Analitika

  • 15 154

Azərbaycanda ipəkçiliyin inkişafı diqqət mərkəzindədir

image

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya müəyyən ediləcək

Dünyada cərəyan edən qlobal iqtisadi və maliyyə böhranı, bütün sahələrə olduğu kimi, neftin də qiymətinə mənfi təsirini göstərdi. Bununla da, neft hasilatı ilə məşğul olan ölkələrin gəlirlərində azalmalar müşahidə olunmağa başladı. Təbii ki, bu proses Azərbaycandan da yan keçmədi və ölkəmizin neft satışından əldə etdiyi gəlirlər, demək olar ki, 2 dəfə azalmış oldu. Belə bir vəziyyətdə Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının dayanıqlılığını artırmaq və insanların rifah halının yüksək saxlanılması üçün neftsiz iqtisadiyyat, daha doğrusu, postneft inkişaf strategiyasını irəli sürdü. Bu strategiyada isə, əsasən, kənd təsərrüfatının və qeyri-neft sektorunun inkişafı prioritet kimi irəli sürüldü. Elə sonuncu Nazirlər Kabinetinin iclasında da Prezident İlham Əliyev bu məsələ ilə bağlı ətraflı çıxış etdi və sonrakı addımlar, imzalanmış sərəncamlar və fərmanlar dövlətin sözügedən məsələdə iradəsini ortaya qoydu. Bir neçə gün öncə Prezident İlham Əliyevin ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında Sərəncam imzalaması deyilənlərin əyani sübutu sayıla bilər. Belə ki, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini və barama istehsalı ilə bağlı əhalinin məşğulluğunu artırmaq, marağını gücləndirmək və sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya müəyyən ediləcək. Sərəncama əsasən, Nazirlər Kabineti barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə, növündən asılı olaraq veriləcək subsidiyanın məbləğini və verilmə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq edəcək.

Qeyd edək ki, baramaçılıq olduqca qədim tarixə malik gəlirli məşğulluq növlərindən biridir. Tarixi mənbələrə görə, tut ipəkqurdundan ipəyin alınması hələ eramızdan əvvəl XXVII əsrlərdə məlum olub. Arxeoloji qazıntılar bu sənətin, hətta eramızdan 5 min il əvvəl mövcud olduğunu da deməyə əsas verir. Baramaqurdu əsasında ipəkçilik qədim zamanlardan Çin,Yaponiya, Cənubi Koreya, Hindistan, İran, Türkiyə, Orta Asiya və Cənubi Qafqaz ölkələrində, həmçinin, digər ərazilərdə inkişaf edib. VII əsrdən isə ipəkçilik Azərbaycanda inkişaf etməyə başlayıb. Bunun üçün Azərbaycan ərazisinin səth quruluşu, əlverişli iqlim şəraiti, xüsusən, bol günəş işığı, tarixi əmək vərdişləri, tut ağaclarının yetişdirilməsi üçün əlverişli şərait imkan verirdi. XI-XII əsrlərdə Bərdə, Şamaxı, Gəncə, Şəki və digər şəhərlərdə fəaliyyət göstərən ipək istehsalı müəssisələri kəmiyyət və keyfiyyətlərinə görə bütün dünyada şöhrət qazanıb. XIX əsrdə Rusiyada ipək istehsalı müəssisələri, əsasən, Azərbaycandan alınan barama xammalı hesabına işləyib. Sovet İttifaqı dövründə ölkəmizdə istehsal olunan ipək parça təkrar emal üçün SSRİ-nin 250 ipək parça kombinatlarına göndərilirdi. Lakin əfsuslar olsun ki, müstəqilliyimizin bərpasından sonra, bir çox sahələr kimi, baramaçılıq da tənəzzülə uğrayıb.

Azərbaycanda vaxtilə yüksək gəlir gətirən, 150 min nəfərin çalışdığı baramaçılıq sahəsinin yenidən canlandırılması üçün ciddi addımlar atılmaqdadır. Fəaliyyətini dayandırmış 7 barama toxumu zavodu, 2 damazlıq ipəkçilik stansiyası, 30 barama qurutma məntəqəsi, 80-ə qədər barama tədarükü və ilkin emalı müəssisələri fəaliyyətini yenidən bərpa etmək ərəfəsindədir.

Xatırladaq ki, hələ ötən əsrin 70-80-ci illərində Naxçıvan Muxtar Respublikasında, Dağlıq Qarabağ rayonlarında və Azərbaycanın 31 inzibatı rayonunda hər il orta hesabla 4,3-5 min ton barama istehsal olunurdu. Həmin dövrdə Azərbaycan dünyada barama istehsalına görə 8-ci, SSRİ-də isə Özbəkistandan sonra 2-ci yeri tuturdu. Vaxtilə bəzi zonalarda əhalinin təxminən 85-90 faizi ipəkçiliklə məşğul olub. Azərbaycan ipəyi dəfələrlə sərgilərdə qızıl medala layiq görülüb. Xüsusilə, Ordubad və Şəki ipəyi 5 qızıl medal alıb.

Bir sözlə, bu gün Azərbaycanda, digər sahələrdə olduğu kimi, baramaçılıqda da stimullaşdırıcı tədbirlər həyata keçirilməkdədir. Dövlətin prioritet vəzifələrindən biri odur ki, Azərbaycanın qədim ipəkçilik ənənələri bərpa edilsin, yeni iş yerləri açılsın və insanların gəlirləri dəfələrlə artsın. Təbii ki, bu prosesdə dövlət üzərinə düşən vəzifələri yerinə yetirir və bundan sonra da edəcək. Lakin buna paralel olaraq insanlar da işgüzarlıq potensiallarını artırmalı, daha çox işləməli, evlərinə və dövlət büdcəsinə gəlir gətirməlidirlər. Qarşılıqlı fəaliyyət nəticəsində, həm Azərbaycanımız inkişaf edəcək, həm də insanlarımızın maddi rifah halı dəfələrlə artacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər