Analitika

  • 2 704

Azərbaycanın istiqlal yolunun ilk zirvəsi TƏHLİL

image

Tariximizdə yer alan 20 Yanvar faciəsindən 32 il keçsə də, baş verənlər unudulmur və qan yaddaşımıza əbədi köçüb. Həm kədər, həm də qürur doğuran səhifəmizə çevrilən və Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olan 1990-cı il 20 Yanvar hadisəsi XX əsrdə xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Bu tarix Azərbaycan tarixinə silinməyən səhifələr yazdı, xalqın milli azadlığı, müstəqilliyi üçün yollar açdı. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə nahaq qanlar tökülsə də, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. 70 il imperiya dövründə yaşayan Azərbaycan xalqına qarşı keçmiş sovet dövlətinin hərb maşınının həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qiymətini almış oldu. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli tarixdir.Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində günahsız insanların qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Həmin dövrün tarixinə nəzər salsaq görərik ki, 1990-cı ilin yanvar ayında M.Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin gərginləşməsini və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif əsassız məlumatlar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu, tamamilə saxta bir tezis idi. 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın "Alfa" qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu.

İNSAN HÜQUQLARINA ƏSASLANAN BEYNƏLXALQ MÜQAVİLƏLƏRİN KOBUDCASINA POZULDUĞU GÜN
Plan üzrə hər şey əvvəlcədən hazırlanmışdır. Ssenari üzrə baş tutan əməliyyatlar Bakını qan dənizinə çevirmişdir. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt isə öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüşdü ki, onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. 744 adam ağır xəsarət almış, 4 şəxs itkin düşmüş, 400 nəfər isə həbs edilmişdi. Sovet qoşunları fövqəladə vəziyyət elan olunmayan rayonlara - yanvarın 25-də Neftçalaya, bir gün sonra isə Lənkərana yeridilmiş, nəticədə hər iki rayonda dinc insanlar qətlə yetirilmişlər. Beləliklə, sovet qoşunlarının Bakıya və Azərbaycanın digər rayonlarına hərbi müdaxiləsi nəticəsində öldürülən insanların sayı rəsmi olaraq 147-yə çatmışdı. Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür. Baş verən hadisələr 1948-ci ilin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 1966-cı ilin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Aktı, 1966-cı ilin İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Aktı və 1975-ci ilin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Helsinki Yekun Aktı, ATƏM-in 1989-cu il Vyana görüşünün son qərarı, hərbi əməliyyatların aparılmasını tənzimləyən qüvvədə olan müqavilələr, əsasən də 1980-ci ilin döyüş zamanı yüngül fırlanan və yayılan güllələrin istifadə edilməməsi Bəyannaməsi də buraya daxil olmaqla qüvvədə olan bütün insan hüquqlarına əsaslanan beynəlxalq müqavilələr kobudcasına pozulmuşdur.
Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Artıq sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılanmışdır. M.Qorbaçovun atdığı bu addımı kəskin tənqid etmişlər.
MİLLİ MƏFKURƏMİZİN AZADLIQ İSTƏYİNİN OYANIŞ GÜNÜ
Müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Azərbaycan tarixində qanla yazılmış bir səhifə olsa da, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Xalq o günlərdə böyük bir həqiqəti - həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş gündə Ulu Öndər Heydər Əliyev xalqının səsinə hər kəsdən əvvəl səs verdi. Ümummilli Lider Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ailəsi ilə birlikdə ölkəmizin Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Ulu Öndər Heydər Əliyev bununla, hər şeydən əvvəl, Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqeyini nümayiş etdirdi.
Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra, 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli Fərmanında deyilir: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırırdı. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir". Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
"BU TƏCAVÜZ XALQIMIZI MƏNƏVİ CƏHƏTDƏN ÇOX SARSITSA DA, İTKİLƏRƏ MƏRUZ QOYSA DA, ONUN MƏNLİYİNİ TAPDALAYA BİLMƏDİ…"
Xalqın azadlığını, şərəf və ləyaqətini uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldı. Azərbaycan xalqının sınağa çəkildiyi, qəhrəman oğulların əbədi yaşamaq naminə ölümə qənşər gedərək şəhid olduqları o müdhiş gecə - 20 Yanvar xalqımızın qan yaddaşına çevrildi. Şəhidlərimiz 20 Yanvarı xalqımızın müstəqillik, istiqlal və hürriyyət uğrunda apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk etdilər. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, "Bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı". Tariximizin bu səhifəsi imperiya güllələrinin səsindən açıldı və şəhidlərimizin qanı ilə əbədi olaraq yazıldı. Bakımızın sinəsində "Şəhidlər xiyabanı" yarandı.
Artıq həmin hadisədən 32 il ötür. Xalqımız 20 Yanvar hadisələrinin 32-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır və onların əziz xatirəsini böyük ehtiramla yad edir. Ölkəmizin hər yerində, eləcə də xarici dövlətlərdə tədbirlər keçirilir. 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunur. Azərbaycan xalqı azadlıq eşqi ilə, əliyalın rus ordusunun qarşısına çıxanda çox qurbanlar verdik. Amma vüqarla deyək ki, 20 Yanvarda yeni Azərbaycan doğuldu.
1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Prezident İlham Əliyevin dediyi kimi, "Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur". Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb. Ölkəmizdə şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət yetirilir.
Bəli, Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi. Bu gün müstəqillik tariximizin ən şərəfli, qürurlu zamanı yaşayırıq. Şəhidlərimizin ruhu şaddır. Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarını öz gücü ilə döyüş meydanında azad etdi. Bu gün müstəqil Azərbaycanın hər bir yerində üç rəngli bayrağımız dalğalanır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər