"2020-ci il oktyabrın 4-ü Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsinin gedişində Cəbrayıl şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etdi. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm dönüş nöqtələrindən biri idi. Vətən müharibəsinin ilk günündən etibarən Azərbaycan Ordusu bütün cəbhəboyu uğurlu hərbi əməliyyatlar həyata keçirirdi. Oktyabrın 3-də Suqovuşanın, bir gün sonra isə Cəbrayıl şəhərinin azad edilməsi ordumuzun döyüş qabiliyyətini və strateji üstünlüyünü bir daha nümayiş etdirdi".Bu sözləri SİA -ya açıqlamasında deputat Könül Nurullayeva deyib.Onun sözlərinə görə, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə işğalçılardan azad edilmiş birinci şəhər idi”.İşğal illərində Ermənistan tərəfindən burada geniş və dərin müdafiə istehkamları, mühəndis qurğuları və fortifikasiya xətləri yaradılmışdı. Bu müdafiə sədlərinin yarılması Azərbaycan hərbçilərindən böyük peşəkarlıq, cəsarət və qəhrəmanlıq tələb edirdi. Müzəffər Azərbaycan Ordusu qarşıya qoyulan vəzifəni yüksək peşəkarlıqla yerinə yetirdi. Cəbrayılın azad edilməsi sonrakı hərbi əməliyyatlar üçün mühüm imkanlar yaratdı və Xocavənd istiqamətində, o cümlədən strateji əhəmiyyətli Hadrut qəsəbəsinin azad olunması prosesinə ciddi təsir göstərdi:"Əslində bu qələbənin təməli daha əvvəl qoyulmuşdu. Belə ki, 2016-cı ilin Aprel döyüşləri zamanı əldə edilmiş hərbi uğurlar nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təmin edilməsi və burada həyatın yenidən bərpası üçün imkan yarandı. Strateji yüksəkliklərin azad edilməsi sonradan həyata keçirilən əməliyyatlarda mühüm rol oynadı.Cəbrayılın azad edilməsindən sonra isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 16-da rayona səfər etdi. Dövlət başçısının Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması Azərbaycanın dövlətçilik tarixinin və milli iradəsinin parlaq təcəssümünə çevrildi. Xudafərin üzərində dalğalanan üçrəngli bayraq həm də xalqımızın tarixi yaddaşının və milli qürurunun rəmzi oldu.Bu gün Cəbrayıl artıq Zəfər salnaməsinin mühüm səhifəsi, həm də Böyük Qayıdışın real nəticələrinin müşahidə olunduğu rayonlardan biridir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq siyasəti Cəbrayılın simasını sürətlə dəyişir. Yeni yaşayış məntəqələri salınır, sosial infrastruktur yaradılır, yollar və kommunikasiya xətləri qurulur, iqtisadi potensialın hərəkətə gətirilməsi istiqamətində mühüm layihələr reallaşdırılırCəbrayılın strateji mövqeyi onun iqtisadi və logistika əhəmiyyətini də artırır. Rayonda logistika imkanlarının genişləndirilməsi, sənaye və xidmət sahələrinin yaradılması, tikinti materialları istehsalının inkişaf etdirilməsi, eləcə də Xudafərin istiqamətində sərhəd-gömrük infrastrukturunun formalaşdırılması regionun gələcək iqtisadi inkişafına mühüm töhfə verir. Bu layihələr bütövlükdə Şərqi Zəngəzurun iqtisadi potensialının reallaşdırılmasına xidmət edir.Cəbrayıl rayonunda da keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə davam edir. Artıq 1 600-dən çox ailənin, 7 mindən artıq insanın Cəbrayıl rayonunda məskunlaşması bu prosesin miqyasını və sürətini aydın göstərir. İnsanların illər sonra öz doğma torpaqlarına qayıtması Zəfərin ən mühüm mənəvi nəticələrindən biridir.Cəbrayılın bərpası həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi yeni inkişaf modelinin nümunəsidir. Burada müasir yaşayış məntəqələrinin salınması, dayanıqlı infrastrukturun yaradılması, iqtisadi fəallığın artırılması və əhalinin rahat yaşayışının təmin edilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Məqsəd dağıdılmış şəhər və kəndləri yenidən qurmaqla yanaşı, onları müasir, dayanıqlı və yüksək həyat standartlarına malik yaşayış məkanlarına çevirməkdir.
Azərbaycan Ordusunun qəhrəmanlığı ilə azad edilən torpaqlarda dövlət siyasəti, quruculuq və Böyük Qayıdış prosesi yeni reallıq yaradır.Oktyabrın 4-ü Azərbaycan xalqının milli iradəsinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin gücünün rəmzlərindən biridir. Bu gün Cəbrayılın yenidən canlanması, insanların öz ata-baba yurdlarına qayıtması isə həmin Zəfərin zamanla daha böyük tarixi və sosial nəticələrə çevrildiyini göstərir".
Müəllif: Günel Fərzəliyeva