PDF Oxu

Cəmiyyət

  • 823

FHN-in yaradılmasının ildönümü münasibətilə iclas

image

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 19-cu ildönümü və işçilərinin peşə bayramı münasibətilə Nazirliyin inzibati binasında təntənəli iclas keçirilib. Bu barədə SİA-ya nazirlikdən məlumat verilib.Bildirilib ki, iclasda çıxış edən nazir Kəmaləddin Heydərov sona çatmaqda olan 2024-cü ilin Azərbaycanın bütün sahələrdə daha da inkişafı, yeni-yeni və tarixi nailiyyətlərin əldə edilməsi ilə əlamətdar olduğunu vurğulayıb.Nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin cari ildə də ölkə başçısının tapşırıqlarına və fəaliyyət istiqamətlərinə uyğun olaraq üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gəldiyini bildirib. Bu çərçivədə, Nazirlik tərəfindən COP29-la əlaqədar aidiyyəti təhlükəsizlik məsələlərinin yüksək səviyyədə təmin edildiyini bildirib.Nazir deyib ki, Fövqəladə Hallar Nazirliyi işğaldan azad olunmuş torpaqlarda əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi sahəsində aidiyyəti üzrə müvafiq tədbirləri davam etdirir. Qeyd olunub ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin “N” saylı xüsusi təyinatlı hərbi hissəsi tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri fasiləsiz həyata keçirilir.Çıxışına davam edən nazir K.Heydərov bu il də ölkə ərazisində yanğın təhlükəsizliyi sahəsində əməliyyat şəraitinin diqqət mərkəzində saxlanıldığını, yanğın hadisələrinin qarşısının çevik alınaraq yayılıb ağır fəsadlarla nəticələnməsinə imkan verilmədiyini bildirib. Qeyd edib ki, 2024-cü ildə respublika üzrə il ərzində 13545, o cümlədən Bakı şəhərində 4472, işğaldan azad olunmuş ərazilərdə 357 yanğın hadisəsi qeydə alınıb ki, bu da orta hesabla hər gün 41 yanğına çıxış deməkdir. Yanğınlardan 16 yanğın yüksək saylı çağırışla söndürülüb. Ümumilikdə, yanğınların söndürülməsi zamanı 79 dövlət və 425 özəl obyekt, 348 çoxmənzilli bina, 519 fərdi ev, 497 yardımçı tikili, 300 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 78 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1041 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.K.Heydərov qeyd edib ki, xüsusi riskli xilasetmə qrupları 976 müxtəlif xarakterli axtarış və qəza-xilasetmə əməliyyatları zamanı 1095 nəfər zərərçəkmişi xilas edib, həmçinin 101 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən, bağlı qapı arxasından və dağıntılar altından çıxarılıb. Bununla bərabər, yanğınsöndürən-xilasedicilər tərəfindən 140 nəqliyyat və digər qəzalar zamanı 294 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən çıxarılaraq ərazi üzrə tibb məntəqələrinə çatdırılıb, həlak olmuş 54 nəfərin cəsədi avtomobillərdən çıxarılıb.2024-cü il ərzində dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 71 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 90 nəfər olmaqla, cəmi 161 nəfər xilas edilib, nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə suda batmış 52 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.Həmçinin, Nazirliyin aidiyyəti qurumlarının 662 nəfər şəxsi heyəti, habelə 117 ədəd nəqliyyat vasitəsi, 3 qayıq, 85 motopompa cəlb olunmaqla oktyabr ayında intensiv yağışlarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib, ümumilikdə 542 nəfər təhlükəsiz əraziyə təxliyə edilib, 2 nəfərin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Nazir onu da bildirib ki, Prezidentin tapşırığına uyğun olaraq, bu il Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə oraya göndərilmiş Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatlarında fəal iştirak edib, müxtəlif bölgələrdə uçuşlar həyata keçirərək yanğın ocaqlarına ümumilikdə 400 tona yaxın su töküb və qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetirib.Qeyd edilib ki, cari il ərzində müxtəlif məsələlərlə, o cümlədən yanğın, partlayış, avtoqəza, tikintidə, sənayedə və dağ-mədən işlərində təhlükəsizlik qaydalarının pozulması və digər məsələlərlə bağlı “112” qaynar telefon xəttinə ümumilikdə 2,1 milyona yaxın və ya orta hesabla hər gün 6 minə yaxın zəng daxil olub.Yanğın nəzarəti məqsədilə sosial, sənaye, nəqliyyat, rabitə, kənd təsərrüfatı obyektlərində, xidmət sahələrində və digər təyinatlı 70 mindən artıq obyektdə yanğın-texniki müayinələr aparılıb, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün obyekt rəhbərlərinə və sahiblərinə 407 minə yaxın tələbi özündə əks etdirən tələbnamə məktubları verilib.Bundan əlavə, təyinatından asılı olmayaraq fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 2890 obyektdə tikintiyə dövlət nəzarəti aparılıb. Sənayedə və dağ-mədən işlərində təhlükəsizliyə nəzarət məqsədilə 2964 müəssisədə 37 mindən artıq təhlükə potensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib, həmçinin 4800 nəfər fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılıb. Əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi və ionlaşdırıcı şüalanma mənbələrinin fiziki mühafizəsinin təşkilinin yoxlanılması məqsədilə tibb, sənaye və elmi-tədqiqat müəssisələrində 256 nəzarət-yoxlama tədbiri, eyni zamanda radioaktiv mənbələrin idxal-ixrac əməliyyatları zamanı 95 radioaktiv mənbənin eyniləşdirilməsi və dozimetrik nəzarəti həyata keçirilib. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, fiziki və hüquqi şəxslərə məxsus 93 kiçikhəcmli gəmi ilkin dövlət qeydiyyatına alınıb, gəmi sahiblərinin müraciətinə əsasən 1977 kiçikhəcmli gəmiyə texniki baxış keçirilib.Daha sonra Prezidentin müvafiq Sərəncamı ilə “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilmiş FHN-in əməkdaşlarına təltiflər təqdim olunub. İclasda xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında fövqəladə hallar nazirinin əmri barədə də məlumat verilib, bir qrup əməkdaşa təltiflər təqdim edilib. Sonda iclas iştirakçıları adından Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

Digər xəbərlər