Analitika

  • 5 778

İranın “sözdə bir, əməldə başqa” oyunbazlığı: nə istəyirlər? SİYASİ RAKURS+ÖZƏL

image

Yaxud, biz “xub” deyirik, lakin...

Bugünlərdə İranın XİN sözçüsü Naser Kənani Azərbaycanla münasibətlər barədə ağızdolusu bəyanat verib və həmin bəyanatında bildirib ki, ölkəsinin Azərbaycanla əlaqələri müsbət şəkildə qurulur və s. Necə deyərlər, xub! Amma cənab Naser Kənani bu barədə danışarkən çox yəqin ki, təmsil olunduğu ölkəsinin ali dini rəhbərliyindən tutmuş digər dövlət rəsmilərinə, eləcə də parlamentarilərinə qədər Azərbaycana qarşı gah hədə, gah da başqa üsullarla “barmaq silkələmələrini” unudub.Bütün bunlara rəğmən, Kənani deyib ki, bəzi anlaşılmazlıqlara baxmayaraq, isti münasibətlər qalmaqdadır və qonşuluq, sərhədlər, tarix, ümumi maraqlar (iqtisadi və siyasi) səbəbindən hər iki ölkə öz arasında yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə borcludur (?!-R.R.) “Və əgər anlaşılmazlıq varsa, bunlar diplomatik danışıqlar yolu ilə həll olunmalıdır”, deyən iranlı XİN sözçüsü Azərbaycan tərəfindən İranla bağlı müsbət açıqlamaların şahidi olacağına ümid etdiyini bildirib. Bu da olsun xub! Lakin...
Tehran Universitetində separatçı Əlikram Hümbətova həsr edilmiş anım mərasimi (?!)
Lakin iranlı diplomat həmin ifadələrini bəyanat şəklində irəli sürərkən məhz onun ölkəsində açıq-aydın olaraq Azərbaycana qarşı separatçılıq toxumlarına səbəb olan bir şəxsin – artıq o biri dünyada bəd əməllərinə görə cavab verən Əlikram Hümbətovun şəninə anım mərasimi keçirilib!Bəli, yanılmadınız, 90-cı illərdə yenə də İranın xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə qondarma “Talış Muğan Respublikası” elan edən, Azərbaycanın cənub bölgələrində separatçılıq toxumları səpən, həmin cinayət əməlinə görə həbs olunan, sonradan isə azadlığa buraxılaraq sürgün edilən, dəfələrlə (!!!) işğalçı Ermənistanda “konfranslar”, “seminarlar” keçirən, erməni xüsusi xidmət orqanları əməkdaşlıq göstərən, beləliklə, Azərbaycanda bir-biri ilə qardaş olan azsaylı millətlər arasında bölücülük siyasətini yürütməyə cəhdlər göstərən Əlikram Hümbətovun anım mərasimi!Mərasim isə Tehran Universitetində baş tutub. Təkcə bu faktın özü İran hökumətinun Azərbaycan dövlətinə və xalqına qarşı daha bir təxribat xarakterli addıma əl atdığını göstərir. Halbuki bənzər faktlar kifayət qədərdir!Yeri gəlmişkən, illərdir Azərbaycan əleyhinə qatı düşmən mövqeyi sərgiləyən “Bultan News” xəbər agentliyi qeyd edir ki, Əlikram Hümbətovun yaratdığı adıçəkilən qondarma qurum bir neçə ay yaşayıb və sonda “Bakı rejimi” (???!!!-R.R.) tərəfindən ləğv edilib", deyə adıçəkilən separatçı nəşr yazıb.Daha bir xatırlatmanı da edək ki, mərasimdə qondarma “Milli Talış Hərəkatının” informasiya xidmətinin rəhbəri Zabil Məhərrəmov fəxri qonaq qismində çıxış edib. Və bu da son deyil!
Tehranda general Qasım Süleymaniyə həsr olunmuş konfransda “Hüseyniyyun” terror qruplaşmasının başçısı Toğrul İbrahimbəylinin anası çıxış edərək Azərbaycanın dövlət quruluşu əleyhinə fikirlər səsləndirib
Cənab Kənani davamlı olaraq Azərbaycandakı çağdaş və dünyəvi, eləcə də müasir dövlət quruluşunun dəyişdirilərək özlərinə uyğun olan teokratik, mollakrat - öz dilləri ilə desək “kərimə” dövləti qurmaq üçün rəsmi Tehran rejiminin kəşfiyyat orqanları tərəfindən “Qum tələbələri” adı altında hazırlatdığı “Hüseyniyyun” terror təşkilatının fəaliyyəti barəsində nəyə görə danışmır? Bəlkə xəbəriniz yoxdur? Yoxdursa, biz həmin məlumatı əlahəzrət faktlara əsaslanaraq verə bilərik.Belə ki, bir neçə gün əvvəl Tehranda "General Qasım Süleymaninin məktəbinə həsr olunmuş birinci beynəlxalq konfrans" keçirilib. Tədbirin xüsusiyyəti ondan ibarət olub ki, konfransda qatı anti-Azərbaycan mövqeyi ilə tanınan "Hüseyniyyun" terror qruplaşmasının başçısı Tohid İbrahimbəylinin anası Südabə İbrahimbəyli iştirak və çıxış edib, Azərbaycan əleyhinə fikirləri ilə konfrans iştirakçıları tərəfindən alşıqlanıb. Və bütün bunlardan sonra “Azərbaycan tərəfindən İranla bağlı müsbət açıqlamaların şahidi olacağına ümid etdiyini” deyən İranın XİN sözçüsü bu fakt haqqında nə deyə bilər?!
İranın rəsmi İSNA agentliyi Azərbaycanın ərazi bütövlüyünə qarşı informasiyalar yayır!
Bu gün Tehran rejimi yalnız yuxarıda qeyd edilən faktlarla deyil, həm də Azərbaycanın ərazilərinə, faydalı qazıntılarına və s. iqtisadi xarakterli maraqlarına qarşı qıyqacı baxır. Ona görə də növbəti faktı təqdim etməyi zəruri bilirik. Bu gün Laçın yolu üzərində keçirilən ekoloji aksiyanın məqsədi və məramı məlumdur və İran da yaxşı bilir ki, Ermənistan Azərbaycanın ərazilərini işğal altında saxladığı dövrlərdə, məhz iranlı biznesmenlər erməni işğalçıları ilə birgə torpaqlarımızın çapılıb-talanmasında, ekologiyamıza, flora və faunamıza qarşı terrorun törədilməsində, dini və mədəni irsimizin təhqir olunmasında xüsusi canfəşanlıq göstəriblər.Bu gün də həmin baxışlar eynidir və əllərində imkan olardısa yenidən həmin bəd əməllərini həyata keçirərdilər. Misal üçün, İranın rəsmi İSNA agentliyi yazır. SİTAT: “Azərbaycan “Dağlıq Qarabağda” (nədənsə iranlı siyasilər və KİV-ləri Azərbaycanın Qarabağ iqtisadi rayonu adını yazmaqdan çəkinirlər və olmayan bir yerin adını təkrarlayırlar-R.R.) qızıl yataqlarını ələ keçirməyə cəhd edir və ona görə də Laçın yolunu bağlayır” (???!!!-R.R.) Cənab Kənani, diqqət yetirirsinizmi? Rəsmi agentliyiniz Qarabağı Azərbaycanın tərkib hissəsi kimi görmür və bu həyasızlığı informasiya şəklində yayır. Əgər siz Azərbaycanla münasibətlərin yaxşılaşmasına ümid etdiyinizi bəyan edirsinizsə, İSNA agentliyinin yaydığı həmin xəbərin təkzib olunmasını tələb edin, edə bilərsinizmi? Əlbəttə ki, yox! Çünki təmsil etdiyiniz Tehran rejimi buna imkan verməz! Ona görə də yaxşısı budur ki, boş-boş çərənləməkdənsə reallığı dərk edin və bilin ki, artıq Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan dünyaya inteqrasiya etmiş çağdaş, iqtisadi təməllərini möhkəmləndirən, demokratik dəyərləri inkişaf etdirən bir ölkədir və Azərbaycanı bu yoldan heç bir təhdid döndərə bilməz!

Rövşən RƏSULOV
P.S. Hə, unutmuşdum az qala. İran son bir ayda Azərbaycanın ərazilərini təhdid edən, guya Bakı üzərindən Qüdsə gedəcəklərini əks etdirən iki video-çarx hazırlayıb və açıq-aşkar işğalçılıq mövqeyində olduğunu dolayısı ilə etiraf edib. Hər halda, Kənani və onun kimi digər iranlı rəsmilər, millət vəkilləri bu faktı da unutmasınlar və nala-mıxa döyəcləməklə hədlərini aşmasınlar, yoxsa zərəri onların özləri çəkməli olarlar.Bu gün İran adlanan ölkədə ayağa qalxan yüz minlərlə Cənubi Azərbaycan soydaşlarımız öz haqlarını tələb edirlər və onlara qarşı törədilən amansız, qanlı repressiyalar, edamlar, həbslər, işgəncələr əsla kimsənin gözünü qorxutmur. Və əslində o gün də uzaqda deyil, əksinə, çox yaxındadır ki, Cənubi Azərbaycandakı soydaşlarımız Milli Hökumətlərini qurmaqla həqiqəti dünyaya yeni tarix olaraq yazacaqlar və bu yeni tarix həm də tarixlərdən gələn əsl gerçəkliyi isbatlayacaq!

Digər xəbərlər