Analitika

  • 1 405

Milli sərvətimiz olan dini abidələrimiz və məscidlərimiz yenidən qurulur - TƏHLİL

image

Prezident İlham Əliyev: “Azərbaycan dövləti Azərbaycan vətəndaşının yanındadır, onun arxasındadır və ağır vəziyyətə düşən vətəndaş hər zaman bilməlidir ki, dövlət ona kömək edəcək”

Ötən 18 il ərzində Prezident İlham Əliyev atdığı bütün addımları ilə hər bir azərbaycanlının Prezidenti olduğunu isbatlayır. Azərbaycanın maraqları çərçivəsində, Prezident İlham Əliyevin şərtləri əsasında 44 günlük müharibənin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə nöqtə qoyuldu və 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Və bu gün Zəfər Gününün ildönümü ərəfəsindəyik. Belə bir böyük bayram ərəfəsi Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxı və İsmayıllı rayonlarında səfərdə olublar.
Dövlət vətəndaşının yanında olanda
Bədbəxt hadisələr, müharibə zamanı çətin vəziyyətə düşmüş vətəndaşların yanında olan, onlara kömək edən, problemlərini həll edən Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir. Ölkə başçısı daim vətəndaşlarla ünsiyyətdədir, Cənubdan Şimala, Qərbdən Şərqə bütün rayonlarımızda dəfələrlə səfərdə olur, insanların güzəranı ilə maraqlanır, problemlərinin həlli ilə bağlı yerində tapşırıqlar verir. Lənkəranda bina çökəndə, Aranda Kür daşanda, Zaqatalada, Şamaxıda, Ağsuda zəlzələ olanda xalq öz Prezidentini onunla çiyin-çiyinə dayanmış gördü, əlini kürəyində hiss etdi. İstər 2016-cı ilin aprel döyüşlərində, Ermənistanın Tovuz təxribatında, 44 günlük müharibə dövründə erməni terroru ilə əlaqədar proseslərdə də Prezident İlham Əliyev erməni terroru, xain hücumları baş verən gündən bütün məsələləri nəzarətinə götürdü, dövlət dəstəyinin təmin edilməsi üçün müvafiq komissiyalar yaratdı. Formalaşdırılmış 11 işçi qrupu erməni vandalizmi nəticəsində mülki əhaliyə, dövlət əmlakına dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq addımlar atdı. İlkin qiymətləndirmələr başa çatdıqdan dərhal sonra Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə problemin aradan qaldırılması üçün tədbirlər görüldü. Bütün bunlar bir daha göstərir ki, dövlət hər zaman vətəndaşın yanındadır.Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Şamaxı və İsmayıllı rayonlarında səfərdə olması bölgədə baş verən zəlzələdən sonra təbii fəlakətin törətdiyi fəsadlardan sonra görülən işlərlə tanış olması vətəndaşlarla görüşləri, söhbətləri, müvafiq qurumların rəhbərlərinə verdiyi tapşırıqlar bir daha göstərdi ki, Cənab İlham Əliyev xalqa əsl xidmət nümunəsi göstərərək, insanların daim yanındadır, onların problemlərinə, qayğılarına həssas münasibət bəsləyir.
Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurmadan sonra açılışı olub
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurma işlərindən sonra açılışını edib. Qeyd olunub ki, Şamaxı rayonunda Pirsaat çayının sahilində yerləşən Pirsaat Baba ziyarətgahı əhalinin ən çox ziyarət etdiyi müqəddəs ocaqlardan biridir. 2019-cu ildə Şamaxıda baş verən zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2020-ci ildə burada bərpa-yenidənqurma işlərinə və yeni məscid binasının inşasına başlanıldı. Elə həmin il mayın 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ziyarətgahın yenidən qurulması çərçivəsində görülən işlərlə tanış oldular. Mütəxəssislərin iştirakı ilə həyata keçirilən işlər nəticəsində tarixi abidə və müqəddəs ziyarətgah-məscid kompleksi qısa müddətdə yenidən quruldu. Məsciddə ibadət zalı ilə yanaşı, mərasim zalları da inşa olunub.Qeyd edək ki, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində dini ziyarətgahlarımız və dini məbədlərimiz yenidən qurulur. Bu sahəyə Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz töhfəsini verir, istər ölkəmizdə, istərsə də xaricdə dini abidələrin bərpası üzrə layihələr reallaşdırır. Bunlardan biri də Şamaxı şəhərinin girəcəyində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən Pirsaat Baba ziyarətgahıdır.
Onu da deyək ki, müxtəlif zamanlarda dağıntıya məruz qalmış orta əsrlərə aid bu ziyarətgah 1918-ci ildə Hacı Cəfərqulu adlı xeyirxah şəxs tərəfindən türbə şəklinə salınıb. Ziyarətgah sovetlər dövründə dağıdılsa da, müstəqilliyimizin bərpasından sonra 1993-cü ildə yenidən inşa edilib, lakin zəlzələ nəticəsində dini ocağa zərər dəymişdi. Ötən ildən başlayaraq həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri nəticəsində artıq dini ibadətgah yenidən əhalinin ixtiyarına verilir.Həmçinin, Prezident və birinci xanım Şamaxı Gənclər Parkında görülmüş işlərlə tanış olublar. Gənclər Parkı Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər İli” elan edilməsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə yaradılıb. Qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən gənclərin idmana olan marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği məqsədilə regionlarda müxtəlif layihələr həyata keçirilir. Bu layihələr çərçivəsində Şamaxı şəhərindəki park da yenidən qurulub, yaşıllıq və gəzinti sahələri yaradılıb, sakinlərin və qonaqların istirahəti üçün infrastruktur qurulub. Açıq havada idmanla məşğul olmaq üçün müxtəlif idman qurğuları quraşdırılıb.
Şamaxıda baş verən zəlzələdən sonra 4 minə yaxın ev yenilənib
Şamaxıda baş verən zəlzələdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə təmir, bərpa və tikinti işləri tam olaraq dövlət vəsaiti hesabına həyata keçirilir. Şamaxıda 4 minə yaxın ev yenilənib və hələ bu layihə davam edir. Məhz dövlət başçısının hər bir sahədə öz vətəndaşının yanıda olması bir daha hər bir vətəndaşın Prezidenti olduğunu göstərir. Məhz bu qayğının göstəricisidir ki, son illərdə Şamaxıda təhsil sahəsində də xeyli iş görülüb, rayonda 70 məktəbdən 49-u yenilənib.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıda səfər çərçivəsində Uşaq və Ailələrə Dəstək mərkəzinin, Basqal-Sulut avtomobil yolunun açılışında, 6 saylı tam orta məktəbin yeni binasının istifadəyə verilməsi, Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olublar.Qeyd edək ki, 2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdə olarkən sakinlər Bədöyün məscidinin təmiri ilə bağlı müraciət etmişdilər. Birinci vitse-prezident məsciddəki vəziyyətlə tanış olmuş və burada əsaslı təmir işlərinin aparılması barədə tapşırıq vermişdi. Ötən müddət ərzində 1791-ci ildə inşa edilən Bədöyün məscidində və ətraf ərazilərdə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa-təmir işləri aparılıb. Görülən işlər nəticəsində məscid orijinal formasına uyğun bərpa edilib. Məscidin minarəsi yenidən qurulub, dəstəmazxana inşa olunub. Məscidin qadınlar üçün nəzərdə tutulan hücrə və şəbəkələri əvvəlki görünüşünə qaytarılıb.Məlumat üçün bildirək ki, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəni və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihələr çərçivəsində bölgələrdəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir.Bir sözlə, görülən işlər Azərbaycan dövlətinin Azərbaycan vətəndaşının yanında, onun arxasında olduğunun göstəricisidir. Dövlət başçımızın dediyi kimi: “Və bu gün ağır vəziyyətə düşən vətəndaş hər zaman bilməlidir ki, dövlət ona kömək edəcək”.Beləliklə, Prezident İlham Əliyevin zəlzələnin baş verdiyi Şamaxı rayonuna səfəri dövlət başçısının bir daha hər zaman xalqın yanında olduğunu göstərdi. Bütün bu faktlar Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaşların mənafeyi dayanır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər