PDF Oxu

Cəmiyyət

  • 1 015

Gənclər Günü münasibətilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir təşkil edilib - FOTOLAR

image

Fevralın 1-də Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış" mövzusunda toplantı keçirilib. SİA xəbər verir ki, əvvəlcə tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclərin rolu və dəstəyi mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, deportasiya ilə bağlı reallıqların, eləcə də irsimizin nəsildən-nəslə ötürülməsi məhz gənclərin bu həqiqətlər barədə olan biliklərinə əsasən baş verir.

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov çıxışında gənclərin Qərbi Azərbaycana qayıdış məsələsində fəal iştirakının, həm bölgənin mədəni irsinin qorunması, həm də gənclərin bu prosesdə aktiv rol almaları baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib. O vurğulayıb ki, eyni zamanda, gənclər yeni ideyalar və təşəbbüslərlə cəmiyyəti irəliyə apararaq, bir çox sahələrdə böyük uğurlar əldə edirlər.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının aparatında gənclərlə iş üzrə məsul şəxs Anar İrzaquliyev bildirib ki, Gənclər Şurasının strukturunun yenilənmiş forması hazırlanıb. O, Gənclər Şurasının yenilənmiş strukturunun sədr və 2 sədr müavinindən ibarət olduğunu deyib.

Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov gənclərin günümüzün aparıcı qüvvəsi olaraq Qərbi Azərbaycanla bağlı daha ətraflı məlumata malik olmalarının vacibliyini qeyd edib. O bildirib ki, gənclərin istər təmsil olunduqları platformalar, istər sosial media, istərsə də digər ölkələrdəki fəaliyyətləri zamanı Qərbi azərbaycanlıların ötən əsrdə üzləşdikləri deportasiya və soyqırımlarla bağlı həqiqətləri çatdırmaları aparılan işdə önəmli rola malikdir.

"İrəli" İctimai Birliyinin sədri Şahin Rəhmanlı təmsil etdiyi təşkilatın Qərbi Azərbaycan İcması ilə birlikdə bu istiqamətdə gördüyü fəaliyyətə toxunub, gənclərin təşkil edilən bütün tədbirlərdə fəallıq göstərdiyini vurğulayıb.

Qərbi Azərbaycan İcmasının üzvü Həsən Əhmədov və Fidan İbrahimova çıxışlarında öz timsallarında gənclərin üzərinə Qərbi Azərbaycan məsələsi ilə bağlı düşən məsuliyyəti anladıqlarını vurğulayıb, gənc nəsil olaraq bu müqəddəs amalla əlaqədar bütün güclərini sərf edəcəklərini bildiriblər.

Sonra əslən Qərbi Azərbaycandan olan və bir sıra uğurlara imza atan 15 gənc, eləcə də İcma ilə səmərəli əməkdaşlığa görə 10 gənclər təşkilatı mükafatlandırılıb.

Daha sonra İcmanın müxtəlif tədbirlərində iştirak etmiş 30 gəncə üzvlük vəsiqələri təqdim edilib.

Sonda çıxış edən dri Şahin İsmayılov fevralın 2-dən etibarən Qərbi Azərbaycan İcması Gənclər Şurası tərəfindən "Gənclər arasında Qərbi Azərbaycan mövzusunda ideya müsabiqəsi"nin keçiriləcəyini diqqətə çatdırıb. O bildirib ki, bu müsabiqə gənclərimizi Qərbi Azərbaycan mövzusu ilə daha yaxından tanış etmək və onların yaradıcı düşüncələrini ortaya qoymalarına imkan yaratmaq məqsədi daşıyır.

"Müsabiqənin əsas məqsədi gənclərimizin Qərbi Azərbaycanla bağlı fikirlərini və ideyalarını sosial, mədəni və tarixi aspektlərdən təhlil etmək, həmçinin onların bu mövzuda daha geniş məlumatlı olmalarını təmin etməkdir. Müsabiqəyə yaş məhdudiyyəti olmadan bütün gənclər qatılacaq və hər bir iştirakçının ideyası və layihəsi qiymətləndiriləcək", - deyə Ş.İsmayılov qeyd edib.

Digər xəbərlər