Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Yaradıcı müəllim: yaradıcı tətbiqetmə" təqdimat müsabiqəsinin qalibləri mükafatlandırılıb.
SİA-nın məlumatına görə, BŞTİ-dən bildirilib ki, mükafatlandırılma mərasimində Milli Məclisin deputatları, müsabiqə qalibləri, məktəbdənkənar və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.
İştirakçılar əvvəlcə müəllimlərin rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən BŞTİ-nin müdir müavini Anar Qədiməliyev ümumi təhsil müəssisələrində çalışan müəllimlərin yaradıcı potensialını üzə çıxarmaq və müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək baxımından bu cür müsabiqələrin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib. A.Qədiməliyev yaradıcı müəllim məsələsini təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən islahatların ən əhəmiyyətli tərkib hissəsi kimi dəyərləndirib. Texnologiyanın sürətli inkişafının öyrənmə və öyrətməyə də öz təsirini göstərdiyini vurğulayan müdir müavini bildirib ki, XXI əsrin uşaqlarını öyrədən müəllimdən yeni və fərqli yanaşmalar tələb olunur.
Milli Məclisin deputatı Mehriban Vəliyeva yaradıcı, yenilikçi və daim öz üzərində çalışan müəllimlərin aşkara çıxarılmasında və ictimaiyyətə təqdim edilməsində bu müsabiqənin mühüm rol oynadığını vurğulayıb. Təhsilimizin inkişafı üçün qabaqcıl təcrübəyə malik, istedadlı, peşəkar müəllimlərə hər zaman ehtiyac olduğunu deyən M.Vəliyeva sürətlə dəyişən dövrün müəllimdən yeni axtarışlar, ideyalar, yanaşmalar, yenilikçi təşəbbüslər tələb etdiyini bildirib.
Elm və Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu təqdimat müsabiqəsində yenilikləri ilə seçilən müəllimlərin yenilənən dünyamızın, cəmiyyətimizin quruculuğunun fəal iştirakçılarından olduğunu diqqətə çatdırıb. Təşəbbüskar müəllimin həmişə fərqləndiyini və hər zaman öndə olduğunu deyən V.Yaqublu müsabiqə qaliblərinin fikirlərinin gənc müəllimlərimizə stimul verəcəyinə, onları daha da yaradıcı olmağa səsləyəcəyinə inandığını söyləyib. Bütün qalibləri və fərqlənən müəllimləri təbrik edən şöbə müdiri onlara bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.
Bakı şəhəri 164 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, Əməkdar müəllim Afət Allahverdiyeva bildirib ki, müəllimin öz işinə peşəkar münasibəti onun uşaqlarla işləməkdən zövq almasına, böyük həvəslə fəaliyyət göstərməsinə və məhsuldar işləməsinə stimul verir, yeni-yeni nailiyyətlərə ruhlandırır.
Tədbirdə müsabiqədə qalib gəlmiş müəllimlərin fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.
Daha sonra müsabiqədə I, II və III yerə layiq görülmüş müəllimlərə diplom və hədiyyələr təqdim olunub. Həvəsləndirici yer tutan iştirakçılar tərifnamə, digərləri isə fəal iştiraklarına görə təşəkkürnamə ilə təltif ediliblər.
Tədbir müəllimlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.
ADNSU-da bu mövzuda tədbir keçirilib