PDF Oxu

İdman

  • 581

Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri

Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri

Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək tarix yazan igidlərimizdən biri də Aprel döyüşlərinin şəhidi Pəncəli Teymurovdur. Ürəklərdə özünə əbədi məkan quran qəhrəman bir an belə unudulmur.
Bu günlərdə Astara Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Güləş Federasiyası, Astara Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun əziz xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə U15 yaş qrupunda Astara rayon açıq turniri keçirilib.
İlk dəfə keçirilən, 3 gün davam edən yarışda 10 komandanın – Astara, Lənkəran, Masallı-1, Masallı-2, Cəlilabad, Biləsuvar, Xızı, Fizuli, Şirvan, Az-Sport (Bakı) 98 idmançısı fəxri yerlər uğrunda mübarizədə öz güclərini sınayıblar.
Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov, İcra Hakimiyyətinin başçısının müavini Firəngiz Sadıxova, Astara Pedaqoji Kollecinin direktoru, professor, şəhid atası Kamran Kazımov, ”Mənim atam qəhrəmandır” layihəsinin rəhbəri, yazıçı Cəlal Qurbanov, Azərbaycan Güləş Federasiyasının baş katibinin müavini Aydan Məmmədhəsənova, Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev, Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun döyüş yoldaşı, qazi Telman Ağayev və qəhrəmanın anası Vahimə Teymurova çıxış ediblər.
Çıxışlar zamanı bildirilib ki, Vətən naminə şərəfli ölümü ilə ölümsüzlüyə qovuşan əfsanəvi qəhrəman 1981-ci ilin 24 martında Astara rayonunun Əzərüd kəndində dünyaya göz aşıb. 17 il Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda orduda
xidmət edib. Astara elinin qeyrətli, mərd oğlu 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Natiqlər xüsusi olaraq qeyd ediblər ki, Pəncəli Teymurovun həyat və döyüş yolu gənclərimiz üçün mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsinin ən gözəl simvoludur. Vətən sevdalısının canından artıq sevdiyi yurdunun azadlığı, xalqının xoşbəxt gələcəyi naminə göstərdiyi qəhrəmanlığına dövlətimiz tərəfindən yüksək qiymət verilib, ölkəmizin gənclərini və idmançılarını belə nümunələrlə tərbiyə etməyə çalışmalıyıq.
Yekunda müxtəlif çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılar Astara Olimpiya İdman Kompleksinin diplomları və medallar ilə təltif olunublar. Məlumat üçün deyim ki, yarışın təşkilində həm də məqsəd perspektivli idmançıları üzə çıxarılmasına dəstək vermək, onların yarış təcrübəsini artırmaq və gənc nəslidə vətənpərvərlik ruhunu gücləndirmək olub.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər