Dünya

  • 822

Ukraynada kişilər tükənir?

image

Rusiya-Ukrayna müharibəsi fonunda 2024-cü ildə Ukraynada ölüm nisbətinin doğum səviyyəsindən üç dəfə çox olması barədə yerli media orqanları yazır. Yeni doğulan hər bir vətəndaşa üç ölüm düşür. Bu barədə ölkənin Ədliyyə Nazirliyinin məlumatlarına istinadən yerli xəbər saytları məlumat verir. Məlumata görə, bu ilin ilk yarısında Ukraynada 87 655 uşaq doğulub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9%, müharibədən əvvəlki dövrlə müqayisədə isə 1.5 dəfə azdır. 2021-ci ildə Ukraynada doğum səviyyəsi 1,16 olub. 2020-ci ildə, koronavirus xəstəliyinin yayılmasından əvvəl ümumi doğuş nisbəti 1,2 idi, müharibə zamanı isə 1-dən aşağı düşüb. Sosial Siyasət Nazirliyinin məlumatına görə hazırda bu rəqəm 0,8-0,9-dur. Bu təbii artım sürətindən (2,1-2,2) çox aşağıdır.

Bildirilir ki, son üç yüz ildə Ukraynada bu qədər az uşaq doğulmayıb. Hətta 1719-cu ildə müasir sərhədlər daxilində əhalinin sayı 5,7 milyon nəfər hesab ediləndə, doğulanların sayı 280 min nəfər idi. Dövlət Statistika Xidmətinin məlumatına görə, sonuncu ÜmumUkrayna Əhalinin Siyahıyaalınması zamanı (5 dekabr 2001-ci il) Ukrayna əhalisi 48,5 milyon nəfər olub. Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Həyat Keyfiyyəti Problemləri İnstitutunun hesablamalarına görə, 2022-ci il yanvarın 1-nə Ukraynanın 1991-ci il sərhədləri daxilində əhalisi 42,0 milyon nəfər, 2023-cü ilin avqustunda 36,3 milyon nəfər təşkil edib.

Mütəxəssislər əhalinin azalmasında aşağı doğum nisbətini, kütləvi miqrasiyanı, vaxtında və keyfiyyətli tibbi yardım ala bilməməsi səbəbindən əhalinin sağlamlığının pisləşməsini, əlilliyi olan şəxslərin, o cümlədən hərtərəfli reabilitasiyaya və dəstəyə ehtiyacı olan uşaq və gənclərin sayının artmasını, xüsusilə kişilər arasında vaxtından əvvəl ölümün yüksək səviyyəsini, Rusiya Federasiyası ilə olan müharibədə çox sayda hərbçilərin və mülki şəxslərin, o cümlədən uşaqların ölümünü səbəb göstərirlər. Nəticədə orta uzunömürlülük 2020-ci ildə olduğu kimi kişilərdə 66,4 yaşdan 57,3 yaşa, qadınlarda isə 76,2 yaşdan 70,9 yaşa qədər azalıb.

Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) direktoru Vladimir Paniottonun sözlərinə görə, 60-cı illərdən dəri demoqrafik keçid yaşanır: “Akademik Sergey Kapitsa dünya əhalisinin sonsuza qədər artmayacağını və nə vaxtsa 10-11 milyard sabitləşəcəyini göstərən riyazi model yaratdı, təbii ki, əhalinin azalması Hindistan və Çin kimi ölkələr üçün daha aktual olardı, lakin Avropa, Ukrayna bu yolla daha fəal gedir”, - deyə sosioloq bildirib.

Paniottonun sözlərinə görə, ölümlə nəticələnən müharibə, şübhəsiz ki, Ukraynanın demoqrafiyasına təsir edib: “Biz araşdırma apardıq və müəyyən etdik ki, 2022-ci ildə insanların yalnız 20%-i onların tanışları arasında öldürülənlərin olub-olmaması ilə bağlı suala müsbət cavab verib, 2023-cü ildə onların sayı respondentlərin 44%-i, 2024-cü ilin mayında isə respondentlərin 80%-i olub , Əhalinin 80 faizinin müharibə zamanı həlak olan dostları var, onların dəqiq sayını təxmin edə bilmərik, bu, yüz minlərlə insandır”.

Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Həyat Keyfiyyəti Problemləri İnstitutunun direktoru Ella Libanovanın sözlərinə görə, əhalinin sayının azalması çoxdan başlayıb və müharibədən sonra sayların azalması da demək olar ki, qaçılmazdır, çünki Ukraynada demoqrafik artım potensialı tükənib. Ona görə də dövlət əhalinin həyat keyfiyyətinin, o cümlədən səhiyyənin, təhsilin, iqtisadi və əmək fəaliyyətinin səviyyəsinin və əhalinin gənc ailələrə kömək etmək qabiliyyətinin yüksəldilməsi üçün qayğı göstərməyə başlamalıdır ki, onların maddi imkanları təmin olunsun və nəsilartırma barədə düşünsünlər.

Paniotto qeyd edir ki, Ukraynada əhalinin azalması yalnız doğum səviyyəsinə görə baş versəydi, bu, belə qlobal problemə çevrilməzdi. Lakin miqrasiya səbəbindən əhalinin sayı azalır: “Bizdə təxminən 8 milyon ukraynalı miqrant var, 6 milyonu vətəndaşlıq almaq üçün AB-yə, bir qismi isə Rusiya Federasiyasına və digər ölkələrə getdi. Yəni 6 milyondan 4 milyonu AB ölkələrinin vətəndaşı olmaq istəyir və geri qayıtmaq fikrində deyillər. Buna görə də biz doğum nisbətinin azalmasına, miqrantların getməsinə, müharibədə həlak olanlara görə daha çox insan itiririk”. .

Əhalinin azalmasının digər səbəbi səfərbərlikdir. On minlərlə gənc, o cümlədən yaşı 25-dən aşağı olan gənclər də cəbhəyə göndərilir. Bununla əlaqədar olaraq, 2024-cü ildə 20-30 yaş arasında olan kişilərin nisbəti ölkə tarixində ən az həddə düşüb. Ukraynanın Səfərbərlik haqqında qanununa əsasən, 25 yaşdan 60 yaşadək vətəndaşlar cəbhəyə çağırıla bilər. Ancaq bu yaşdan aşağı kişilər üçün istisnalar var. Belə ki, ukraynalı hüquqşünas Oleq Leontyevin sözlərinə görə, hərbi xidmətə cəlb olunan şəxs ehtiyatda olan hərbçi siyahısındadırsa, o, daha erkən çağırıla bilər: “Ehtiyatda olanlar, əvvəllər hərbi xidmətdə olmuş, hərbi kafedranı bitirmiş və ya dinc dövrdə hərbi xidmətə yararsız hesab edilən və xüsusi müddət ərzində məhdud şəkildə xidmətə yararlı olan şəxslərdir cəbhəyə aparılır”.

Məlumat üçün qeyd edək ki, bu prosesə təsir etmək üçün avqustun 5-də Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsi dinc dövrdə yararsız hesab edilən və hərbi xidmətə məhdud şəkildə yararlı olan 18-25 yaş arası kişilərin səfərbər edilməsini qadağan edən qanun layihəsini dəstəkləyib. Ali Rada qanunu qəbul etsə, artıq 25 yaşınadək səfərbər edilmiş şəxslər xidməti tərk edə və demoqrafik artıma dəstək ola biləcəklər.

Rusiya mediası isə yazır ki, Ukraynada insanların sayı dünya ölkələrini manipulyasiya məqsədi ilə azaldılır. Orada hər şeyin nə qədər pis olduğunu göstərmək üçün rəqəmlər bilərəkdən aşağı olaraq qiymətləndirilir. Həmçinin rus saytlarının iddialarına görə, Ukrayna Avropada yeganə dövlətdir ki, 23 il ərzində əhalinin siyahıya alınması aparılmayıb. 23 il əvvəlki rəqəmlər 48 milyon 457 min nəfər olaraq qeydə alınıb. Halbuki BMT standartlarına görə siyahıyaalma hər on ildən bir keçirilməlidir. Əhali sayını təyin etmək üçün son həlledici cəhd 2023-cü il üçün "Ze-team" tərəfindən edilib, lakin hərbi vəziyyət səbəbindən ləğv edildi.

Aralarında Ukraynanın keçmiş baş naziri Nikolay Azarovun da olduğu pessimistlər Ukrayna əhalisinin 23 milyon nəfərə düşdüyünü açıqlayıb. Buna əsas kimi Dövlət Miqrasiya Xidmətinin Kiçik və Orta Biznes Assosiasiyasının nümayəndəsi Aleksandr Dzyubanın rəsmi sorğusuna cavabı göstərilib. 15 may 2023-cü il tarixli sənəddə bu rəqəm göstərilib və 18 yaşdan 60 yaşadək kişilərin sayı 7,08 milyon nəfərdir.

Həmin ilin noyabrında Azarov növbəti itkilərini açıqladı. “Ən mühafizəkar hesablamalara görə, rəsmi Kiyevin nəzarətində olan ərazidə 19 milyon insan qalıb. Bu dəhşətli rəqəmdir!” – o, sosial şəbəkədə yazıb. Bununla belə, ilkin olaraq onun hesablamaları yanlış idi, Ukraynanın Dövlət Demoqrafik Reyestrində hər hansı bir sənədi alan insanlar haqqında məlumatlar var. Belə ki, Reyestr 2012-ci ildə yaradılanda əvvəllər pasport almış vətəndaşlar ona daxil edilməyib, bu, yalnız sənədlərini yenilədikdən və ya biometrik məlumatları aldıqdan sonra baş verib. Reyestrdən yeganə reallıq kimi istifadə etsək, 2023-cü ilin beş ayında Ukraynanın əhalisi bir milyondan çox artıb, 25 oktyabr 2023-cü il tarixinə 24,5 milyon insan haqqında məlumatlar artıq Vahid Dövlət Reyestrinə daxil edilib.

Lalə Mehralı

Digər xəbərlər