Gənclər Günü münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, ölkənin elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, ictimaiyyətin nümayəndələri, tələbələr iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev əsası 1997-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan Gənclər Günü haqqında məlumat verib, həm Azərbaycanda, həm də Özbəkistanda gənclərin dövlətin böyük diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlardan, dövlət başçısının gənclərə qayğısından danışıb, son illərdə onların müxtəlif vəzifələrə irəli çəkildiyini vurğulayıb. Hüseyn Quliyev cəmiyyətimizin aparıcı qüvvəsi olan gənc nəslin yüksək səviyyədə, milli dəyərlərə uyğun yetişdirilməsinin dövlətimiz üçün vacib məsələlərdən olduğunu qeyd edib.
Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru Şuxrat Toxtasimov Bakı Xoreoqrafiya Akademiyası ilə əməkdaşlığın yaradılması və birgə layihələr haqqında məlumat verib, bu sahədə kitabların çapı ilə bağlı təşəbbüslərdən söz açıb.
Yunus Rəcəbi adına Özbəkistan Musiqi Sənəti İnstitutunun rektoru Eldor Şermanov Azərbaycanın gənclər siyasətinin təqdirəlayiq və uğurlu olduğunu, Özbəkistanda da bu istiqamətdə dövlət tərəfindən mühüm işlərin həyata keçirildiyini qeyd edib. O, 2024-cü ilin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə ölkədə "Gənclərə və biznesə dəstək ili" elan olunduğunu diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan" rəqs ansamblı və "Navbahor" Özbəkistan Dövlət Rəqs Ansamblının üzvləri, həmçinin Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi Aslanə Əliyeva xalqımızın milli rəqslərini təqdim ediblər. Özbəkistan müğənnisi Dilnoza Əkbərova, azərbaycanlı ifaçılar Vahid Əliyev və Fatimə İsgəndərova Azərbaycan və özbək mahnılarını səsləndiriblər.