Siyasət

  • 2 853

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın Milli Məclisdə illik məruzəsi dinlənilib

image

Fevralın 13-də Milli Məclisin plenar iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov illik məruzəni təqdim edib.
Bildirilib ki, 2017-ci ildə inzibati nəzarət qaydasında baxılması üçün Ədliyyə Nazirliyinə 62 min 618 bələdiyyə aktı daxil olub. Onlardan 60 min 444 (97 faiz) akt qanunvericiliyə uyğun hesab edilib. Qanunvericiliyin tələblərinə uyğun olmayan 1978 aktın isə dəyişdirilməsi və ya ləğv edilməsi üçün onları qəbul etmiş bələdiyyələrə müraciət olunub. Nazirliyin təkliflərinin əsasında onlardan 740-ı ləğv edilib, 714-ü dəyişdirilib, digərləri isə baxılmaqdadır. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində isə 2170 bələdiyyə aktı ekspertizadan keçirilib, onlardan bir akt qanunsuz olduğu üçün ləğv edilib. Bələdiyyə aktlarının hüquqi ekspertizası nəticəsində 1883 hektar torpaq sahəsinin icarəyə, 576 hektar torpaq sahəsinin istifadəyə, 175 hektar torpaq sahəsinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin mülkiyyətinə verilməsi müəyyən edilib və həmin qərarlar verilmiş təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən ləğv olunub. Bütövlükdə 2636 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb.
Diqqətə çatdırılıb ki, protokollar, eləcə də müraciətlər əsasında araşdırma zamanı ölkə üzrə bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 4378 tövsiyə göndərilib. Hesabat ilində Ədliyyə Nazirliyinə, o cümlədən nazirliyin rəhbərliyinin səyyar qəbullarından və “qaynar xətlər”dən bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olmuş müraciətlərin sayında 2016-cı illə müqayisədə ciddi artım müşahidə edilməyib. 2017-ci ildə 2252 müraciət daxil olub ki, onlardan 1888-nə baxılaraq əsaslandırılmış cavablar verilib, 41 müraciət üzrə inzibati nəzarət icraatı qaydasında araşdırma aparılıb. Daxil olmuş 51 müraciətdə qaldırılan məsələ öz müsbət həllini taparaq təmin edilib.
Nazir müavini diqqətə çatdırıb ki, yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, bələdiyyələrin fəaliyyətində qanunçuluğun gücləndirilməsi sahəsində tədbirlər davam etdirilir.
Deputatlar illik məruzə haqqında fikir və təkliflərini səsləndiriblər.
Sonra müzakirə olunan məsələ səsə qoyularaq qəbul edilib.

yap.org.az

Digər xəbərlər