Sədərək Mədəniyyət Sarayında rayon İcra Hakimiyyətinin dəstəyi, "Naxçıvan Qaziləri" İctimai Birliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı "Şərq qapısı" qəzetinin dəstəyi ilə nəşr edilən "Sevdası Vətən olanlar" kitabının təqdimatı keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən igid oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
"Naxçıvan Qaziləri" İctimai Birliyinin sədr müavini Əli Əlisoy bildirib ki, qədim Naxçıvanın onlarla igid oğlu Vətən müharibəsində və ondan sonrakı hərbi əməliyyatlarda canından keçib. Onların əziz xatirəsi daim yaşadılır. Hər bir şəhidin həyatı bir əfsanə, dastandır. Onlar öz igidlikləri ilə tarix yazıb tarixin özünə çevrildilər. Onların qəhrəmanlıq hekayələrinin qələmə alınması vacib amildir. Bu gün bir çox qələm sahibi də bu yolda əlindən gələni edir. Qələmə alınan hər sətir yaddaşlara köçürülür ki, gələcək nəsillər necə qəhrəman oğulların davamçıları olduqlarını bilsinlər. Qələmə alınan yazılar o vaxt xalqın sərvətinə çevrilir ki, o, qəzetdə öz əksini tapsın, kitab halında nəşr edilsin.
Yaxın günlərdə "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində nəşr edilən "Sevdası Vətən olanlar" adlı kitabda igid oğullarımızın həyat hekayəsi öz əksini tapıb. "Şərq qapısı" qəzetinin əməkdaşı Ramiyə Əkbərovanın qələmə aldığı yeni nəşrdə Şərur və Sədərək rayonlarından olan Qarabağın azadlıq mübarizəsində qəhrəmanlıq göstərən şəhidlər haqqında məqalələr və ailə üzvlərinin fotoları yer alır. Kitabda 43 şəhidin həyat hekayəsi və döyüş yolu öz əksini tapıb.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, icra başçısının birinci müavini Səfər Hüseynov, şəhid ataları Rəhim Mədətov, Hümbət Rzayev, şəhid anası İradə Quliyeva, "Naxçıvan Qaziləri" İctimai Birliyinin sədri Cehun Bayramov və "Şərq qapısı" qəzetinin baş redaktor müavini Məmməd Babayev çıxış ediblər.
Bildirilib ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Ulu Öndərin davamçısı Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən xalq tarix yazdı. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək ərazi bütövlüyümüzü bərpa etdi. Vətən müharibəsi başlayan kimi Naxçıvanın qəhrəman övladları da torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs savaşa atıldılar. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları zəfər yürüşünü Şuşada tamamlayaraq "Dəmir yumruğ"un parlaq qələbəsinin təmin edilməsində müstəsna qəhrəmanlıq göstərdilər. Onlar 1990-cı illərdə Sədərəkdə soyuq səngərlərdə günlərlə ac-susuz qalsalar da, torpağın bir qarışını belə düşmənə verməyən naxçıvanlı oğulların davamçıları olan igidlər idilər. Azərbaycan Ordusunun hər bir döyüşçüsü Vətən uğrundakı mübarizədə qəhrəmanlıq dastanı yazdı. Onların hər birinin həyatı sətirlərə çevrilib kitab halına gətirilərək xalqın sərvəti oldu.
Çıxışçılar kitabın nəşrində göstərilən dəstəyə görə təşəkkür edib, müəllifə uğurlar arzulayıblar.
Sonda "Şərq qapısı" qəzetinin baş redaktor müavini Məmməd Babayev və müəllif "Sevdası Vətən olanlar" kitabını şəhid ana-atalarına təqdim ediblər.