30 oktyabr 2026-cı il tarixində saat 12:00-da Yeni Azərbaycan Partiyasının (YAP) Xocalı rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqindən irəli gələn vəzifələrin müzakirəsi və qarşıda duran prioritet istiqamətlərin müəyyənləşdirilməsi məqsədilə müşavirə keçirilib.
Müşavirə Xocalı rayon Xanyurdu kənd tam orta ümumtəhsil məktəbində təşkil olunub. Tədbirdə YAP Xocalı rayon təşkilatının Xanyurdu kənd ərazi partiya təşkilatının 20 nəfər partiya fəalı iştirak edərək müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Müşavirədə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev geniş məruzə ilə çıxış edib. O, çıxışında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Partiyanın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqin mühüm siyasi əhəmiyyətindən, ölkəmizin qarşısında duran strateji hədəflərdən və həmin nitqdən irəli gələn vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyindən ətraflı bəhs edib. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən siyasi, iqtisadi və sosial inkişaf proseslərində yaxından iştirak edərək qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına öz töhfəsini verir. Vahid Əliyev, həmçinin partiyanın gələcək fəaliyyət istiqamətləri, ərazi partiya təşkilatlarının qarşısında duran vəzifələr, üzvlərin ictimai-siyasi fəallığının artırılması və təşkilati işlərin daha da təkmilləşdirilməsi məsələlərinə toxunub. O, partiya üzvlərinin üzərlərinə düşən məsuliyyəti dərindən dərk etmələrinin, dövlət siyasətinin mahiyyətinin ictimaiyyət arasında geniş təbliğ olunmasında fəal iştirak etmələrinin vacibliyini vurğulayıb.
Məruzə ətrafında Xanyurdu kənd ərazi partiya təşkilatının sədri İnqilab Baxışov, eləcə də partiya üzvləri Məlahət İsmayılova və Xəyyam Cəfərov çıxış edərək müzakirə olunan məsələlərlə bağlı öz fikir və mülahizələrini bildiriblər. Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətin əhəmiyyətini qeyd edərək Yeni Azərbaycan Partiyasının cəmiyyətin siyasi həyatındakı rolundan və partiya üzvlərinin bu proseslərdə fəal iştirakının vacibliyindən danışıblar. Eyni zamanda, ərazi partiya təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi, partiya üzvləri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi, qarşıya qoyulan tapşırıqların vaxtında və keyfiyyətlə icra olunması istiqamətində görüləcək işlər diqqətə çatdırılıb.
Müşavirə zamanı iştirakçılar tərəfindən müxtəlif təkliflər səsləndirilib, qaldırılan məsələlər ətrafında geniş müzakirələr aparılıb və qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi edilib. Bildirilib ki, bu istiqamətdə işlərin səmərəli təşkili, partiya üzvlərinin təşəbbüskarlığının artırılması və ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da fəallaşdırılması mühüm əhəmiyyət daşıyır.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və müşavirə öz işini başa çatdırıb.