Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulacaq.
SİA xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında "Qarabağ" "İmişli"nin qonağı olacaq. Yevlax şəhər stadionunda oynanılacaq görüş saat 16:00-da başlayacaq.
Turnir cədvəlində Ağdam təmsilçisi 13 xalla 3-cü, İmişlinin eyniadlı klubu 4 xalla 9-cudur.
Turun bağlanış oyunu "SOCAR Polymer Arena"da "Şəfa" və "Turan Tovuz" komandaları arasında olacaq. Qarşılaşma saat 18:30-da start götürəcək.
Aktivində 11 xalı olan Tovuz klubu 4-ci sırada yer alıb. Bakı təmsilçisi isə 3 xalla 11-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Kəpəz" "Araz-Naxçıvan"a 2:0, "Sumqayıt" "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəlib, "Neftçi" – "Sabah" (0:0) və "Zirə" – "Şamaxı" (1:1) görüşləri isə heç-heçə ilə yekunlaşıb.