Sosial

  • 7 875

Azərbaycanın turizm imkanları dünya səviyyəsindədir

image

Azərbaycan iqtisadiyyatının strateji istiqaməti sayılan turizm özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkədə dövlət başçısı tərəfindən bu sahəyə göstərilən diqqət turizmin bazasını möhkəmlədib. Bunun nəticəsidir ki, müasir dövrdə Azərbaycan turizmi dünya turizm məkan ilə açıq rəqabətə hazırdır. Azərbaycanın ən məşhur brend şəbəkəli mehmanxanalarından olan "Four Seasons Hotel Baku", "Hyatt Regency", "JW Marriott Absheron Baku Hotel", "Jumeirah Bilgah Beach Hotel", "Grand Hotel Europe", "Hilton Baku" və digərləri dünyanın ən sayılıb-seçilən hotelləri ilə müqayisədə diqqətçəkəndir.

Son illər ərzində Azərbaycanın dünyada tanıdılması istiqamətində də çox böyük işlər görülüb. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, "Eurovision" Mahnı Müsabiqəsi, Avropa Oyunları, "Formula-1" yarışı və s. bu istiqamətdə həyata keçirilən tədbirlər sırasındadır. Bu və digər təbirlərdən sonra Azərbaycana turist axınında diqqəti çəkən artım müşahidə olunur. Təkcə "Formula-1" yarışların zamanı Bakının gözəlliyi 500 milyon insana təqdim edilib. Bütün bunlar turizmin Azərbaycanda dövlət siyasətinin üstün istiqamətlərindən birinə çevrildiyinə və ölkənin iqtisadi inkişafına böyük perspektivlər açdığına dəlalət edir. Statistikaya diqqət ayırsaq görərik ki, 2016-cı ilin 9 ayı ərzində ölkəmizə gələn xarici turistlərin sayı 1 719 015 nəfərə çatıb. Bununla da keçən ilin müvafiq dövrü ilə müqayisədə 169 430 nəfər (10,9 faiz) çoxdur. Cari ilin 9 ayı ərzində təkcə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana səyahət edənlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 34 dəfə artım müşahidə edilib. Digər tərəfdən, keçən ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində Rusiya Federasiyası (7,6 faiz), Qazaxıstan (17,2 faiz), İran (62,9 faiz) və s. ölkələrdən Azərbaycana gələn turistlərin sayında artım baş verib.

Bununla yanaşı, yay mövsümü ərzində ölkə daxilində istirahət edən turistlərin sayında da artım müşahidə edilib. Belə ki, 2016-cı ilin yay mövsümü ərzində ölkəmizin regionlarında istirahət edən yerli və xarici turistlərin sayı 751 353 nəfər olub, bununla da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,5 faiz artıb.

QIŞ TURİZMİNİN İNKİŞAFINDA YENİ YOLLAR

Ölkəmizdə yay turizmi ilə yanaşı, qış turizm bazasının yaradılması mövsümlük anlayışını aradan qaldırmaqla davamlı turizmə nail olmağa şərait yaradıb. Azərbaycan isti iqlim qurşağında yerləşməsinə baxmayaraq, nadir ölkələrdəndir ki, ən yüksək dünya standartlarına cavab verən nəhəng qış turizm infrastrukturları və kompleksləri yaradır. Turizm sahəsində məqsədli şəkildə həyata keçirilən layihələr qış turizminin inkişafına da yeni yollar açdı. Şahdağ qış-yay turizm kompleksinin yaradılması Azərbaycanın qış turizminin inkişafında uğurlara gətirib çıxarıb. Azərbaycan tarixində ilk dağ-xizək kurortu olan Şahdağ qış-yay turizm kompleksinə daxil olan "Qaya" və "Zirvə" mehmanxanalarının açılışı turistlərin istirahətinə geniş imkanlar açdı. Azərbaycan tarixində ilk dağ-xizək turizm mərkəzi olan Şahdağ Qış-Yay Turizm Kompleksinin də istifadəyə verilməsi turizmin inkişafında mühüm addımdır. Əsrlər boyu Avropa və Yaxın Şərq arasında qapı funksiyasını yerinə yetirən Azərbaycanın şimal-şərq hissəsində Böyük Qafqaz dağlarının kölgəsində görülməmiş gözəlliklər gizlənir. Qədim buzlaqlar, dərin dərələr, heyrətamiz dağ gölləri, bitki və heyvan aləminin ekoloji xəzinəsi buradadır. İl boyu idman və istirahətə çox əlverişli iqlimi olan Şahdağın -20°C soyuq qışı +20°C isti yay axşamları ilə əvəzlənir. Bura, regionun ən böyük xizək kurortunun yerləşdiyi, dünyanın ən böyük milli parklarından biri üçün müqayisə olunmaz bir məkandır.

Qusar rayonu ərazisində dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən kompleksə qış günlərində turist axını daha da artır. Bir neçə gündən sonra qış turizminə start veriləcək.

Yaradılan şərait bir daha təsdiqləyir ki, artıq turistlər ilin bütün fəsillərində Azərbaycana - Qəbələyə, Qusara səfər edə bilərlər. Yay mövsümündə minlərlə qonağı qarşılayan bu məkanlar qışda da turistlər üçün ən gözəl istirahət mərkəzidir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər