Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin oktyabrın 2-də partiyanın VIII Qurultayında dərin məzmunlu, proqram xarakterli çıxışı Azərbaycanın, eyni zamanda, YAP-ın keçdiyi çətin və şərəfli yolun geniş təhlili, növbəti mərhələdə qarşıda dayanan vəzifələrin təqdimatı oldu. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqlarından, həmçinin Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən geniş bəhs edən cənab İlham Əliyev bildirdi ki, Ulu Öndərin hakimiyyətə qayıdışı xalqın tələbi idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni dövr başladı. Azərbaycan 1993-2003-cü illər ərzində faktiki olaraq beynəlxalq təcriddən çıxdı. Çünki o vaxt işğala məruz qalan Azərbaycan olduğu halda ölkəmizə qarşı sanksiyalar tətbiq edilirdi. Məhz AXC-Müsavat hakimiyyətinin yarıtmaz fəaliyyəti, o cümlədən xarici siyasəti nəticəsində. 907-ci maddəyə düzəliş o vaxt qəbul edilmişdi və bu günə qədər tam aradan qaldırılmayıb. Azərbaycan faktiki olaraq dünyada təcavüzkar kimi təqdim olunurdu. Beynəlxalq təcriddən çıxmalı, öz mövqeyimizi bildirməli, haqlı olduğumuzu sübut etməli idik. Buna nə qədər vaxt lazım oldu. Nəhayət, buna nail olduq. Beynəlxalq təşkilatlar biri-birindən sonra Azərbaycanın mövqeyini, yəni reallıqları əks etdirən qərar və qətnamələr qəbul etməyə başlamışdır. Həm BMT-nin Baş Assambleyası, həm İslam Əməkdaşlıq Təşkilatı, həm ATƏT qərar və qətnamələr qəbul etdilər. Yəni bu, beynəlxalq təcriddən çıxış idi. İqtisadi vəziyyəti düzəltmək üçün xarici sərmayə lazım idi. Çünki xəzinə boş idi. Sərmayə olmadan heç bir ölkədə heç bir inkişaf mümkün deyil. Ulu Öndər buna da nail oldu.
1994-cü ilin may ayında atəşkəs elan edildi. Ondan bir neçə ay sonra, sentyabr ayının 20-də “Əsrin kontraktı” imzalandı və böyük investisiya axını gəlməyə başladı. Bütün bu dövr ərzində, eyni zamanda, dövlətçiliyin əsasları qoyuldu. Azərbaycanın ümumi inkişaf strategiyası müəyyən olundu ki, bu gün də bu strategiya yol göstərir. Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır. Təbii ki, illər keçdikcə taktiki və hətta strateji məqsədlər də müəyyən dərəcədə dəyişir, amma ana xətt dəyişməz olaraq qalır. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və öz imkanlarımızdan maksimum istifadə etmə imkanları. Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir.
Dövlətimizin başçısı İlham Əliyevin çıxışından göründüyü kimi, qurultayda partiyanın fəaliyyətinin qiymətləndirilməsindən əlavə, Azərbaycanın yeni reallıqlar şəraitində qarşıya qoyduğu məqsədlər ölkə ictimaiyyətinə çatdırıldı. Hər zaman tarixi paralellər əsasında Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı mərhələlərinin təhlili bir tələb kimi qarşıya qoyulur.
2003-cü ildən Heydər Əliyev siyasətinin cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycana möhtəşəm uğurlar, zəfərlər qazandırır. 2020-ci ildə Vətən müharibəsində qazanılan Qələbə və 2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpa olunması yeni reallıqlar yaratdı. Dövlətimizin başçısı İlham Əliyev YAP-ın VIII qurultayında şanlı Qələbəyə gedən yoldan, həmçinin onun yaratdığı reallıqların qəbulundan bəhs etdi.
Təbii ki, bu gün qarşıda dayanan əsas vəzifələrdən biri əldə edilmiş nəticələrin qorunması, Qarabağın və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi, bu torpaqların malik olduqları iqtisadi potensialdan ölkəmizin hərtərəfli inkişafı üçün səmərəli istifadə etməkdir. Prezident İlham Əliyev çıxışında bildirdi ki, bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək. Hazırda Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Biz bu günə qədər bu bölgələrin inkişafına 28 milyard manat vəsait ayırmışıq. Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib, onların böyük hissəsi başa çatıb. Eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb: “Vəzifələr, əlbəttə ki, mən bəhs etdiyimdən daha da çoxdur. Sadəcə olaraq vaxtınızı çox almaq istəmirəm. Mən bu gün əsas, yəni strateji əhəmiyyət daşıyan istiqamətləri dilə gətirdim, bu fikirləri sizinlə bölüşmək istədim. Əmin olduğumu bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının fəalları, bütün üzvləri bu tarixi vəzifələrin icrasında fəal iştirak edəcəklər”.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri