Analitika

  • 1 288

Ermənistanın mina müharibəsi bitəcəkmi?.. - TƏHLİL

image

İşğaldan azad edilmiş torpaqlarımız ermənilər tərəfindən başdan-başa minalanıb. Zəfərdən dərhal sonra minatəmizləmə işlərinə başlansa da, xəritələrin gizlədilməsi qurbanların sayını durmadan artırır.

Vətən müharibəsindən bugünədək 350 nəfər mina partlayışının qurbanı olub, onlardan 65 nəfəri həlak olub, 285 nəfər xəsarət alıb. Ümumilikdə, Azərbaycanda mina qurbanlarının sayı 3429 nəfər təşkil edir. Onlardan 595 nəfəri həyatını itirib. 3429 nəfər zərərçəkənlərdən 357 nəfəri uşaq və gənc, 38 nəfəri qadınlardır.

Müharibədən sonra yeni müharibə

1990-cı illərdə Birinci Vətən Müharibəsində itirdiyimiz torpaqlarımızı 30 il sonra-2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında bitən 44 günlük İkinci Vətən Müharibəsində düşməndən geri alıb Zəfər qazandıq. Müharibə bitdi. Bu dəfə isə xislətsiz ermənilərin azərbaycanlılara qarşı yeni miharibəsi başlandı: mina müharibəsi. Ötən ilin sentyabr ayında Xankəndidə Azərbaycan silahlı qüvvələri tərəfindən aparılan birgünlük local xarakterli antirerror əməliyyatları zamanı isə illərlə bu minaların basdırılmasına xidmət edən terrorçu qruplamalar tamamilə darmadağın edildi. Ermənilər məğlubiyyətlərindən dörd ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də minalanmış ərazilərin xəritələrinin ya olmadığını iddia edir, ya da görəndə ki, bu xəritələri üzə çıxarmaqdan başqa çarələri qalmayıb, saxta xəritələr təqdim edirlər. Lakin hələ də işğaldan azad edilən ərazilərimiz var ki, onların xəritələri barədə ermənilər söhbət belə etmək istəmir.

Nəticə isə budur ki, müharibə bitib, lakin onun bəlaları bitməyib. Qarabağ və Şərqi Zəngəzurda hazırda mina müharibəsi, əslində terroru davam edir. Müharibədən sonra həm ərazilərimizin minalardan təmizlənməsində çalışanlar, həm xidməti vəzifəsini yerinə yetirmək üçün, həm də digər səbəblərdən orada olanlar arasında minaya düşüb zərər çəkənlər yüzlərlədir.

Vətən Müharibəsindən sonra ümumilikdə 350 nəfərin minaya düşməsi ermənilərin azərbaycanlılara qarşı yeni müharibəyə başlamalarını sübut edən ciddi faktdır. Bu, həm də sülh dövründə baş verib. Yəni, faktiki işğal bitsə də, mina qurbanlarının sayı artır. Üstəlik, tapılan minaların 2021-ci ildə Ermənistanda istehsal olunduğu müəyyənləşib. Azərbaycanın işğaldan azad edilmiş rayonları dünyada minalarla ən çox çirklənmiş ərazilər sırasındadır. “Qafqazın Xirosiması” adlandırılan Ağdamda 97 min mina aşkar edilib.

Minalanmış ərazilər: Azərbaycana qarşı terror siyasəti

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) proqnozlarına görə, ölkəmiz tərəfindən aparılan işlərin intensivliyinə baxmayaraq, bəzi rayonların təmizlənməsi on ilə qədər vaxt apara bilər. Minatəmizləmə işləri böyük vaxt və vəsait tələb edir və Azərbaycan işğaldan azad edilmiş əraziləri tez bir zamanda təmizləməyə çalışır.

Birinci Vətən Müharibəsindən İkinci Vətən müharibəsinədək olan 30 illik zaman kəsiyində dünyanın bütün beynəlxalq təşkilatları susdu. Bizim dünya ilə bir olan səsimizi eşitmədilər. Haqq səsimizə səs vermədilər. Torpaqlarımızın işğalı, minlərlə soydaşımızın ev-eşiyindən didərgin düşməsi, insan hüquqlarının vəhşicəsinə pozulması ilə barışdılar. Susdular. Sanki erməni adlı nankor torpaqlarımızı işğal etməkdə, minlərlə azərbaycanlını qətlə yetirməkdə, insanları evlərindən zorla çıxarmaqda, onların mal-mülkünü talan etməkdə, şəhadətə yetən soydaşlarımızın meyitlərinə işgəncə verməkdə haqlı imiş. Əzəli dədə-baba torpaqlarımızda daşı daş üstə qoymamaqda, mədəni-tarixi abidələrimizi dağıtmaqda, məscidlərimizi təhqir etməkdə, sərvətlərimizi talayıb dünya bazarlarına çıxarmaqda sanki haqlı imiş.

Bu məsələdə beynəlxalq ictimaiyyətin köməyi lazımdır. Bəzi ölkələr yardım ediblər. Lakin hələ də susmağa davam edənlər var. 44 günlük Vətən müharibəsində ermənilərin dinc əhalinin yaşadığı əraziləri nəhəng artilleriyalardan atəşə tutmasına, evləri-həyətləri dağıtmasına, insanların ömrünü sonlandırmasına, Gəncəyə atdıqları raketlə neçə-neçə uşağın ölməsinə, valideynlərini itirməsinə, dağıntılara səbəb olmasına susduqları kimi, artıq üç ildən artıqdır, düşmənin minalanmış ərazilərin xəritəsini verməli olduğu halda verməməsinə də susanlar var.

Bütün bunlar isə müharibədən ötən dövr ərzində dəfələrlə insanların minaya düşərək həyatını itirməsinə səbəb olub. Yuxarıda açıqladığımız statistika müharibənin bitməsinə baxmayaraq hələ də vətəndaşlarımızı itirdiyimizin göstəricisidir. Onların minaya düşərək vəfat etməsi və müxtəlif bədən xəsarəti alması ermənilərin Azərbaycana qarşı terror siyasətinin davamıdır. Bütün bunlar isə Ermənistanın minalanmış ərazilərin xəritəsini təcili şəkildə təhvil verməli olduğunun daha bir nümunəsidir. Lakin onlar bunu etmir, dünya da bu qədər insan ölümünə susur, susur...

Xəritələrin təhvil verilməsi beynəlxalq humanitar hüququn tələbidir

Azərbaycanın israrlı çağırışlarından sonra ATƏT-in, ABŞ, Rusiya, Avropa İttifaqı və Gürcüstanın vasitəçiliyi guya ki, minalanmış ərazilərin xəritələri təqdim olunub. Lakin çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, təqdim olunan xəritələrin dəqiqliyi 25 faiz uyğun gəlir. Təbii ki, bu xəritələrə Laçın və Kəlbəcərdən geri çəkilərkən Ermənistan silahlı bölmələrinin həyata keçirdiyi kütləvi minalama daxil deyil.

2021-ci ilin iyun ayının 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi nəticəsində azərbaycanlı jurnalistlərin ölüm xəbərindən təəssüfləndiyini bildirən ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza demişdi: “Azərbaycan hökuməti minaları zərərsizləşdirmək üçün mümkün olan hər şeyi edir. Amma Ermənistanın bu xəritələri təhvil verməsi beynəlxalq humanitar hüququn tələbidir. Buna heç bir bəraət qazandırmaq olmaz. Bu, beynəlxalq humanitar hüququn pozulması deməkdir. Ümid edirəm ki, ATƏT-in Minsk qrupu və həmsədrlər, eləcə də Avropa İttifaqı Ermənistanı həmin xəritələri təhvil verməyə çağıracaq”.

Həmin çağırışdan xeyli vaxt keçsə də, lakin hələ də Minsk qrupu, Avropa İttifaqı bu insan itkilərinə reaksiyasız şəkildə öz fəaliyyətlərini davam etdirirlər. Elə bu səbəbdən də artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk qrupuna ehtiyac yoxdur, biz Minsk qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq, deyən dövlətimizin başçısı fikrini belə tamamlamışdır: “Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”.

Ermənistanın mövqeyi hərbi və mülki şəxslərin həyatı üçün təhlükədir

Cenevrə Konvensiyasına və beynəlxalq protokollara görə tərəflər minalanmış ərazilərin xəritələrini müharibə başa çatdıqdan sonra bir-birinə təqdim etməlidirlər. Ermənistan isə beynəlxalq sənədlərə, dövlətinin rəsmisinin imzaladığı kapitulyasiya aktına zidd olaraq xəritələri hələ də Azərbaycana təqdim etmək fikrində deyil. Hələ üstəlik həyasızcasına bu xəritələrin, ümumiyyətlə, olmadığını da iddia edirlər. Lakin bu, onların növbəti yalanı, məğlubiyyətləri acısından gizlətdikləri, əslində isə var olan xəritələrdir.

Birinci Vətən Müharibəsindən sonra 3429 nəfər mina hadisəsinin qurbanı olub. Zərərçəkənlərdən 357 nəfəri uşaq və gənc, 38 nəfəri qadınlardır. Azad etdiyimiz torpaqların isə təqribən 13 kvadratkilometri minalarla əhatə olunmuşdur. Bu ərazilərdə dəfələrlə bədbəxt hadisələrin baş verməsi minalanmış ərazilərin xəritəsinin olmaması səbəbindəndir. Odur ki, mina qurbanı olan soydaşlarımızın sayı artmaqda davam edir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin üç il öncə Kəlbəcərdə baş verən hadisə ilə bağlı verdikləri birgə məlumatda bildirilirdi ki, bu ərazidəki minalar Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirilib. Məqsəd isə Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır.

Bu da bir daha onu göstərir ki, Ermənistan tərəfi həm hərbi, həm də mülki şəxslərin həyatı və təhlükəsizliyinə ciddi təhlükə yaratmaqda davam edir, beləliklə də bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistanın bu davranışı regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir.

Onu da qeyd edək ki, müharibədən sonra imzalanan bəyanata əsasən düşmənə Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxmaq üçün vaxt veriləndə onlar bu vaxtdan da istifadə edib həmin ərazilərə minalar basdırıblar. İnsanların öz vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Deməli, ermənilər hüquq qarşısında cavab verməli, yüzlərlə insanın həyatını itirməsinin səbəbkarı kimi cinayətə cəlb olunmalıdırlar. Həmçinin də beynəlxalq ictimaiyyət Ermənistanın beynəlxalq öhdəlikləri pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamalıdır. Çünki onların bu hərəkəti tək azərbaycanlılara deyil, dünya ictimaiyyətinə, insan amilinə qarşı törədilən cinayətdir. Bu vəhşilik qarşısında dünyanın hələ də susması isə maraq doğurur. Belə nəticə hasil olur ki, bəzi dairələr regionda sülhün bərqərar olmamasında maraqlıdırlar.

Mətanət Məmmədova

Digər xəbərlər