Bu gün Azərbaycan klublarından bəziləri Misli Premyer Liqasında mövsümün ikinci yarısına hazırlıq məqsədi ilə yoxlama oyunları keçirəcəklər. SİA xəbər verir ki, günün ilk matçı Masazırdakı "Bank Respublika Arena"da reallaşacaq.
"Sabah" və "Şamaxı" kollektivləri arasında baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.
Ardınca "Qarabağ" və "Zirə" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. "Azərsun Arena"nın köməkçi meydanındakı görüş 15:30-da start götürəcək.
Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən "Turan Tovuz" isə Özbəkistanın "Paxtakor" klubunun müqavimətini qırmağa çalışacaq. Qərb təmsilçisinin sınaq oyununun start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.
Qeyd edək ki, daha əvvəl yoxlama matçlarında "Zirə" "Şamaxı"nı 3:1, "Qarabağ" isə "Kəpəz"i 5:1 hesabı ilə üstələyib. Kurban Berdıyevin rəhbərlik etdiyi "Turan Tovuz" isə Rumıniyanın "Qloriya" (Buzeu) komandasına 0:2 hesabı ilə uduzub.