Molla rejimi günahsızdırmı?
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT-də çıxışı zamanı gözlənilən, amma hələ də İran hakimiyyətinin saymaz yanaşdığı hadisə baş verib. Başqa sözlə desək, insan haqlarını kobud şəkildə pozan, milli azlıqlara şovonist siyasətini bir an belə dayandırmayan, vətəndaşlarını daim təhdid altında saxlayan, qadın hüquqlarının hər addım tapdalayan, söz və mətbuat azadlığına əngəllər törədən, qonşu dövlətlərə, xüsusən Yaxın Şərq ölkələrinə terrorçu ixrac edən İran özünü nəinki regionda, o cümlədən dünyada təklənmiş vəziyyətə saldığına görə bütün beynəlxalq tədbirlərdən qovulub, bu ölkənin təmsil olunduğu iclaslar ya təxirə salınır, ya da ləğv olunur. BMT-nin Cenevrədə keçirilən tədbirində də İran adlı şər yuvasının, molla rejiminin təmsilçisi, bu qondarma ölkənin xin başçısı Abdullahian çıxışına başlayar-başlamaz şok görüntülərə şahidlik edib. Müxtəlif ölkələrin diplomatları zalı nümayişkaranə şəkildə tərk ediblər.
Görəsən, buna səbəb nə ola bilər? Əcəba, İran kimə nə edib ki, bu “faciə” ilə üzləşir, təklənir, hər yerdən qovulur? Nə olsun ki, qadınlar baş örtülərini molla rejiminin standartlarına uyğun olmayan şəkildə geyindiklərinə görə bir-iki şapalaq yeyirlər? Buna görə “islam dininin mühafizi” sayılan İranı bütün masalardan qovmaqmı gərəkdir? Bəli, mollalar hələ də nə etdiklərinin fərqində deyillər. Onların təbirincə, vətəndaş ayətullahların təbəəsidirsə yetər, onlar döyülə də, söyülə də bilər. Hələ başqa xalqlara, milli azlıqlara olan münasibətdən danışmırıq.

Tarix nə deyir?
Türk Qacarlar xanədanını devirərək yerinə fars Pəhləviləri gətirməklə qondarma İran dövləti yaradan farslar bu illər ərzində türkçülüyün bütün izlərini yox etməklə özlərini qədimiləşdirməyə çalışırlar. Tarixə nəzər salaq, Qacarlar dövləti - XVIII–XX əsrlərdə indiki İran və Azərbaycan ərazilərində mövcud olmuş, türk mənşəli Qacarlar sülaləsi tərəfindən qurulmuş dövlətdir. 21 yanvar 1898-ci ildə Təbrizdə anadan olan Soltan Əhməd 11 yaşında şah taxtına çıxır. Ancaq Birinci dünya müharibəsi illərində İranın Rus və İngilis qoşunları tərəfindən işğalı Sultan Əhməd şahın nüfuzunun itməsilə nəticələnir. 1921-ci ilin fevral ayında dövlət çevrilişinə başcılıq edən Rza xan Pəhləvi İranda hakimiyyətə gətirilir. 1923-cü ildə Sultan Əhməd şah İranı həmişəlik tərk edir və 1925-ci ildə Qacarların hökmdarlığına son qoyulur. 1925-ci ildən 1979-cu ilə qədər İrana Pəhləvi sülaləsinin şahları hökmdarlıq edirlər. Qacarlar dövlətindən əvvəl indiki İran, Azərbaycan, İraq, Əfqanıstan, Pakistan və hətta Hindistanın bir qismi Əfşarlar imperiyasının tərkibində olub. 60 illik ömrü olan Əfşarlar Səfəvilər dövləti dağıldıqdan sonra meydana gəliblər.
Cəmi 54 illik ömrü olan Pəhləvi hakimiyyəti indiki İran, keçmişdəki Əfşarlar, Qacarlar sülaləsindən sonra buralara haqqı olmadan sahibləniblər. İngilis və rusların əli ilə qorxaq və hiyləgər, xain və xəbis farslar öz dövlətlərini qurmaqla bütöv Türk dünyasının içində qanayan yaraya dönüblər. Onların mövcudluğu dönəmində İrandakı bütün türk tayfaları diskrinimasiyaya uğrayaraq soy-kökündən uzaq düşüblər. Onlara bir-biri ilə əlaqələr yaratmaq, birlik olmaq kimi haqlı davranışlar Tehran hakimiyyəti tərəfindən qadağan edilib, öz dillərində danışmaq, yazışmaq, məktəb açmaq yasaqlanıb. Azlıqda qalan farslar əvvəlcə Pəhləvilər dövründə və 44 illik molla rejimində daim çoxluq təşkil edən Azərbaycan türklərinə qarşı ayrı-çeçkilik edib, onların bütün haqlarını, hüquqlarını tapdalayıblar. Zaman-zaman türklərin hakimiyyəti yaransa da, farslar ingilis və rusların dəstəyi ilə milli hökumətləri qan gölündə boğa biliblər.

