Analitika

  • 4 318

SÖZÜ İMZASI QƏDƏR DƏYƏRLİ LİDER! TƏHLİL

image

PREZİDENT İLHAM ƏLİYEV: “Postmünaqişə gündəliyinin formalaşmasında Azərbaycan öz sözünü deyir və bu söz həlledicidir”

Qədim yunan filosofu Demokrit həmvətənlərini inandırırdı ki, söz əməlin kölgəsidir. Yəni dediyin sözün qiyməti görəcəyin əməldən asılıdır. Əlbəttə, qədim yunanlının bu kəlamı aksiomdur, yəni isbata ehtiyacı yoxdur. İnsanlar da həmişə sözlə əməlin üst-üstə düşməsinə qiymət verir, sözünün arxasında dayanan şəxsiyyəti alqışlayır və dəstəkləyirlər. Müzəffər Ali Baş Komandan İlham Əliyev də ölkənin rəhbəri kimi fəaliyyəti ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyir. Şəxsi keyfiyyətləri, siyasi uzaqgörənliyi və reallığa uyğun çevik qərarlar qəbuletmə bacarığı sayəsində cəmiyyətin bütün zümrələrini ətrafında birləşdirən İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində də xalqın böyük dəstəyini qazanmış və Azərbaycanın siyasi və beynəlxalq arenada mövqelərinin daha da möhkəmlənməsinə və bir sıra vacib sahələrdə mühüm uğurlara imza atmasına nail olmuşdur.Bunu Prezident İlham Əliyev son 19 illik fəaliyyəti, ən vacib məqam isə xalqımızın 30 illik yurd həsrətində olan xalqımız «Dəmir yumruq» siyasəti ilə 44 gün ərzində Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı ilə «Qarabağ Azərbaycandır»mıza qovuşdu. Dövlət başçısı bütün çıxışlarında, görüşlərində dönə-dönə vurğulayıb ki, bu gün postmünaqişə gündəliyinin formalaşmasında Azərbaycan öz sözünü deyir və bu söz həlledicidir. Amma bununla bərabər, biz heç bir qeyri-real tələb də irəli sürmürük.Prezident İlham Əliyev elə ötən ay Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib ki, ərazi bütövlüyümüzü tanıyın, gəlin sərhədləri müəyyən edək, hərə öz ölkəsində yaşasın, bir-birinin işinə qarışmasın: "Biz bunu deyirik və mənim tərəfimdən irəli sürülmüş sülh müqaviləsi üçün 5 əsas prinsipin mahiyyəti də budur. O cümlədən bir-birinə qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır və Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib. İndi nə isə əlavə etmək istəyir, amma əsas fundamental prinsiplər budur". Ermənilərin Azərbaycanda, o cümlədən, Qarabağ bölgəsində yaşaması məsələsinə toxunan Prezident İlham Əliyev deyib ki, burada heç bir problem yoxdur: “Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Burada hansısa xüsusi imtiyazdan söhbət gedə bilməz”.
“BU GÜN DÜŞDÜYÜ DALANDAN ÇIXA BİLMƏK ÜÇÜN ERMƏNİSTANIN YEGANƏ XİLAS YOLU AZƏRBAYCANIN TƏKLİF ETDİYİ SÜLH MÜQAVİLƏSİNİ İMZALAMAQ, ƏMƏKDAŞLIQ MÜNASİBƏTLƏRİ YARATMAQDIR”
Bu gün düşdüyü dalandan çıxa bilmək üçün Ermənistanın yeganə xilas yolu Azərbaycanın təklif etdiyi sülh müqaviləsini imzalamaq, əməkdaşlıq münasibətləri yaratmaqdır. Bu, həm də Ermənistanın imzasının olduğu üçtərəfli bəyanatların şərt və tələbləridir. İndi Ermənistanda bu bəyanatlardan irəli gələn şərtlərin yerinə yetirilməsi, xüsusən də Zəngəzur dəhlizinin açılması, Qarabağda qalan ermənilərin ya köçməsi, ya da Azərbaycan vətəndaşlığını qəbul etməsi qarşısıalınmaz prosesdir. Ermənistanın “Qraparak” nəşri yazır ki, İrəvanın dediklərinə baxmayaraq, Zəngəzur dəhlizinin açılması istiqamətində fəal iş gedir: “Məlum olduğu kimi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndi regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasını nəzərdə tutur. Burada qeyd edlir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Ermənistan səlahiyyətliləri blokadadan çıxarılmış yolların hardan keçəcəyini, yəni Azərbaycandan Türkiyəyə və əksinə hansı yollarla bağlanacağını açıqlamağa tələsməsələr də, Zəngəzurda 4-5 yol variantının müzakirə olunduğunu deyirlər, bununla azərbaycanlıların Ermənistan ərazisindən sərbəst hərəkət etməsinə icazə verəcəklər. Ola bilər beş yolun hamısı, ola da bilər bir-ikisi işə salınsın, səlahiyyətlilər hələlik bunu açıqlamır. Biri Qubadlı-Bazarçay-Xot yolu, digəri Biçənək (Naxçıvan)-Kəlbəcər istiqamətidir. Üçüncüsü, dövlətlərarası avtomobil yolu Sisianın Noravan kəndindəki kəsişmədən Naxçıvan və Kəlbəcərlə birləşir. Dördüncü yol Qubadlı-Laçın istiqamətidir, Xınzirək kəndinin yaxınlığından keçir. Həmçinin Laçından Kəlbəcərə gedən yolun, eləcə də Cermukdan Kəlbəcərin yuxarı hissəsinə qədər olan hissənin tikintisindən danışılır”.Zəngəzur dəhlizindən keçən dəmir yolunun marşrutu isə ötən ildən razılaşdırılıb. Erməni mediası qeyd edir ki, dəhlizin açılmasında xüsusi maraqlı tərəflərdən biri Rusiya olduğundan, Ermənistan prosesə müqavimət göstərə bilmir. Bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov da təsdiq edir. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması nəqliyyat axınının intensivliyini xeyli artıracaq: “Bu, Rusiya üçün də çox faydalıdır. Çünki onun açılması nəticəsində Türkiyə ilə Rusiya bir-biri ilə Azərbaycan - Zəngəzur dəhlizi vasitəsilə əlaqə yaradacaq”. Rusiyalı politoloq regionda beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasından sonra bölgədə vəziyyətin necə dəyişəcəyindən də danışıb: “Şimal-Cənub” və “Qərb-Şərq” nəqliyyat dəhlizlərinin inkişafı qlobal iqtisadiyyatın Xəzər regionu ilə bağlılığını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq. Eyni zamanda bu, Azərbaycana tranzit ölkə kimi yüksək gəlir əldə etməyə imkan verəcək”. O həmçinin bildirib ki, bu, Azərbaycanın dünya miqyasında belə böyük layihələrin həyata keçirilməsində lider ölkə kimi statusunu yüksəldəcək.
PREZİDENT İLHAM ƏLİYEVİN İRƏLİ SÜRDÜYÜ SÜLH MODELİ TƏKCƏ AZƏRBAYCAN DEYİL, BÜTÜN REGİON DÖVLƏTLƏRİNİN TƏHLÜKƏSİZLİYİ VƏ İNKİŞAFI ÜÇÜN AÇAR ROLUNU OYNAYIR
Qeyd edək ki, mayın 22-də Avropa İttifaqının vasitəçiliyi ilə Brüsseldə baş tutan Ermənistan və Azərbaycan liderlərinin görüşü tərəflər arasında sülh prosesində çox əhəmiyyətli mərhələ oldu. Sammitin nəticələri göstərir ki, bu formatda aprelin 6-da keçirilən sonuncu görüşdən ötən dövr ərzində mühüm irəliləyişə nail olunub. Bu səbəbdəndir ki, Azərbaycan sülh prosesində qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Ermənistan rəhbərliyi isə qarşısına qoyduğu öhdəliklərə tam və vaxtında əməl etmədi. Sərhəd komissiyasının yaradılması cəhdi aprelin 6-da razılaşdırıldığı kimi, həmin ayın sonuna qədər baş tutmadı. Bunun əsas səbəblərindən biri də Ermənistan rəhbərliyinə daxildən və xaricdən təzyiq edən qüvvələri, əvvəlki kriminal rejimin qalıntılarını, radikal diaspor təşkilatlarını və onlara havadarlıq edən dövlətləri göstərmək olar. Xüsusi olaraq, bir daha vurğulamaq istərdim ki, Prezident İlham Əliyevlə bütün görüşlərdə olduğu kimi, Paşinyan aprelin 6-da Brüsseldə keçirilən görüşü zamanı da zərbə aldı. Paşinyan bunu bilməlidir ki, bütün müqavimət cəhdləri növbəti yeni zərbə ilə nəticələnəcəkdir. Ermənistan bunu nə qədər tez anlasa, bir o qədər yaxşı olar. Əgər Ermənistan bunu danışıqlar yolu ilə anlamasa, o zaman "Dəmir yumruq" yenidən işə düşə bilər.
AVROPA İTTİFAQI AZƏRBAYCANIN MÜƏYYƏNLƏŞDİRDİYİ GÜNDƏLİYİ, REALLIQLARI QƏBUL EDİR
Qeyd edək ki, elə bu günlərdə – iulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi respublikamızın Cənubi Qafqazda söz sahibi və lider dövlət olmasından xəbər verir. Çünki Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasını məhz dövlət başçımızla müzakirə edib, onunla məsləhətləşib. Söhbət zamanı Brüssel gündəliyinə aid məsələlər müzakirə olunub. Qeyd edək ki, bundan əvvəl Şarl Mişelin təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə keçirilən üçtərəfli görüşdə də Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri müzakirə olunmuşdu. Şarl Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulamışdı. O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirmişdir. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəfli görüşləri, bu çərçivədə əldə olunmuş razılaşmaları qeyd edərək, ölkəmizin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə etdi. Çünki Azərbaycan Prezidenti İlham Əliyev regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi mühitinin formalaşmasında əsas söz sahibidir və mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün vacib təşəbbüslər göstərir. Azərbaycan Ermənistanla sülh sazişi imzalanmasının, sərhədlərin müəyyənləşdirilməsinin, regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Bütün bunların fonunda Brüssel görüşü və onun nəticələri böyük önəm kəsb edir. Göründüyü kimi, Avropa İttifaqı Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul edir.
ERMƏNİLƏR BUNDAN ARTIQ RƏZİL OLMAQ İSTƏYİRLƏRSƏ, ONU DA GÖRƏCƏKLƏR
Hazırda baş verən proseslərdən belə nəticəyə gəlmək olur ki, Ermənistan hökuməti sülh sazişi imzalamaqdan boyum qaçıracaq. Yəni, sülh müqaviləsi yaxın zamanlara təsadüf etməyəcək. Çünki meydandakı hərəkat və çıxışlar artıq Paşinyanın mövqeyində dəyişiklik yaradıb. Belə olduqda ağıllarda bir sual yaranır: "Bəlkə meydandakıları elə Paşinyan və onun komandası idarə edir?" Paşinyana da bəlkə də sülh prosesini uzatmaq üçün xalqın hazır olmadığını qeyd etmək sərf edir. Belə olan halda müharibə qaçılmazdır. Amma biz nə əvvəl, nə də indi müharibə tərəfdarı deyilik. Ermənistan baş verən hadisələrdən dərs çıxarmayıb. Ermənistan xalqının iqtisadiyyatının inkişafı, sosial problemlərinin həlli Azərbaycanla, eyni zamanda, Türkiyə ilə xoş münasibətdən keçir. Ermənistan iddialarından əl çəkməli və Azərbaycanla sülh müqaviləsi bağlamalıdır. Zaman Ermənistanın əleyhinə işləyir. Təəssüf ki, Ermənistanın siyasi rəhbərliyi mütəmadi olaraq vaxtı uzatmaq və prosesləri öz xeyirlərinə dəyişmək istəməsi istənilən halda Ermənistanın bu qeyri-ciddi və məsuliyyətsiz mövqeyi etimadı pozur. Nəticə etibarilə, itirən Ermənistan tərəfi olacaq.Göründüyü kimi, Ermənistan hökumətinin yeritdiyi siyasət səhv və yanlışdır. Azərbaycan düz və ədalətli yoldadır. Xalqımızın məsəli var: düzə zaval yoxdur. Onlar, nəhayət, başa düşməlidirlər ki, Azərbaycanla sülh razılaşması olmazsa, gələcəkdə bunun bədəlini ödəməli olacaqlar. Çünki Azərbaycan hər zaman sülhün tərəfdarı olub. Və bu gün biz həm Birinci, həm də İkinci Qarabağ müharibələrində şəhid olmuş, itkin düşmüş, ömürlük əlilə çevrilmiş soydaşlarımızın qanının yerdə qalmaması üçün bütöv və qüdrətli Azərbaycan dövləti yaratmalıyıq və yaradırıq. Əgər kimsə bu prosesə mane olmaq istəsə, onda başı üstündə “dəmir yumruğu” görəcək. Bu baxımdan ermənilərin revanşist fikirləri sadəcə xəyal olaraq qalacaq. Ermənistan təkcə döyüş meydanında deyil, bütün istiqamətlərdə məğlub oldu. Ermənistanın yeganə çıxış yolu Azərbaycanın sülh çağırışlarına müsbət cavab verməkdir. Əks halda, Ermənistanın mövcudluğu sual altında qalacaq.
RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər