Hər ilin fevral ayında Almaniya Federativ Respublikasının ərazisinə görə ən böyük regionu olan Bavariya bölgəsinin inzibati mərkəzi Münxen şəhərində təşkil edilən Münxen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu sayılır və qlobal səviyyədə ən vacib, aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayır.
Konfransın missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir. Ən əsası isə, Münxen Təhlükəsizlik Konfransı faktların dünya ictimaiyyətinə çatdırılmasında da vacib platformadır.
Azərbaycan Prezidenti İlham Əliyev cənablarının fevralın 17-19-da Avropa məkanında vacib siyasi diskussiya platforması sayılan Münxen Təhlükəsizlik Konfransının növbəti iclasına dəvət olunan az sayda dövlət başçıları sırasında olması onun Lider kimi şəxsiyyətinə böyük hörmətin göstəricisi, eyni zamanda, ölkəmizin enerji təhlükəsizliyi kimi qlobal miqyaslı aktual mövzuda və Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasında aparıcı rolunun nümayişidir. Bu gün real faktordur ki, Azərbaycan dünya üçün ən vacib ölkələrdən birinə çevrilib. Xüsusilə də Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Azərbaycan dünyanın ən etibarlı logistika mərkəzinə çevirilib, dünyanın ən etibarlı söz sahiblərindəndir. Və bu gün dünyada iqtisadi böhran hökm sürür, ərzaq təhlükəsizliyi mövcuddur, bunların fonunda Prezident İlham Əliyevin düşünülmüş, düzgün yürüdülmüş siyasəti nəticəsində illər əvvəl həyata keçirilən meqaenerji layihələri sayəsində bu gün dünyanı, xüsusilə Avropanı enerji böhranından çıxarmaq üçün Azərbaycan ən etibarlı ölkədir.
Fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışaraq bildirdi ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Prezident İlham Əliyev qeyd etdi ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rolunun olduğunu deyən Prezident İlham Əliyev ölkəmizin son dövrlər bu sahədə bir sıra vacib addımlar atdığını diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanda bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilir, həmçinin 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlər imzalanıb. Bu isə Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan verəcək ki, bu da orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək.
Prezident İlham Əliyevdən Paşinyana növbəti diplomatiya dərsi
Azərbaycan və dünya ictimaiyyəti Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bir daha Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanı, necə deyərlər, daşdan keçən tutarlı faktlarla çıxılmaz vəziyyətə və aciz duruma salınmasının şahidi oldu. Belə ki, Prezident İlham Əliyev Nikol Paşinyana dəfələrlə belə tarixi dərs keçsə də, hələ də nə düşüncəsində, nə də siyasi sahədə bir irəliləyiş olmayıb.
Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə, çıxışlarında, müsahibələrində dəfələrlə vurğulayır ki, Azərbaycanda artıq "Dağlıq Qarabağ" adında inzibati ərazi vahidi yoxdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi və bu, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır.
Azərbaycanın 30 illik münaqişəni 44 gündə hərbi-siyasi yollarla həll edilərək, ərazi bütövlüyümüzün, tarixi ədalətin bərpa edilməsinə nail olduq. Bu Ali Baş Komandanımız, Azərbaycan Respublikasının prezidenti , Qalib Liderimizin "Dəmir yumruq" siyasəti ilə Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu, özü də diz çökdürdü!.
"Və bu gün Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycanda artıq "Dağlıq Qarabağ" adında inzibati ərazi vahidi yoxdur", deyən Prezident İlham Əliyev demişdir: "Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram".
Bəli, Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylədiyi, təkzib olunmayan faktlara əsaslanan tarixi həqiqətlər qarşısında Paşinyanın əsl erməni xislətinə xas olan eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu və digər sayıqlamaları beynəlxalq auditoriyanı və dünya ictimaiyyətini çaşdırmaq cəhdindən başqa bir şey deyildi. Əgər Paşinyan həqiqətən də Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu təsdiq edən hər hansı bir fakta, sənədə malik olsaydı, mütləq şəkildə bunu açıqlayardı.
Azərbaycan Prezidenti İlham Əliyev Münhendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda çıxışında bildirdi ki, artıq Dağlıq Qarapbağ» ifadəsi etibarlı deyil: ""Diqqətinizə çatdırım ki, "Dağlıq Qarabağ" ifadəsi daha etibarlı deyil. Ümumiyyətlə, bu, rus sözləridir. "Naqorno" sözünün mənası "dağlıq" deməkdir".
Dövlətimizin başçısı, həmçinin Paşinyana mesajının da ünvanladı: "Mən də deyə bilərəm ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, beynəlxalq hüququ pozub və 27 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib. Onlara qarşı da heç bir sanksiyalar da tətbiq edilməyib".
Azərbaycan Prezidenti, həmçinin söyləyib ki, biz döyüşməyə məcbur olduq: "Biz gözləyirdik ki, BMT Təhlükəsizlik Şurası öz qətnamələrinə hörmət edəcək. Lakin biz gördük ki, heç bir irəliləyiş yoxdur. Ümumi bir fikir yaranmışdı ki, bu münaqişə dondurulub. Beləliklə, biz sübut etdik ki, münaqişə dondurulmayıb. Biz döyüşməyə məcbur olduq. Ləyaqətimizi, ərazi bütövlüyümüzü, ədaləti bərpa etmək və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək üçün 3 min insanın həyatını qurban verməli olduq".
