Xankəndi şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilib. SİA-nın Qarabağ bürosundan verilən məlumata görə, iclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Xankəndi şəhərində, Ağdərə, Xocalı rayonlarında, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak edib.
İclasda İşçi qrup üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən və yaşıllıqların götürülməsi zamanı ekoloji tələblərin icra vəziyyəti, xüsusi mühafizə olunan təbiət ərazilırinin fəaliyyətinin bərpası, yer təkindən istifadə sahəsində görülən işlər, meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması istqamətində “Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin və “Ağıllı Tingçilik Təsərrüfatı”nın yaradılması üzrə görülən işlər “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilən tədbirlər, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası istiqamətində görülən işlər, bu ərazilərdə ekoloji pozuntuların qarşısının alınması, təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı görülmüş işlər haqqında iclas iştirakçılarına məlumat verilib. İclasda iştirak edən digər qurumların nümayəndələri tərəfindən infrastruktur layihələri həyata keçirilərkən ekoloji icazələrlə bağlı qaldırılan məsələlər və müvafiq qurumlar arasında kommunikasiyanın gücləndirilməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə edilib.
İclasdan sonra iştirakçılar Xankəndi şəhərində yenidən qurulmuş avtomat meteoroloji stansiyanın işi ilə tanış olublar.