PDF Oxu

Siyasət

  • 1 338

Yeni mərhələnin siyasi xəritəsi: Azərbaycanın gücü və strateji hədəfləri - MƏQALƏ

image

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı ölkəmizin keçdiyi siyasi inkişaf yoluna nəzər salmaqla yanaşı, postmünaqişə dövründə Azərbaycanın qarşısında dayanan strateji vəzifələri də müəyyən edən mühüm siyasi platforma rolunu oynadı. Dövlət başçımızın vurğuladığı kimi, ərazi bütövlüyünün və suverenliyin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açsa da, bu mərhələ əvvəlki dövrdən fərqli olaraq yeni çağırışlara uyğun daha güclü, çevik və uzaqgörən dövlət siyasətini tələb edir.Prezident İlham Əliyevin çıxışında Azərbaycanın son onilliklər ərzində keçdiyi yol vahid siyasi xəttin nəticəsi kimi təqdim etdi. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının yaradılması yalnız siyasi təşkilatlanma hadisəsi deyil, ölkənin gələcək inkişaf modelinin formalaşmasına təsir edən mühüm tarixi mərhələdir.1992-ci ildə təsis edilən partiyanın siyasi fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi yaratdı.Çıxışın əsas siyasi tezislərindən biri Azərbaycanın artıq yeni geosiyasi reallıqda fəaliyyət göstərməsidir. İkinci Qarabağ müharibəsində qazanılan Zəfər və 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası ölkənin müasir tarixində yeni mərhələnin başlanğıcını qoydu.Azərbaycanın qarşısında uzun illər dayanan əsas strateji məqsəd ərazi bütövlüyünün və suverenliyin təmin olunması reallaşdı. Bununla da ölkəmizin xarici siyasətinin və təhlükəsizlik siyasətinin məzmununda mühüm dəyişiklik baş verdi. Əgər əvvəlki mərhələdə əsas məsələ işğal faktının aradan qaldırılması idisə, hazırkı mərhələdə əldə olunmuş nəticələrin qorunması, regionda davamlı sülhün təmin edilməsi və Azərbaycanın artan geosiyasi imkanlarından istifadə olunması ön plana çıxır.Bu baxımdan, 2020 və 2023-cü illərin hərbi-siyasi nəticələri yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi deyil, regionda güc balansının dəyişməsi və yeni regional əməkdaşlıq imkanlarının formalaşması baxımından da əhəmiyyətlidir.Cənab Prezident Azərbaycanın uğurlarının əsasını təşkil edən amillərdən biri kimi siyasi varislik və dövlətçilik strategiyasının ardıcıllığını xüsusi vurğuladı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun sonrakı dövrdə Prezident İlham Ə\liyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın siyasi sabitliyinin, iqtisadi inkişafının və müdafiə potensialının gücləndirilməsinin əsas şərtlərindəndir.Bu siyasətin əsas komponentləri müstəqilliyin qorunması, dövlətçilik institutlarının möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin təmin olunması, güclü ordu quruculuğu və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi ilə xarakterizə olunur.Beləliklə, Azərbaycanın hərbi Zəfəri yalnız döyüş meydanında əldə edilmiş nəticə kimi deyil, uzunmüddətli dövlət quruculuğu siyasətinin məntiqi nəticəsidir.Cənab Prezidentin çıxışında postmüharibə dövründə ən mühüm istiqamətlərdən biri kimi hərbi və təhlükəsizlik potensialının daha da gücləndirilməsi müəyyən edilir. Münaqişənin başa çatması təhlükəsizlik məsələsinin aktuallığını azaltmır. Əksinə, dünyada geosiyasi qarşıdurmaların, müharibələrin və yeni münaqişə ocaqlarının artması dövlətlərin müdafiə qabiliyyətini milli təhlükəsizliyin əsas komponentlərindən birinə çevirir.Azərbaycanın yerləşdiyi regionun geosiyasi xüsusiyyətləri də bu yanaşmanı şərtləndirən amillər sırasındadır. Cənubi Qafqazın mürəkkəb təhlükəsizlik mühiti, yaxın regionlarda davam edən müharibələr və beynəlxalq hüququn tətbiqi ilə bağlı problemlər Azərbaycanın öz müdafiə imkanlarını daim yüksək səviyyədə saxlamasını zəruri edir.Bu baxımdan, güclü ordu artıq yalnız müharibə aparmaq vasitəsi deyil, həm də sülhün və sabitliyin qorunması mexanizmi kimi çıxış edir. Güc balansının Azərbaycanın lehinə saxlanılması mümkün hərbi təxribatların qarşısının alınması baxımından çəkindirici faktor rolunu oynayır.Çıxışın diqqətçəkən məqamlarından biri də təhlükəsizliyin yalnız hərbi ölçülərlə məhdudlaşdırılmamasıdır. Müasir dövrdə informasiya texnologiyalarının, sosial medianın və süni intellektin sürətli inkişafı ideoloji və informasiya təhlükəsizliyini dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirir.Bu kontekstdə təhsil, informasiya savadlılığı və vətənpərvərlik cəmiyyətin ideoloji dayanıqlığının əsas elementləridir. Xüsusilə gənc nəslin müxtəlif informasiya manipulyasiyalarından qorunması, tarixi faktların düzgün çatdırılması və milli maraqların müdafiəsi yeni mərhələdə mühüm vəzifələr sırasında göstərilir.Yeni Azərbaycan Partiyasının üzvlərinə də bu istiqamətdə fəal rol ayrılır. Burada əsas məqsəd formal və şablon təbliğat mexanizmlərindən uzaqlaşaraq müasir informasiya mühitinin imkanlarına uyğun yeni ideoloji iş modelinin formalaşdırılmasıdır.Çıxışın mühüm hissəsini Azərbaycanın xarici siyasətinin gələcək prioritetləri təşkil etdi. Azərbaycanın müxtəlif güc mərkəzləri ilə münasibətlər qurması və heç bir siyasi blokun qarşıdurma məntiqinə daxil olmaması ölkənin müstəqil xarici siyasət kursunun əsas xüsusiyyətidir.Azərbaycanın həm Qərb dövlətləri, həm Çin, həm də digər beynəlxalq aktorlarla strateji münasibətlər qurması xarici siyasətdə balanslaşdırılmış yanaşmanın göstəricisidir. Bu siyasətin əsas məqsədi hər hansı geosiyasi düşərgəyə bağlanmadan milli maraqların qorunması və ölkənin manevr imkanlarının genişləndirilməsidir.Bu yanaşma Azərbaycanın regional və qlobal məsələlərdə vasitəçi və etibarlı tərəfdaş kimi rolunun artmasına da imkan yaradır. Müxtəlif mövqeləri təmsil edən dövlətlərin Azərbaycanda görüşməsi ölkənin diplomatik çəkisinin yüksəldiyini göstərən amillərdəndir.Eyni zamanda, Azərbaycanın beynəlxalq təşkilatlarda fəallığının artması xarici siyasətin institusional istiqamətini gücləndirir. Mərkəzi Asiya ilə əlaqələrin dərinləşdirilməsi, İslam dünyasında əməkdaşlığın inkişaf etdirilməsi və müxtəlif çoxtərəfli platformalarda fəal iştirak Azərbaycanın regional sərhədlərini aşan siyasi və iqtisadi imkanlarını genişləndirir.Siyasi müstəqilliyin mühüm dayaqlarından biri kimi iqtisadi müstəqillik də xüsusi yer tutur. Azərbaycanın xarici borcunun aşağı səviyyədə olması, valyuta ehtiyatlarının artması və investisiya imkanlarının genişlənməsi iqtisadi dayanıqlığın əsas göstəriciləridir.Xüsusilə enerji siyasəti Azərbaycanın regional və beynəlxalq əhəmiyyətinin mühüm komponentidir. Neft və qazla yanaşı, elektrik enerjisi, neft-kimya məhsulları və digər enerji resurslarının istehsalı və ixracı Azərbaycanın enerji təhlükəsizliyi sistemində rolunu genişləndirir.Enerji amili artıq yalnız iqtisadi gəlir mənbəyi deyil, eyni zamanda geosiyasi təsir vasitəsinə çevrilir. Avropanın və digər regionların enerji təhlükəsizliyinə töhfə verən Azərbaycan özünü etibarlı enerji tərəfdaşı kimi möhkəmləndirir. Bununla yanaşı, nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın regional bağlantı mərkəzinə çevrilməsi prosesini sürətləndirir.Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində artan tranzit imkanları ölkənin geoiqtisadi əhəmiyyətini daha da yüksəldir. Bu istiqamətdə qarşıya qoyulan hədəflər Azərbaycanın yalnız enerji deyil, həm də logistika və tranzit xəritəsində mühüm mövqeyə malik olmasını nəzərdə tutur.Qarabağın və Şərqi Zəngəzurun bərpası isə çıxışda Azərbaycanın qarşısında dayanan əsas strateji vəzifələrdən biri kimi müəyyənləşdirilir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, yaşayış məntəqələrinin yenidən qurulması və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması Zəfərin sosial nəticələrinin təmin olunmasına xidmət edir.Bu prosesin əhəmiyyəti yalnız dağıdılmış ərazilərin bərpası ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gələcək iqtisadi inkişafında, yeni nəqliyyat və enerji layihələrinin reallaşdırılmasında, regional inteqrasiyanın dərinləşdirilməsində mühüm rol oynayacaq.“Böyük Qayıdış” bu mənada hərbi Zəfərin sülh və quruculuq mərhələsinə çevrilməsinin ən mühüm göstəricilərindən biridir.Ümumilikdə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirilən fikirlər Azərbaycanın postmüharibə dövründə qarşısına qoyduğu prioritetləri sistemli şəkildə ortaya qoydu. Ərazi bütövlüyünün və suverenliyin bərpası artıq son məqsəd deyil, yeni inkişaf mərhələsinin başlanğıc nöqtəsidir.Bu mərhələdə Azərbaycanın qarşısında milli təhlükəsizliyin və hərbi potensialın gücləndirilməsi, iqtisadi və maliyyə dayanıqlığının qorunması, müstəqil və fəal xarici siyasətin davam etdirilməsi, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, informasiya və ideoloji təhlükəsizliyin təmin olunması, Qarabağ və Şərqi Zəngəzurun sürətli bərpası kimi əsas strateji istiqamətlər dayanır.Bu istiqamətlərin bir-biri ilə əlaqəli olması Azərbaycanın gələcək dövlət siyasətinin kompleks xarakter daşıdığını göstərir. Güclü ordu siyasi müstəqilliyin, iqtisadi dayanıqlıq xarici siyasətin, enerji və nəqliyyat imkanları isə ölkənin geosiyasi çəkisinin əsas dayaqları kimi çıxış edir.Nəticə etibarilə, Prezident İlham Əliyevin çıxışının əsas siyasi mesajı ondan ibarətdir ki, Azərbaycan artıq öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə başa çatan bir mərhələnin yerini daha mürəkkəb, lakin daha geniş imkanlar açan inkişaf gündəliyi tutur. Qarşıdakı dövr üçün əsas məsələ əldə edilmiş siyasi və hərbi nəticələrin dayanıqlı iqtisadi inkişaf, güclü təhlükəsizlik sistemi, fəal diplomatiya və genişmiqyaslı quruculuq siyasəti ilə möhkəmləndirilməsidir.Bu baxımdan, VIII Qurultayda səsləndirilən tezislər yalnız Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini deyil, daha geniş mənada Azərbaycanın yeni siyasi, iqtisadi və geosiyasi mərhələsinin əsas konturlarını müəyyənləşdirən strateji mesajlardır.
Ziyafət ƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Digər xəbərlər