PDF Oxu

Dünya

  • 1 116

Okeanlar dünyanın xilaskarı olmaqdan yorulur

Okeanlar dünyanın xilaskarı olmaqdan yorulur

İqlim dəyişikliyi planetin ən böyük təbii müdafiə mexanizmlərindən birini – okeanları da təhlükə altına salır. Alimlər xəbərdarlıq edir ki, okeanların atmosferdəki karbon qazını udmaq qabiliyyəti zəifləyir. Bu isə qlobal istiləşmənin daha da sürətlənməsi riskini artırır.

Dünya okeanları uzun illərdir iqlim böhranının təsirlərini müəyyən qədər yumşaldan əsas təbii mexanizmlərdən biri hesab olunur. İnsan fəaliyyəti nəticəsində atmosferə buraxılan karbon qazının əhəmiyyətli hissəsi okeanlar tərəfindən udulur. Bununla yanaşı, istixana qazlarının yaratdığı artıq istiliyin böyük hissəsi də dəniz və okean sularında toplanır. Lakin yeni BMT hesabatı bu təbii müdafiə mexanizminin əvvəlki kimi effektiv işləmədiyini göstərir.

BMT-nin 29 oktyabr 2026-cı ildə yaydığı məlumata görə, okeanlar insan fəaliyyətindən yaranan karbon qazı emissiyalarının təxminən 30 faizini, iqlim dəyişikliyi nəticəsində yaranan artıq istiliyin isə 90 faizini udur. Bununla belə, iqlim dəyişikliyi okeanların karbonu udmaq qabiliyyətini təxminən 6 faiz azaldıb.

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) əməkdaşlığı ilə hazırlanan hesabatda bildirilir ki, okean sularının isinməsi, kimyəvi tərkibinin dəyişməsi, oksigen səviyyəsinin azalması və ekosistemlərin deqradasiyası karbonun udulması və saxlanması proseslərinə mənfi təsir göstərir.

Okeanlar niyə əvvəlki kimi karbon uda bilmir?

Məsələnin əsas səbəblərindən biri dəniz suyunun temperaturunun yüksəlməsidir. Soyuq su karbon qazını isti su ilə müqayisədə daha yaxşı həll edə bilir. Okeanların isinməsi atmosferdən karbonun udulmasını çətinləşdirir. Digər ciddi problem okeanların turşulaşmasıdır. Atmosferdəki karbon qazının su ilə reaksiyası nəticəsində dəniz suyunun kimyəvi tərkibi dəyişir, turşuluq artır və karbonat ionlarının miqdarı azalır. Bu isə mərcan rifləri, molyusklar və bəzi plankton növləri kimi qabıq və skelet formalaşdıran canlılar üçün təhlükə yaradır.

Bundan başqa, okeanlarda oksigenin azalması, su qatlarının qarışmasının dəyişməsi və dəniz ekosistemlərinin pozulması da karbonun uzunmüddətli saxlanmasına təsir göstərir. BMT-nin iqlim üzrə mütəxəssisləri xəbərdarlıq edirlər ki, bu proses gələcəkdə daha da sürətlənə bilər. Okeanların udma qabiliyyəti zəiflədikcə atmosferdə daha çox karbon qazı qalacaq. Nəticədə qlobal temperaturun yüksəlməsi və iqlim hədəflərinə çatmaq çətinləşəcək.

Dənizlərin vəziyyəti yalnız ekoloji problem deyil. Çünki, okeanların karbon udma qabiliyyətinin zəifləməsi təkcə dəniz canlılarının həyatına təsir etmir. Bu proses balıqçılıq, sahilyanı yaşayış məntəqələri, turizm və ərzaq təhlükəsizliyi üçün də risklər yaradır.

Xüsusilə dəniz səviyyəsinin yüksəlməsi, sahil eroziyası və ekstremal hava hadisələri sahilyanı ərazilərdə yaşayan insanların həyatını çətinləşdirə bilər. Dəniz ekosistemlərinin pozulması isə balıq ehtiyatlarının azalmasına və bununla bağlı iqtisadi itkilərə səbəb ola bilər.

Çıxış yolu nədir?

BMT okeanların vəziyyətinin daha dəqiq öyrənilməsi üçün müşahidə sistemlərinə, müasir sensorlara, məlumat bazalarına və elmi modelləşdirməyə investisiyaların artırılmasını vacib sayır. Hesabatda manqrov meşələrinin, dəniz otlaqlarının və sahilyanı bataqlıqların qorunması da xüsusi əhəmiyyət daşıyır. Bu ekosistemlər karbonun udulması ilə yanaşı, sahilləri eroziyadan qoruyur, biomüxtəlifliyi dəstəkləyir və yerli icmaların dolanışığına töhfə verir.

Lakin mütəxəssislər bir məqamı xüsusilə vurğulayırlar: okean əsaslı texnologiyalar atmosferə atılan istixana qazlarının azaldılmasını əvəz edə bilməz. Əsas vəzifə emissiyaların azaldılması, təbii ekosistemlərin qorunması və okeanların elmi əsaslarla idarə edilməsidir.

Beləliklə, okeanların karbon udma qabiliyyətinin zəifləməsi bəşəriyyət üçün ciddi xəbərdarlıqdır. Uzun illər iqlim böhranının təsirlərini yumşaldan bu nəhəng təbii sistem artıq özü müdafiəyə ehtiyac duyur. Sual isə budur: İnsanlıq okeanları qorumaq üçün vaxtında və yetərli addımlar ata biləcəkmi?

Lalə Mehralı

Digər xəbərlər

“Rusiya ilə Avropa arasında müharibə qaçılmazdır”..?
“Rusiya ilə Avropa arasında müharibə qaçılmazdır”..?

Putin xəritələri açır. Kreml müharibənin başa çatması ilə bağlı müzakirələrə yeni girişlər təqdim etməyə başladı...

Zaxarova Maydan hadisələrində ABŞ-ın xəyanətini xatırladıb
Zaxarova Maydan hadisələrində ABŞ-ın xəyanətini xatırladıb

O, ABŞ-ın eks-prezidenti Cozef Baydeni Obamanın tapşırığı ilə “Ukrayna prezidentinin yerində oturaraq” Ukrayna hökumətinin iclasına rəhbərlik etmək üçün Kiyevə necə uçduğunu yada salıb...

Afrika və Braziliya Rusiyanı Çindən sıxışdırır
Afrika və Braziliya Rusiyanı Çindən sıxışdırır

Neft bazarında yeni liderlər meydana çıxdı...

Portnikov: Ukrayna üçün demokratların qələbəsi nə deməkdir
Portnikov: Ukrayna üçün demokratların qələbəsi nə deməkdir

Kiyevi dəstəkləyən qanun layihəsi artıq Nümayəndələr Palatası tərəfindən qəbul edilib...

Gücə güclə cavab verilməlidir..!
Gücə güclə cavab verilməlidir..!

NATO Rusiyanın təcavüzünün qiymətini artırmalıdır...

Silah arabalarında olan babalar...
Silah arabalarında olan babalar...

Kremldə infarkt və insult keçirdiyi barədə şayiələr gəzir...