Dövlətimizin başçısı vurğulayıb ki, bu gün 1 milyon azərbaycanlını evsiz-eşiksiz qoyulması, 67 məsciddən 65-nin dağıdılması, yadplanetlilərin əməli deyil. Bunu bizim torpağı işğal edən qonşularımız törədiblər, onlar bu torpağı murdarlayıblar. İndi biz onları artıq oradan qovandan sonra onlar ədalətli olmağa çağırırlar. Onlar, - bizim ərazilərimizi 30 il ərzində işğal edənlər, - bizi işğalçılıqda təqsirləndirirlər. Dövlətimizin başçısı onu da əlavə edib ki, 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanatın faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olmasını unutmaq lazım deyil.
Bu yerdə erməni siyasətçi, "Erməni Milli Konqresi»nin sədr müavini Levon Zurabyan Paşinyanın Münhendəki boşboğazlığı haqda dediyini xatırlatmaq istərdim: "Münhen konfransında Paşinyanla İlham Əliyev arasında gedən debata dəhşətlə baxdım. Ermənistan liderlərinin Levon Ter-Petrosyandan başlayaraq Robert Köçəryana, Serj Sarkisyana və nəhayət Nikol Paşinyana qədər təkamülünü müşahidə etsəniz, Ermənistanın növbəti liderinin pitekantrop (Yava adasında yaşayan meymuna bənzər insan) olacağı fikrini rədd etmək çətindir".
Levon Zurabyan onu da bildirib: "İlham Əliyev Ruben Vardanyan Qarabağı təmsil etdiyi müddətdə ermənilərlə danışıq aparmayacağını deyəndə Paşinyan susdu və Laçın dəhlizinin blokadasının olmamasını təkzib etmək üçün bircə tutarlı arqument gətirə bilmədi. Ancaq İlham Əliyevin Qarabağda 64 məscidin dağıdılması ilə bağlı açıqlamasına cavab vermək qərarına gələndə məlum oldu ki, kaş ki, Paşinyan bu ittihama ümumiyyətlə cavab verməyəydi. O, bu məlumatı təkzib etmədi. Dedi ki, sovetlər dövründə Azərbaycanda 1560 məscid dağıdılıb. Beləliklə, Paşinyan ona ayrılan vaxtı belə boşboğazlığa sərf etdi. Bir sözlə, Paşinyanın dünən Münhen Təhlükəsizlik Konfransındakı çıxışı dəhşətli reallıqları üzə çıxardı. Ermənistanın biabırçı kapitulyasiyasının acınacaqlı təcəssümü Münhendə oturmuşdu və məlum oldu ki, pis diplomatiya nəticəsində də nəyisə itirəcəyik”, deyə o, qeyd edib.
Göründüyü kimi, Azərbaycan Prezidentinin həmin debatda Nikol Paşinyana verdiyi dərs, təkcə Ermənistanın deyil, bütövlükdə dünyanın hər yerində təşkilatlanmış, qlobal media resurslarında öz şəbəkələrini yaratmış, vahid mərkəzdən idarə olunan erməniliyin və onların çoxsaylı himayədarlarının uzun illərdən bəri dövlətimizə qarşı apardıqları siyasətin dünyanın gözü qarşısında darmadağın edilməsi kimi tarixə düşdü və Prezident İlham Əliyevin şəxsində liderin, dövlət başçısının öz xalqının maraqlarını necə məharətlə, qətiyyətlə müdafiə etməsinin bariz nümunələrindən biri kimi qeyd olunmaqdadır.
Çünk Prezident İlham Əliyev 3 il bundan əvvəlki konfransda “Qarabağ Azərbaycandır və nida işarəsi” dedi və yerinə yetirdi və bu gün də , sözü ilə əməlinin bir olduğunu bütün dünyaya nümayiş etdirdi - Azərbaycanda artıq "Dağlıq Qarabağ" adında inzibati ərazi vahidi yoxdur.
Bəli, Qalib liderimiz, Prezident İlham Əliyev yenə də sözü və əməli ilə tarix yazdı. Onun cəsarətli çıxışı həm Paşinyana, həm erməni diasporuna, həm də onların havadarlarına olan xəbərdarlıq idi. Bu, dünya erməniliyinin əsrlərdir dünyanı aldatmaq siyasətini ifşa edən addım olmaqla yanaşı, informasiya müharibəsində Ermənistanın mövqelərinə endirilmiş sarsıdıcı zərbə oldu.
Bir sözlə, istər 3 il öncə, istərsə də 2023-cü il fevralın 17-dən 19-nə kimi keçirilən Münxen Təhlükəsizlik Konfransı, həmçinin İkinci Vətən Müharibəsində sarsılmaz zərbələr alaraq acınacaqlı vəziyyətə düşən Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin "Dəmir yumruq" siyasəti ilə Güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə cəsarət ilə Azərbaycanın qarşısında diz çökdü. Və bütün bu nailiyyətlər bir daha Prezident İlham Əliyevin dünya siyasətindəki yüksək nüfuzunu təsdiq etəklə, Münxen Təhlükəsizlik Konfransı Azərbaycan diplomatiyasının növbəti zirvəsi oldu.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü