PDF Oxu

Cəmiyyət

  • 314

Milli həmrəylikdən böyük Zəfərə - ŞƏRH

image

“Bu gün dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız - azərbaycanlılar yaşayır. Azərbaycan müstəqillik əldə edilənə qədər onlar arasında əlaqələr zəif, hətta mümkünsüz idi. SSRİ dövlətinin qadağalar qardaşı qardaşdan uzaq salmışdı, əlaqələr qırılır, hətta yadlaşma gedirdi. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi və Azərbaycan Respublikası Ali Sovetinə müraciət edildi. Dekabrın 25-də Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul etdi”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərən hadisələr də həmrəyliyimizin hər keçən gün daha da artmasına, inkişafına səbəb olurdu: “2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilməsi buna bariz misaldır. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrildi. Bu gün Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynadı. Burada Azərbaycan Prezidenti tərəfindən imzalanan “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” Sərəncamı xüsusi qeyd etmək lazımdır. Bu sənədə uyğun olaraq 2006-cı il martın 16-da Bakıda növbəti mötəbər toplantı keçirildi. Prezident İlham Əliyevin “Mən dünyada yaşayan hər bir azərbaycanlının prezidentiyəm” kəlməsi həmrəyliyimizi daha da möhkəmləndirdi. Xalq-iqtidar birliyini inkişafının, xalqımızın möhkəm həmrəyliyinin məntiqi nəticəsi kimi Qarabağda erməni işğalına son qoymaq üçün 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbə ilə işğala birdəfəlik son qoyuldu. Bu gün Azərbaycanda baş verən hər bir əlamətdar hadisə nəinki ölkəmizdə, o cümlədən dünyanın istənilən yerində yaşayan hər bir azərbaycanlı ruhlandırır, böyük sevinc və bayramına cevrilir. Həmrəyliyimiz mübarək, dünya azərbaycanlıları!”.

Digər xəbərlər