Analitika

  • 4 174

Tarixi hadisə - ŞƏRH

image

Mayın 19-da Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.1977-ci ilin oktyabrında Sovet İttifaqı ilə İran arasında imzalanan razılaşma əsasında Hidroqovşaqların layihələri hazırlanıb. 1990-cı illərin əvvəllərində Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində hidroqovşaqların tikintisi dayandırılmışdır.

Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi 2020-ci ildə işğaldan azad edildikdən sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib.

Prezident İlham Əliyev mərasimdə çıxış edərək “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsinin tarixi hadisə olduğunu vurğulayıb. Dövlət başçısı bu nəhəng obyektin inşasında iştirak etmiş bütün İran mütəxəssislərinə, fəhlələrinə təşəkkürünü bildirib.

“Bu gün keçirilən mərasim dostluğumuzun növbəti təzahürüdür”-deyən ölkə başçısı İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünyanın gördüyünü vurğulayıb. Prezident əlavə edib ki, əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb.

İran və Azərbaycan prezidentlərinin ilk dəfə olaraq sərhəddə görüşünü əhəmiyyətli hadisə adlandıran Dövlətimizin başçısı bu sərhəddin dostluq, qardaşlıq sərhədi olduğunu söyləyib.

Prezident Ilham Əliyev həmkarı ilə bir çox məsələləri geniş müzakirə etdiklərini və fikirlərinin üst-üstə düşdüyünü bildirib. Ölkə başçısı bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğunun, qardaşlığının önəmli amil olduğunu qeyd edib.

Dövlətimizin başçısı çıxışında İki ölkəni birləşdirən layihələrdən bəhs edib. “Bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb, bu ilin üç ayında da artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq” – deyə Prezident bu istiqamətdə bir çox məqamlara aydınlıq gətirib.

Prezident İlham Əliyev çıxışında Azərbaycan həqiqətlərini, mövcud reallıqları diqqətə çatdırıb, ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətindən, ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsindən, işgaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı bərpa quruculuq işlərindən bəhs edib.

Dövlətimizin başçısı “Biz Azərbaycan olaraq bütün ölkələrlə əlaqələri qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq və qarşılıqlı mənfəət əsasında qururuq və bundan sonra da quracağıq. Əgər kimsə - buradan minlərlə kilometr uzaqlıqda yerləşən ölkələrin rəhbərləri bu bölgədə hər hansı bir nəticə əldə etmək istəyirlərsə, bizimlə danışsınlar. Yersiz və lazımsız müdaxilə bu günə qədər heç bir səmərə verməyib və verməyəcək”- deyərək bir daha ermənipərəst dairələrə ciddi mesaj göndərib, həmçinin Azərbaycanın tam müstəqil siyasət yürütdüyünü nümayiş etdirmiş olub.

Beləliklə, Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi çox böyük əhəmiyyətə malik olması ilə bərabər , eyni zamanda bölgəyə və dünyaya ciddi mesajdır.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər