Vətən müharibəsində qəhrəmanlıq göstərərək tarix yazan minlərlə igidlərdən biri də İqbal Bayramovdur. O, 1977-ci il iyulun 4-də Lənkəranın Hirkan qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını bitirsə də, ömrünü hərbiyə bağlayıb. Mayor rütbəsinə qədər ucalıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Lənkəran şəhərində torpağa tapşırılıb.
İqbal Əhmədağa oğlu Bayramovun anım günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra başçısı aparatının kollektivi eləcə ictimaiyyət nümayəndələri zəfər şəhidinin Hirkan qəsəbəsindəki məzarını ziyarət ediblər. Ehtiram əlaməti olaraq uyduğu məzarı önünə tər çiçəklər düzüblər .
İcra başçısı şəhid ailəsi ilə həmsöhbət olaraq onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb.
Şəhidin ailə üzvləri öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü