PDF Oxu

Cəmiyyət

  • 1 139

"Minalardan Üzümlüklərə: Müharibədən Sonra Azərbaycanda Bərpa Səyləri" - Forbes Yazır...

image

Dünyanın ən populyar nəşrlərindən olan "Forbes" -da Azərbaycanın mina problemi və bu sahədə görülən işlər haqqında məqalə yayımlanıb. Məqalədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA), Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və "Sülhün Kökləri" ("Roots of Peace"), eləcə də minatəmizləmə fəaliyyəti ilə məşğul olan təşkilatların birgə fəaliyyəti, minalardan təmizlənmiş torpaqların kənd təsərrüfatına qaytarılması və üzüm bağlarının salınması təşəbbüsləri xüsusi vurğulanır. Yazıdan aydın olur ki, xanım Heidi Kühnun ANAMA və BAMF ilə əməkdaşlıq çərçivəsində Azərbaycana səfərləri mina probleminin həllinə qlobal diqqətin artırılmasına xidmət edir. Məqalə, həmçinin, Qarabağda bərpa layihələrinin reallaşdırılması və bölgənin potensialının dünya ictimaiyyətinə tanıdılması məqsədini daşıyır.

Əlim titrəyə-titrəyə qələmdəm yapışdım və "AB-pozitiv" sözlərini ziyarətçi qeyd dəftərinə yazmağa başladım — hər bir hərəkət, sükut içində ifadə olunmayan həqiqətin sarsıdıcı təsdiqi idi. Ürək döyüntülərimin səsi yaxınlıqda gözləyən iki təcili yardım maşınının motorlarının səbirsiz mırıltısını boğurdu.

Mən, həqiqətən, bunu edirdim.

Hələ bir ay əvvəl 2023-cü il Dünya Ərzaq Mükafatı laureatı və "Sülhün Kökləri" adlı qeyri-hökumət təşkilatının vizyoner qurucusu Heidi Künla tanış olmuşdum. 25 il ərzində bu təşkilat müharibənin yaralarını ümid toxumlarına çevirmiş, minalanmış əraziləri məhsuldar kənd təsərrüfatı torpaqlarına çevirmək üçün yorulmadan çalışır. Sadə, lakin dərin bir formula ilə – "minaları təmizlə, yenidən ək, bərpa et" ."Sülhün Kökləri" dünyanın müxtəlif regionlarında minalardan təmizləmə komandaları ilə əməkdaşlıq etmiş, müharibədən zərər çəkmiş ərazilərdə suvarma sistemlərini, infrastrukturu və becərilən torpaqları bərpa etmişdir. Bu, təkcə torpağı yox, həm də icmaların ləyaqətini və gələcəyini də bərpa edən missiyadır.

Heidiilə Borlauq Dialoqunda — Ayova ştatında Dünya Ərzaq Mükafatı Fondunun hər il keçirilən ərzaq təhlükəsizliyi konfransında — tanış olduq və tanışlığımızın ilk dəqiqələrindən etibarən aramızda sarsılmaz bağ yarandı.

Bir neçə həftə sonra Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Konfransı — COP 29 çərçivəsində hər ikimizin iştirak edəcəyini öyrəndikdə, Heidi mənə "Mənimlə birgə ol," dedi və məqsədli intonasiya ilə əlavə etdi — "Dağlıq Qarabağın minalanmış sahələrində gəzmək üçün."

Ermənistan və Azərbaycan arasında illərlə davam edən ərazi münaqişəsinin yaraladığı bu torpaqlar bir vaxtlar öz məhsuldar kənd təsərrüfatı mənzərələri ilə tanınırdı. Dağlıq Qarabağın münbit torpaqları və özünəməxsus iqlimi bir zamanlar üzümçülük sahəsində uğur qazanmış və ildə təxminən 160,000 ton üzüm istehsal edilən inkişaf edən bu kənd təsərrüfatı sektorunu dəstəkləmişdi. Bu, regionun zəngin potensialının bariz nümunəsidir.
Heidi minalarla örtülmüş sahələrin geniş üzüm bağlarına çevriləcəyi gələcəyi təsvir edirdi. O, bunu bir xəyalsevərin ehtirası və bir ananın qətiyyəti ilə"Minalardan Üzümlüklərə" adlandırırdı. O, təhlükənin olduğu yerlərdə yaşıl üzüm tənəklərini, ümidsizliyin yerində isə ümid toxumlarını təsəvvür edirdi.

"Üzüm tənəyi qədimdən bəri sülhün simvoludur. Üzüm tənəyinin meyvəsi olan üzüm, kişmiş və keyfiyyətli şərab isəbizi ayıran deyil, birləşdirən ortaq toxumlarımızı təmsil edir" .

Beləliklə, bir ay sonra, özümüzü Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qara rəngli SUV avtomobilinin arxa oturacağında tapdıq. Bakıdan Ağdama doğru dörd saatlıq yolu qət edərkən avtomobil yavaş-yavaş irəliləyirdi. İşimizin ciddiliyi aramızdakı gülüş və pıçıltı ilə bölüşülən etiraflarla yumşalırdı. Bir-birimizin əllərindən bərk-bərk tutmuşduq. İki ana olaraq, qəlbimiz qətiyyətlə dolu idi və övladlarımız haqqında danışırdıq — ortaq insanlığımız yaxınlaşan təhlükənin kölgəsi altında açıq-aşkar görünürdü.

Avtomobilin ön oturacağında BAMF-ın prezidenti Umud Mirzəyev oturmuşdu. Sakit gücü və təvazökar qətiyyəti ilə qarşıdakı səfərimizi təmin edirdi. Təkcə Azərbaycanda minatəmizləmə səylərini yorulmadan irəlilədən və daha təhlükəsiz bir gələcəyə çağıran bir QHT rəhbəri yox, həm də üzümçü ailədə doğulmuş Qarabağlı idi. Heidi ilə onun arasındakı bağ, ortaq məqsəd və bərpa inancı ilə möhkəmlənmiş və onların hər ikisinin bərpa etməyə can atdığı torpaq qədər davamlı dostluğa çevrilmişdi.

Əvvəlki ziyarətlərindən birində, Heidi və Mirzəyev Tərtərdəki BAMF ofislərində birlikdə torpağın üzərində diz çökərək simvolik olaraq bir üzüm tənəyi əkmişdilər. Bu sadə, lakin dərin məna kəsb edən hərəkət idi — dağıntılardan sonra belə həyatın yenidən başlaya biləcəyinə sözsüz vəd idi. Avtomobilimiz Ağdamın təhlükəli sahələrinə doğru irəlilədikcə, Mirzəyevin sabit və möhkəm duruşu həmin vədin yükünü daşıyırdı.

Qarşımızdaki Ağdam- bir zamanlar canlı bir şəhər mərkəzi indi müharibənin çirkin izlərini üzə çıxarırdı. 1988-ci ildə başlayan və altı il davam edən amansız müharibə nəticəsində erməni qüvvələri ərazinin nəzarətini ələ keçirmiş, 2020-ci ildə isə 44 gün davam edən yeni döyüşlər nəticəsində Azərbaycan torpaqlarının böyük hissəsini geri qaytarmışdı. Ərazidə qalan evlərin qalıqları, sümükləşmiş avtomobillər və boş sahələr müharibənin dağıdıcı təsirinin ürəkağrıdan şahidlərinə çevrilmişdi.

Lakin bu viran qalmış ərazinin altında Azərbaycanın qədim şərabçılıq ənənələrinin dərin köklərinin dayandığı tarix yatır. Ağdam yaxınlığında aparılan arxeoloji qazıntılar, 3,500 il əvvələ aid üzüm toxumları və daşlaşmış gil qablar ortaya çıxarmışdır. Bir zamanlar Azərbaycana məxsus unikal üzüm sortlarının yetişdirildiyi bu torpaqlar, itirilmiş dəyərlərin kədərli xatırladıcısı olmaqla yanaşı, yenidən çiçəklənə biləcək bir gələcəyin rəmzidir.
Prezident İlham Əliyevin xüsusi nümayəndəsi Elçin Əmirbəyovla apardığım müzakirələr müharibənin dəhşətli təsirlərini göz önünə sərdi. Azərbaycan dünyada ən çox minalanmış beş ölkədən biridir; 1990-cı illərdən bəri yerləşdirilmiş 1.5 milyondan çox mina və partlamamış sursat 12,000 kvadrat kilometr – Azərbaycanın 13%-ni – çirkləndirmişdir. Son 30 il ərzində Azərbaycanda mina qurbanlarının ümumi sayı minlərlə ölçülür və 2020-ci ildən bəri 382 mina qurbanı qeydə alınıb.

"Bu yalnız minalarla bağlı deyil," — deyə o, ciddi səs tonuyla dedi, — "bu, həm də bu bəladan həyatını itirən günahsız insanlar haqqındadır."

Azərbaycan iqtisadiyyatına və ərzaq təhlükəsizliyinə vurulan ən ağır zərbə, hazırda münaqişənin izləri səbəbilə istifadəyə yararsız sayılan geniş və boş torpaqlardan qaynaqlanır. Bu torpaqların 60%-i düzənlik və münbit kənd təsərrüfatı sahələridir. Xarici İşlər Nazirliyinin hesabatına əsasən, "minaların və digər partlamamış hərbi sursatların mövcudluğu torpaq səthini, bitki örtüyünü, suyun sızmasını və axınını ciddi şəkildə pozmuş və dəyərli kənd təsərrüfatı torpaqlarının böyük sahələrini əlçatmaz vəziyyətə gətirmişdir."

Sarcalı kəndində yerləşən ANAMA bazasında, həmin ərazidə minaların təmizlənməsi üzrə ANAMA bölməsinin rəhbəri Xalid Zülfuqarov və BAMF-ın Əməliyyatlar üzrə Meneceri Şahin Allahverdiyev şəhərin yenidən qurulması və regional inkişaf və məskunlaşma mərkəzi kimi bərpası istiqamətində görülən işləri təsvir etdilər.
2024-cü ilin ortalarına qədər 145,700 hektardan çox ərazi təmizlənmiş, 32,581 piyada əleyhinə mina və 19,666 tank əleyhinə mina da daxil olmaqla, 122,000-dən çox partlayıcı maddə zərərsizləşdirilmişdir. Buna baxmayaraq, çirklənmiş ərazilərin cəmi 13%-dən az bir hissəsi təmizlənmişdir ki, bu da qarşıda duran problemin miqyasını açıq şəkildə göstərir.

"Mina təmizləmə səyləri baha başa gəlir və inkişaf etmiş texnologiya, peşəkar işçi qüvvəsi və davamlı beynəlxalq dəstək tələb edir," — deyir Mirzəyev. — "Təcili investisiyalar olmadan davam edən ekoloji pozuntular artmağa davam edəcək, biomüxtəlifliyə, təbii ekosistemlərə və bu resurslara arxalanan icmaların dolanışığına təhlükə yaradacaq. Minatəmizləmə işlərini sürətləndirmək yalnız humanitar zərurət deyil, həm də planetimizin biosferinə daha çox ziyan vurulmasının qarşısını almaq üçün ekoloji imperativdir."

2021-ci ilin iyun ayında Ermənistandan təqdim olunan mina xəritəsi yalnız Ağdamda 97,000 minaların mövcudluğunu ortaya çıxartmışdı. 2023-cü ildə ANAMA-nın koordinasiyası altında BMT İnkişaf Proqramı (UNDP), BAMF, Mina Məsləhət Qrupu (MAG) və APOPO ilə əməkdaşlıq çərçivəsində mina təhdidini azaltmaq və ərazini məskunlaşdırmaq üçün bir layihəyə start verdi. 2024-cü ildə bu səylər təkcə Ağdamda təxminən 3,000 minanın zərərsizləşdirilməsinə dəstək oldu.

Ağdamın kimsəsiz genişlikləri boyunca, Nəmirli kəndində çəpərlənmiş bir əraziyə çatdıq. Burada qan qruplarımızı qeyd etdik, standby vəziyyətdə olan təcili yardım maşınlarını ötüb keçdik və münaqişədən qalmış qalıqlarla dolu taxta qutuların qarşısında dayandıq. Elə burada 14 kişi mina təmizləyən işçilə tanış olduq, onlar öz işlərini davam etdirirdilər. Daha sonra BAMF-ın ofislərində 9 qadın minaaxtaranla tanış olduq — bu, təhlükə dolu sahələri ümid mənzərələrinə çevirmək üçün davamlılıq və ortaq əzmin səssiz, amma parlaq nümunəsi idi.
Nəmirli kəndində kiçik, müvəqqəti çadırın altında biz büzüşmüş barmaqlarımızı isidə bilmək üçün qaynar çay stəkanlarını tutarkən, MAG-ın nümayəndəsi Ramin Qədimli öz hekayəsini bölüşürdü. Həm tərcüməçi, həm də şahid kimi çıxış edən Ramin, 2020-ci ildəki altı həftəlik müharibənin təsirlərindən bəhs etdi. Həmin dövrdə Bakı polisində çalışan və bir çox gəncin əsgər kimi cəbhəyə göndərildiyi İsmayıllı rayonundan olan Ramin, müharibənin amansız nəticələrini birbaşa görmüşdü. "Bir çox dostumu itirdim, digərləri isə ağır yaralandı. O vaxtki xəbərlər fasiləsiz və ürəkağrıdan idi".

Ramin dedi ki, MAG-ın dünyanın müxtəlif yerlərində təmizlədiyi ərazilərin əksəriyyəti kənd təsərrüfatı torpaqlarıdır. Bu, mina təmizləmənin yalnız təhlükəsizlik və sağ qalma ilə yox, həm də dolanışıqla bağlı olduğunu xatırlatdı. Gizli partlayıcılardan azad edilən bu sahələr yenidən icmaları qidalandıra bilər, dolanışığı ləyaqətlə və məqsədlə bərpa edə bilər. Təmizlənmiş torpaqlar fermerlərə əkinçiliklə məşğul olmaq, suvarma sistemlərini bərpa etmək və yerli iqtisadiyyatları canlandırmaq imkanı yaradır. Hər minatəmizlənmə daha güclü ərzaq təhlükəsizliyi və münaqişədən yaralanmış bölgələrdə dayanıqlı inkişaf və davamlı ərzaq sistemləri üçün bir addım deməkdir.

"Global Environmental Change" jurnalında dərc edilmiş bir araşdırmaya görə, post-Sovet dövründə Qafqaz regionunda kənd təsərrüfatı torpaqlarının tərk edilməsinin üçdə biri müharibə ilə əlaqədardır ki, bu da qismən minaların mövcudluğundan qaynaqlanır.

Heidi Künün xatirələrindən ibarət "Canlanan Torpaq:Minalardan Üzümlüklərə. Bir Qadının Dünyanı qorumaq missiyası" kitabına yazdığı ön sözdə Kraliça Nur minaları "yavaş hərəkətli kütləvi qırğın silahları" kimi təsvir edir. O yazır: "Onlar münaqişə başa çatdıqdan çox sonra da insanların, heyvanların həyatını məhv edir və qiymətli kənd təsərrüfatı torpaqlarını girov saxlayır."

Bu, Dağlıq Qarabağdakı müharibənin mirasıdır.

Heidi ilə mənim onun "sülh izləri" adlandırdığı addımları yenidən izləməyimizdən bir il yarım əvvəl, o, Azərbaycanın Bakı şəhərində Alfred Nobelin şəxsi evində dayanaraq 2023-cü ilin Dünya Ərzaq Mükafatına layiq görüldüyünü rəsmi şəkildə öyrənmişdi. Bu xəbəri almazdan cəmi iki gün əvvəl, Nobel tərəfindən ixtira edilmiş dinamiti dağıntı üçün yox, Dağlıq Qarabağda altı tank əleyhinə minanı zərərsizləşdirmək üçün istifadə etmişdi. O an tarixi və məqsəd birləşdi: müharibənin simvolu həyata dönüş alətinə çevrildi.

2023-cü ildə Azərbaycan "Minasız dünya" ideyasını 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq elan etdi və bu cəsur ideyanı BMT-nin 2030-cu il Gündəliyi ilə uzlaşdırdı. Minalar sadəcə münaqişənin qalıqları yox onlar həyatın özünə maneədir, münbit torpaqları əlçatmaz edir və qlobal və yerli icmalar üçün ərzaq təhlükəsizliyinin həyat xəttini kəsir.

Lakin problemin miqyası qlobal hərəkəti tələb edir. Elçin Əmirbəyovun sözlərinə görə, 2020-ci ildən bəri genişmiqyaslı minatəmizləmə səylərinə sərf olunan resursların yalnız 5%-i xarici yardımların payına düşür. Beynəlxalq dəstəyin artırılması, minatəmizləmə əməliyyatlarını sürətləndirmək və 800,000 məcburi köçkünün uzun müddət əvvəl tərk edilmiş evlərinə təhlükəsiz qayıtmasını təmin etmək üçün təcili şəkildə lazımdır.
Ağdamda, Dağlıq Qarabağda və dünyanın 60 ölkəsində torpağın altında gizlənmiş təxminən 110 milyon minanın qaldığı saysız-hesabsız bölgələrdə bərpa vədini torpağın özü qoruyur, şəfa tapacağı günü gözləyir.
Heidi ilə mən səssiz bir andla bağlanmışdıq: qorxuya qarşı birlikdə dayanmaq, başqalarının cəsarət etmədiyi yerlərdə təhlükəsizlik yolları açmaq və münaqişə ilə susdurulanların səslərini irəliyə daşımaq.

Bu, dərhal və dərin bir bağ idi — iki ananın ümidləri ilə qidalanan bir bağ. Torpaq üçün ümid. Övladlarımız üçün ümid. Minaların əvəzində güclü və möhkəm üzüm tənəklərinin çiçəklənəcəyi bir dünya ümidiylə.

Digər xəbərlər