Analitika

  • 10 168

Tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa!

image

Vladimir Putin: “Qarabağ Azərbaycandır” və Ermənistan bunu tanımağa məcburdur”

Ermənistan və onun səviyyəsiz, əxlaqsız rəhbəri Paşinyanın həyasızlığı o qədərdir ki... Fransız səyyah qraf de-Şolyenin dediyi kimi: “Belə qanmazlarla nə dil tapmaq, nə də anlatmaq olur. Çünki onların hiyləgərliyi olduqca murdar, riyakarlıqları olduqca dözülməz, əclaflıqları isə təəssüf doğurur”.Yalanın zaman baxımından bir ömrü olsa da, həqiqət əbədidir. Bəli, həqiqət əbədidir. Bu gün Azərbaycan dövlətinin diplomatik «Dəmir yumruq» siyasəti nəticəsində nəticəsində 20 faizdən çox torpaqlarımızı 30 həsarətdə saxlayan, «Böyük Ermənistan» xülyasına, “24 aprel” stereotipinin ağ yalanlarına 44 gün ərzində son qoyuldu, əzə bildi. Bu, Azərbaycanın haqq yolu idi və həqiqət hər zaman yalan üzərində qələbə çalıb. Bu əzm xalq-dövlət birliyinin, inamının qələbəsidir. Bu, Ali Baş Komandanın, Azərbaycan Prezidentinin “Dəmir yumruq” siyasətinin qələbəsinin həqiqətidir. Və bu qələbədə bütün şəhidlərimizin, Xocalı soyqırımı, 31 mart soyqırımı şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının dediyi kimi: "Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir, Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız". Bax, budur həqiqət!

Beləliklə, bir daha bütün dünya Azərbaycanın illər boyu haqq yolunda olduğunun şahidi oldu. Çünki haqqın tapdandığını görüb, onu müdafiə etməmək xəyanətdir, deyib ulu babalarımız. Bu gün Azərbaycan dövləti məhz bu haqq yolunda qürurla, inamla, vüsətlə, şərəflə və ləyaqətlə addımlayır. Əlbəttə ki, bu addımların altında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı bu günədək törədilən soyqırımı, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü siyasəti əzilib, əziləcək.Azərbaycan dövləti isə, ölkə rəhbərliyi məhz hücum siyasəti nəticəsində qələbələrini qazanır, bundan sonra da qazanacaq, öz doğma xalqı, milləti ilə bir yerdə həmişə olacaq!

Onlar masada itirdiklərimizi, atəşkəsi pozmaqla, bizə "qaytardılar”

Qaytardılar, atəşsiz, itkisiz, bir güllə belə atılmadan. 10 noyabr Bəyanatına Paşinyan «hansı tində» qol çəkdi, bilinmədi, ancaq qol çəkdi, Ermənistan kapituliasiya oldu. Bu, belə də olmalı idi. Ali Baş Komandanın da təbirincə desək, “sahədə qələbə bizimdirsə, masada da bizim olmalı idi”. Bir sözlə, Ali Baş Komandanımız və qüdrətli ordumuz 44 günlük qələbə Zəfəri ilə dünyaya bir daha yalanın qısa ömürlü, həqiqətin əbədi olduğunu göstərə bildi. Tarixi həqiqətin və milli qətiyyətin İlhamından doğan zəfər düynaya: Qələbə və Qarabağ Azərbaycanındır, deyə məğrurcasına hayqırır!

Ali Baş Komandan İlham Əliyev: “Mən deyən oldu. Bax, bu gün mən deyən oldu”

Ali Baş Komandanımızın dediyi kimi: “Yaxşı, biz indi öz gücümüzə güvənərək bu torpaqları şəhid verə-verə, qan tökə-tökə azad edirik, bizə “dayanın” deyirsən, ona de ki, çıx. Demir. Bizə deyir dayan. Dedim dayanmayacağam mən. Heç kim məni dayandıra bilməz və dedim tələb edirəm səndən Paşinyan, şəxsən özün, sənin xarici işlər nazirin, nə bilim o biri, bu biri yox, şəxsən özün öhdəlik götürməlisən, tarix verməlisən nə vaxt rədd olursan bizim torpaqlarımızdan. Bax bu bəyanatda o öhdəlik var. Məcbur edirik onu, məcbur etdik, zorla məcbur etdik, başına vura-vura məcbur etdik, bütün bəd əməllərinə görə, o donuzları bizim məscidlərimizdə saxladığına görə. Bizim məscidlərimizdə donuz saxlayan özü donuzdur. İndi bu sənəddə öhdəlik var. Dekabrın 1-nə qədər rədd olacaq qalan işğal edilmiş torpaqlardan. Ona görə məsələnin hərbi yolu var. Amma mən deyirdim, istəyirəm ki, bu hərbi mərhələ də dayansın, keçək siyasi mərhələyə. Nə oldu? Mən deyən oldu. Bax, bu gün mən deyən oldu. Hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məğlubiyyətin etirafıdır. Bu, hərbi kapitulyasiyadır. Prinsip etibarilə mən tələb edə bilərdim ki, gəlsin otursun orada, aşağıda, bax orada imzalasın onu. Amma mən belə adam deyiləm. Mən nə üçün kimisə alçaldım. O onsuz da özünü alçaldıb. Bu rəzil duruma özü-özünü salıb. Gərək orada qarnını qabağa verib, sərxoş vəziyyətdə Cıdır düzündə rəqs edəndə bu günü fikirləşərdi ki, gün gələcək hesabını verəcəksən, verirsən. Bax belə. Heç kim bizimlə zarafat edə bilməz. Heç kim Azərbaycan xalqının səbri ilə oynaya bilməz. Heç kim bizi təhqir edə bilməz. Edərsən, dərsini alarsan. Necə ki, dərsini vermişik”.

Paşinyan tarixə yeni erməni dövləti yaradan şəxsiyyətsiz biri kimi düşdü

Belə bir deyim var: “Tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa!”. N.Paşinyan isə tarixə «yeni erməni dövləti yaradan» şəxs kimi düşmək istəyirdi, ancaq ermənilərə ən dəhşətli fəlakətləri yaşadan şəxsiyyətsiz birisi kimi düşdü. O, nadanlığı ucbatından yeni Azərbaycan ərazilərini işğal edərək Dağlıq Qarabağın müstəqilliyini təmin etməyin mümkün olacağına inanırdı, yaxud, inandırılmışdı.

İlk cəhd 2020-ci ilin iyulunda Tovuz istiqamətində oldu. Alınmadı. Azərbaycan rəhbərliyi məqsədyönlü şəkildə silahlı qüvvələrimizin bütün potensialını ortaya qoymadı və Ermənistan ordusuna yüngülvari “qulaqburması” verməklə kifayətləndi. Nadanlığı və avantüristliyi üzündən özünü qalib sayan və növbəti təxribatla məqsədinə nail olacağını düşünən N.Paşinyan erməni ordusuna sentyabrın 27-də Azərbaycan ərazisinə hücum əmrini verdi. Qısa müddətdən sonra anladı ki, bu, əslində, hücum əmri deyil, onun siyasətçi və insan kimi ölümünə gətirib çıxaracaq “intihar fərmanı”dır. Qısamüddətli müstəqillik tarixinin ən ağır məğlubiyyətini yaşayan Ermənistanın baş naziri N.Paşinyan hakimiyyəti nəyin bahasına olursa-olsun saxlamaq üçün uzun müddət erməniləri qırğına verməkdə davam etdi. Ancaq Azərbaycan ordusu onu yerində otuzdurdu. Yenə də V.Putin 2 il əvvəl Rusiya prezidentinə qarşı nümayiş etdirdiyi saymazyana davranışın unudulduğunu sayan Paşinyan hər fürsətdə maksimum yararlanmağa çalışdı.

Prezident İlham Əliyev: “Ağıllarını başlarına yığmasalar, onların sonu çox acınacaqlı olacaq”

"Baş nazir bəyan edirdi ki, Azərbaycana bircə qarış da torpaq verməyəcəklər. Onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritələrini dərc edib, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan yeddi rayonun hamısını da oraya daxil ediblər. Onlar bizim bütün şəhərlərimizin, kəndlərimizin adlarını dəyişiblər. Bizim döyüş meydanında gördüklərimiz, sadəcə, onların 30 il ərzində qurduqları müdafiə xəttini yarıb keçmək deyildi. Biz gördük ki, onlar bu əraziləri verməyə hazırlaşmırdılar. Ona görə ki, orada o qədər iş görülmüşdü, mühəndis kommunikasiyalarına, möhkəmlədici qurğulara o qədər sərmayə qoyulmuşdu ki, bu, onların həmin torpaqlardan çıxıb getməyə hazırlaşmadıqlarını göstərirdi. Münaqişənin qaynar fazası başa çatdıqdan sonra biz onların orada nələr tikdiyi barədə tam informasiya təqdim edəcəyik. Buna görə bir daha demək istəyirəm ki, indi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir. Bu insan, sadəcə, təsadüfən hakimiyyətə gəlməyib, o, həm Azərbaycan xalqına, həm də erməni xalqına həddən artıq iztirab və qəm-qüssə gətirib. O, Sorosun əlaltısıdır. Bu insan əvvəllər həmişə Ermənistanın Rusiya ilə əməkdaşlığının əleyhinə çıxış edirdi”.

Rusiya Prezidenti Vladimir Putin vurğulayıb ki, Qarabağ məsələsində Türkiyənin mövqeyi bu ölkənin Azərbaycanın haqq işini müdafiə etməsinə əsaslanır. V.Putin deyib: “1990-cı illərdə hərbi toqquşmaların gedişində işğal edilmiş ərazilərin qaytarılmasından söhbət gedirdi. Dağlıq Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Dağlıq Qarabağın müstəqilliyini Ermənistan özü də tanımayıb və bu mənada Dağlıq Qarabağ özü də beynəlxalq hüquq baxımından Azərbaycandır”. Rusiya Prezidentinin sözlərinə görə, üçtərəfli bəyanat çərçivəsində döyüş əməliyyatlarının dayandırılması barədə razılıq əldə edilib və tərəflər üçtərəfli bəyanatın imzalandığı anda olduqları mövqelərdə dayanmalıdırlar. Bununla əlaqədar infrastrukturla bağlı texniki məsələlər yaranır. V.Putin vurğulayıb: “Bu məsələləri sakit şəraitdə, danışıqlar prosesinin gedişində aydınlaşdırmaq lazımdır. Ona görə ki, üçtərəfli bəyanat buna əsas verir. Növbəti mərhələdə regionda münasibətlər tam normallaşdırılmalı, iqtisadi və infrastruktur potensialı üzə çıxarılmalıdır. Bu, avtomobil yollarına və dəmir yollarına, Naxçıvana yola da aiddir. Atəşkəs rejiminin pozulması məsələsinə gəldikdə, belə hadisə bir dəfə olub və ümidvaram ki, bu, yeganə hal kimi qalacaq”. V.Putinin sözlərinə görə, Dağlıq Qarabağda rusiyalı sülhməramlılar kontingentinin sayının artırılması yalnız bütün tərəflər arasında razılaşma əsasında mümkündür.

Prezident İlham Əliyev: "Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur"

“Mən bir daha demək istəyirəm, müharibədən sonra bunu dəfələrlə demişəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır”.

Prezident bəyan edib ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur: “Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir. Hər halda müharibədən sonra keçən dövr ərzində bunu göstərdik. Birincisi, əgər kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm. Noyabrın 10-da faktiki olaraq - de-fakto münaqişənin həlli ilə bağlı sənəd imzalandı. Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur - atəşkəs, vəssalam. Burada bir çox maddələr var. Bir çox məsələləri əhatə edən maddələr var, o cümlədən kommunikasiyaların açılması. Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər Münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər”.

Bəli, hələ də erməni xalqı anlamır ki, Ter-Petrosyan hakimiyyətindən tutmuş indiki küçə “demokratı” başıpozuq, xəstə təfəkkürlü Nikol Paşinyana kimi savadsızların uğursuz hakimiyyət “siyasətinin” əziyyətini elə sadə erməni xalqı çəkir və çəkəcək də. Yuxarıda qeyd etdiytimiz kimi, işğalçı və quduzlaşmış Paşinyan bu günə kimi hansı qələtləri etməyib? “Qarabağ Ermənistanındır, vəssalam!” böyük qələtini edərkən, Azərbaycan Prezidentinin cavabı - NİDA! olmalı idi. Ən əsas məqam isə, Nikol bu cavabı nəinki öz ölkəsində, hətta bütün dünya siyasətçiləri, prezidentləri səviyyəsi qarşısında almaqla yanaşı, həm də dünyadakı erməni havadarlarına da bir «düz yola gəlin» mesajı idi və bununla Azərbaycan dövlət başçısı bu məsələni dəfələrlə təkrar çatdırıb: «Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi bütün tərəflər üçün qəbulediləndir”.

Bir sözlə, Paşinyan ən optimal variantı tapa bilməsə, Ermənistan məhv olacaq. Artıq bu faktın gerçəkliyi göz önündədir... Vladimir Putinin dediyi kimi: “Qarabağ Azərbaycandır" və Ermənistan bunu tanımağa məcburdur”.

R.HÜSEYNOVA

Digər xəbərlər