Analitika

  • 7 261

VoMa terror qruplaşması: azyaşlı erməni uşaqları qatil kimi yetişdirilir! ARAŞDIRMA+FOTOFAKT

image

İKİNCİ YAZI

(Əvvəli ötən nömrədə)

Böyük rus yazıçısı Anton Pavloviç Çexov deyirdi: “Uşaqlar müqəddəs və pakdırlar. Onları şəxsi kefin oyuncağına çevirmək olmaz”

Görünür, bu gün də daxilində aqressiya, işğalçılıq, təcavüzkarlıq, revanşçılıq hisslərinə bağlı insanların olduğu erməni cəmiyyəti əslində bəşəriyyətə zərərli olan bu xəstəlikdən qurtula bilmir. Etiraf edək ki, erməni cəmiyyətində sağlam düşüncəli insanlar da var, lakin belə insanlar təəssüf ki, azdırlar və çoxluq tərəfindən təcrid olunurlar.

Bu gün Ermənistanda “hərbi təlim-tədris mərkəzi” adı altında fəaliyyət göstərən onlarla qruplaşmalar mövcuddur. VoMa, Tiqran Mets (Böyük Tiqran), POGA, Apaqa Zinvor (Gələcəyin əsgəri), ATAN, Feniks və başqaları...

Bu kimi “hərbi-patriotik cəmiyyətlər” həm də ondan xəbər verir ki, Ermənistan 44 günlük İkinci Qarabağ müharibəsində aldığı ağır məğlubiyyətindən sonra belə, hələ də doğru yola addım atmaq fikrində qat-qat uzaqdadır. Ən dəhşətlisi isə budur ki, bu kimi hərbi düşərgələrə məhz azyaşlı uşaqlar cəlb edilməkdədirlər. Onlara elə uşaq vaxtlarından irqçilik, azərbaycanlılara və türklərə qarşı nifrət öyrədilir və paralel olaraq silahlardan istifadə diversiya təlimləri keçirilir. Bəli, bu dəhşətlidir!

Ötən yazımda adıçəkilən qruplaşmaların mahiyyətləri barədə geniş izahatlar verilib. Lakin bu yazıda yuxarıda adları çəkilən qruplaşmaların fəaliyyət mexanizmlərinin dərinlikləri barədə məlumatlar qeyd olunacaq.

Beləliklə, bu düşərgələrin içində ən populyarı VoMa-dır. Bu təxribat-diversiya qruplaşması böyüklərlə yanaşı, uşaqları da təlimlərə cəlb edir və daha bir məqamı da xatırlatmaq yerinə düşərdi – VoMa 44 günlük müharibə zamanı hərbi əməliyyatlarda iştirak etmək üçün xarici ölkələrdən muzdlu döyüşçüləri verbovka edirdi. Hərbiləşdirilmiş VoMa təxribat-diversiya təlim-tədris mərkəzi hələ 2014-cü ildə təsis edilmişdi. Ona rəhbərliyi Vova Vartanov edir. O, bir vaxtlar SSRİ-nin “QRU”sunda və xüsusi təyinatlı dəstədə fəaliyyət göstərib, sonradan isə diversant olaraq döyüşlərə qatılıb. Vartanov bir vaxtlar Ermənistanı İŞİD-lə əməkdaşlıq etməyə çağıran şəxslərdəndir və o, eyni zamanda Hitlerin təcrübəsindən də istifadə etdiyini gizlətmirdi. Hələ Qarabağ separatçıları yeni-yeni üzə çıxmağa başlayarkən Vartanov “özünümüdafiə” adı altında silahlı ekstremist dəstələri yaradaraq 1989-cu ildə fəaliyyətə başlamışdı. Birinci Qarabağ müharibəsi dövründə o hərbi dəstələrin sıralarında yüzlərlə azərbaycanlının tökülən qanlarına baiskar olmuşdu. Həmçinin məlumdur ki, Vartanov Naxçıvanlı kəndində dislokasiya olunaraq 25-26 fevral tarixlərində Xocalı sakinlərinin deportasiyalarında və soyqırımına məruz qoyulmalarında iştirak etmişdi.

Vartanov YouTube vasitəsi ilə yaydığı çoxsaylı videolarında Azərbaycanda yaşayan milli azlıqları hakimiyyətə qarşı silahlı qiyama çağırıb. 44 günlük müharibədən əvvəl o bildirirdi ki, ermənilər yeni əraziləri işğal etməli və Ermənistanın Azərbaycanla sərhədi Kür çayı ilə bölünməlidir.

Vartanov İkinci Qarabağ müharibəsinə qədər bir neçə dəfə Kəlbəcərdə, Laçında xarici ölkələrdən gəlmiş erməniərə diversiya təlimləri keçib. Bu baxımdan, həm 44 günlük müharibədə, həm də 2016-cı ilin Aprel müharibəsində VoMa silahlı qruplaşma olaraq aktiv iştirakçılardan birinə çevrilib.

