan başqa, qadınlarda yumurtlama dövrünün hesablanması ilə həyata keçirilən təbii qoruma üsulu da var ki, bu üsulla müntəzəm menstrual dövrü olan qadınlarda yaxınlaşan yumurtlama vaxtı ilə cinsi əlaqə tarixi proqnozlaşdırıla bilər. Həkimlər bu üsulun effektivliyini 75% ətrafında dəyərləndirirlər.

Son illər tibb elmi hamiləlikdən 99.3 faiz qoruyan başqa bir üsulu da tətbiq edir. Bu, dərialtı implantlardır. Qoruyuculuğu yüksək olan metodlardan biridir və hormon tərkiblidir. Yerli keyitmə ilə çox qısa bir müddətdə qolun iç səthinə taxılır. Taxılma və çıxarma proseduru ağrısızdır, qadını hamiləlikdən 3 il qoruyur. Amma bu üsul ilk 6 ayda aybaşı pozulmalarına səbəb ola bilər. Bu üsulla hamiləlikdən qorunma adətən endometrial qalınlaşması olan, şiddətli aybaşı qanaxmaları olan pasiyentlərə, ya da ciddi aybaşı ağrıları olan pasiyentlərə tətbiq edilir. Çünki implant həm aybaşı ağrılarının yüngülləşməsi, həm də qanaxmaların azalması üçün müalicəedicidir.

Hamiləliyin qarşısının birdəfəlik alma üsulu qadına və kişiyə tətbiq edilən cərrahi üsuldur. Qadında uşaqlıq borularının cərrahi müdaxilə ilə bağlanması üsulu bərpa edilən üsul deyil və borusu bağlanan qadınlar, artıq təbii yolla hamilə qala bilmirlər. Uşaqlıq borusunun bağlanması, yumurtalıqdan atılan yumurta hüceyrəsinin uşaqlıq borusundan keçməsini və uşaqlığa çatmasına mane olaraq hamiləlikdən qoruyur. “Vazektomiya” üsulu isə kişilərdə sperm kanallarının bağlanmasıdır. Gələcəkdə uşaq istəyi ehtimalı varsa bu çox zaman mümkün olmur. Cərrahi yolla borularını və kanallarını bağlatmış insanlar yalnız tibbi müdaxilə - süni mayalanma üsulu ilə övlad sahibi ola bilir.

Təəssüflə etiraf etmək lazımdır ki, ölkəmizdə qadınların çox az hissəsi hamiləlikdən qorunma üsullarından istifadə edir, ailə planlaması barədə olduqca az məlumata malikdirlər. Statistik göstəricilərə görə, Azərbaycanda hər il 20 min uşaq abort edilir. Qeyri-rəsmi statistika isə bu rəqəmi 25-27 min arasında dəyişir. Abortun statistikası göstərir ki, qadınlar ailə planlaması vasitələrindən istifadə etmir, bəzən də selektiv aborta məcbur edilir.

Əvvəllər, tibbin bu qədər inkişaf etmədiyi dövrlərdə bəzi bitki çaylarının vasitəsi ilə qadınların hamiləlikdən qorunmaq imkanı vardı. Bu çaylar uşaqlığın daralmasına və qanaxmaya səbəb olduğu üçün hamiləlik baş tutmurdu və bitkilərin bu xüsusiyyətlərindən istifadə edərək, doğuşa nəzarətdə istifadə olunurdu. Bu üsullardan bəziləri bu gün də istifadə edilir. Cinsi əlaqədən sonra əməköməcikimilər fəsiləsinə aid bitki olan hibiskus çayı içmək hamiləlik riskini azaldır. Eləcə də mürəkkəbçiçəklilər fəsiləsindən olan adaçayı, o cümlədən biyan və yovşan da uşaqlıq yolunda daralma yaradaraq qanaxmaya səbəb ola, dolayısı ilə hamiləliyin baş tutmamasını təmin edə bilər. Cəfərinin çox miqdarda istehlakı da uşaqlıqda daralmalara səbəb ola bilər.

Qədim Misirdə spermanı öldürmək və ya onun vajinadan uşaqlığa keçməsinin qarşısını almaq üçün uşaqlıq boynuna bir növ qoruyucu aparat yerləşdirirdilər. Bu dövrümüzdə tətbiq edilən uşaqlıqdaxili spiralı xatırladan bir üsul olub. Qədim yunanlar doğuşa nəzarət üçün yarpız, sədəf çiçəyi, yabanı yerkökü və cəfəri toxumu kimi bitkilərdən istifadə edirdilər. Qədim Çində qadınlar hamiləlikdən qorunmaq üçün uşaqlığın ağzına maneə üsulu kimi yağlı bambuk kağız disklər yerləşdirirdilər. İntibah dövründə doğuşa nəzarət üsulları ilə bağlı inqilab ilk prezervativin kəşf edilməsi ilə oldu. 1500-cü illərdə Orta əsr Avropasında infeksiya riskini düşünən zadəganlar keyfiyyətli kətandan hazırlanmış dekorativ naxışlı prezervativlərdən istifadə edirdilər.

Sonda məlumat üçün qeyd edək ki, Beynəlxalq Ailə Planlaması Federasiyanının 1995-ci ildə qəbul etdiyi “Nəsil artırma və cinsi haqlar” haqqında bildirişə görə bütün qadınların nəsil artırma zamanı sağlamlığının qorunması üçün bütün gərəkli vasitələrdən istifadə etmə hüququ var. Eləcə də bildirişə görə qadınların ailə planlaması haqqında məlumatlandırılması da zəruridir.

Lalə Mehralı

Digər xəbərlər