Azərbaycanın Baş prokurorluğu tərəfindən müəyyən edilib ki, VoMa internet resursları vasitəsi ilə tərkibinə erməni millətindən olan xarici vətəndaşları qatıb. Bu qruplaşmalara hətta PKK üzvləri də daxil olublar. Və bu gün də VoMa Ermənistanda bənzər fəaliyyətini rahatlıqla davam etdirir və əsasən öz gücünü azyaşlı uşaqların cəlb edilməsinə tərəf yönəldir. Faktiki olaraq cinayətkar hesab edilən bu şəxs xüsusilə 10-14 yaşlı uşaqların beyinlərinin yuyulması ilə məşğul olur. Hətta daha kiçik yaşlı uşaqlara azərbaycanlıları və türkləri öldürmək təlimləri keçirilir, onlar poliqonlarda gecə və gündüz səhra xarakterli həyata alışdırılırlar. Bu isə həm də onu sübut edir ki, Ermənistanda olan militarizm günahsız uşaqların həm oyunlarını, həm də gələcəklərini əlindən alır. Nəticədə onların gələcəklərinə bədbəxtlik möhürü vurulur.

Daha bir terror-diversiya mərkəzi Tiqran Mets adlı qruplaşmadır. Bu qruplaşma 2018-ci ildən fəaliyyət göstərir, rəhbəri isə erməni polkovniki Koryun Qumaşyandır. Məsələn, o 2021-ci ilin 6 iyununda Ermənistanın “Noyan Tapan” agentliyinə verdiyi müsahibəsində etiraf etmişdi ki, şəxsən o və qruplaşma üzvləri Kəlbəcər və Laçın rayonlarında 500-600 hektar ərazilərdə minalar basdırıblar.

Növbəti diversant-terrorçu təşkilatının adı POGA-dır. Bu qruplaşma da antitürk terror qrupu olaraq fəaliyyət göstərir. Məlumatlara görə, adıçəkilən terrorçu məktəbi radikal millətçilik əsasında qurulub və erməni diasporunun maliyyəsi hesabına fəaliyyətdədir. Onlar Avropadan və Yaxın Şərqdən silahlıları öz daxillərinə cəlb edir, habelə azyaşlı uşaqları gələcəyin terrorçuları kimi hazırlayır.

POGA 2021-ci ilin 29 mart tarixindən müxtəlif yaş hədli qruplara təlimlər keçir. Kimlər ki, POGA-nın təbliğatını aparırsa, onlara əlavə olaraq 100 dollar məvacib ödənlilir. Bu qruplaşma hətta Moskva-İrəvan aviabiletlərinin ödənilməsini də öz üzərinə götürüb.

Digər terror qruplaşması Apaqa Zinvordur. Bu qruplaşma əsasən yeniyetmələrə və gənc nəslin nümayndələrinə Azərbaycana qarşı düşmənçilik motivasiyasını təbliğ edir. Maraqlıdır ki, bu qruplaşmanın sosial şəbəkədəki müəllifinin profili ABŞ-ın Los-Anceles ştatı olaraq göstərilir. Buradan da aydın olur ki, onun maliyyəsi haradan və necə qaynaqlanır. O cümlədən, ATAN adlı terror hazırlığı mərkəzi də var ki, bu təşkilat öz hədəfləri üçün ən kiçik uşaqlardan istifadə edir. Hələ 2021-ci ildə ABŞ-ın Washington Examiner nəşrində amerikalı jurnalist Nila Hauerin reportajı dərc olunaraq qeyd edilmişdi ki, 2021-ci ilin yanvarında ABŞ hərbi hava qüvvələrinin veteranı, Aram adlı erməni mənşəli hərbçi Ararat (Zəngibasar-R.R.) sərhədyanı qəsəbəsində Feniks - hərbi-hazırlıq məktəbi açmışdı. O, azyaşlı uşaqları bu məktəbə cəlb edərək açıq şəkildə bildirirdi ki, erməni uşaqları Azərbaycana qarşı müharibəyə daim hazır olmalıdırlar. Qeyd edilib ki, Aram aktiv şəkildə Suriya terrorçularının praktikası təlimlərini keçir. O, əslən livanlı-erməni mənşəli olsa da 13 il ABŞ-ın HHQ-də xüsusi təyinatlı zabiti olaraq çalışıb və xüsusilə, İraqda, Əfqanıstanda və Mərkəzi Afrikada keçirilən missiyalarda iştirak edib. Qarabağda müharibə başlayanda isə qanunsuz silahlı dəstə toplayaraq Azərbaycana qarşı döyüşüb. Onun instruktorları arasında digər ölkələrin də hərbi mütəxəssisləri fəaliyyət göstərirlər - livanlılar, fransızlar, rusiyalılar, suriyalılar. Onların hər biri separatçıların cinahında döyüşüblər.

Beləliklə, faktlar göz önündədir və bu gün bənzər diversiya və terror məktəbi olaraq fəaliyyət göstərən belə təşkilatların yalnız regiona deyil, həm də dünyaya hansı təhlükələrin yaratdığını bəri başdan ehtimal edə bilərik. Fakt budur ki, bu quplaşmalar iddia etsələr də ki, onlar sadəcə hərbi hazırlıq kursları keçirirlər, lakin görünən həm də budur ki, onlar bəşəriyyətə qarşı yeni terrorçular yetişdirirlər – erməni azyaşlılarından...

Rövşən RƏSULOV

Digər xəbərlər