Müsəlmanın düşməni, erməninin dostu
İran 10 ölkə ilə quru sərhədinə malikdir. Onlardan 9-u müsəlman ölkəsidir, yalnız Araz çayının şimalındakı Azərbaycan torpaqları hesabına yenə rus və ingilis “barmağı” ilə yaradılmış qondarma Ermənistan xristian dövlətidir. İndi maraqlı sual ortaya çıxır, İran hansı qonşusu ilə dost, hansılarla düşməndir? İranın şərqində 3 müsəlman ölkə - Türkmənistan, Əfqanıstan və Pakistan var. Türkmənistanla münasibətlər mütəhərrikdir, Əfqanıstan və Pakistanla məzhəb ayrılığı səbəbindən düşmən münasibət hökm sürür. Körfəz ölkələri ilə, yəni ərəb dünyası ilə münasibətlər hər an partlayan barıt çəlləyini xatırladır. İraqla 8 illik müharibənin izləri hələ də silinməyib. Bu müharibədə təkcə canlı itki sayı 1 milyon nəfərdir. Ölüm kağızı hər evin qapısını döyüb. Küveyt, Qətər, Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı və Yəmən ilə münasibətlər çox gərgindir, dost olmağa heç bir “əlyeri” qoyulmayıb. Türkiyə ilə münasibətlər “soyuq müharibə”ni xatırladır. Azərbaycan barədə bir az sonra. Qaldı, təkcə xristian Ermənistan ki, onunla da dost yox, qardaşdır. Kitablardan oxumuşuq, müsəlman müsəlmanın qardaşıdır. Belə çıxır ki, ya 9 ölkə müsəlman deyil, ya da İran islam dininə sitayiş edənlərin düşmənidir. Belə olmasaydı o dostluqdan bizə də pay düşərdi.

Azərbaycan: düşmənmi, dostmu?..
İranın qonşuları arasında Azərbaycan da özünəməxsus yer tutur. Gah Azərbaycanı “dost-qardaş” adandırır, gah “sionistlərin dostu” damğasını vurub bizimlə savaşa başlayır, gah dişini qıcayır, gah da quyruğunun basıldığını bəhanə edib üstümüzə qoşun çəkir. Təbii ki, bütün bunların bizim üçün əhəmiyyətsiz bir yanaşma olduğunu bilirik. Amma məsələyə laqeyd yanaşmaq da olmaz. 44 günlük savaşa qədər İran rejiminin etdiklərini Vətən müharibəsində də gördük. Azərbaycan dövlətinin yaranmasını özünün ən böyük və qəbuledilməz problemi kimi görən İran-fars-molla rejimi daim bizim bir millət, bir dövlət olaraq ayaq üstə sərbəst durmağımıza qarşı olub. Ermənistanı dəstəkləməsinin ardında ermənilərə sevginin olmadığını da bilirik. Azərbaycan dövlət kimi mövcud olmasın deyə fars-molla rejimi bütün imkanlarını səfərbər edib, ermənilərə müharibənin gedişində kəşfiyyat məlumatlarından tutmuş, bütün hərbi-texniki yardımları göstərib. II Qarabağ savaşında Azərbaycan ordusuna qarşı Xudafərin körpüsü yaxınlığında maneələrin yaradılması, silahlı qüvvələrimizin yolunu kəsməklə ermənilərin Zəngilan və Qubadlı rayonlarına əlavə qüvvələrin gətirmələrinə və orada möhkəmlənmələrinə verdiyi dəstək də artıq sübuta yetirilmiş faktlardır. Məhz Ordumuzun hücumunun iki günlük ləngiməsi səbəbindən Zəngilan və Qubadlı, eyni zamanda Arazboyu ərazilərdə itkilərimiz də çox oldu. Budur, fars-erməni qardaşlığının bizə vurduğu zərbə. Bu hadisələrdən sonra İranın müsəlman ölkəsi olduğunu kim sübut edə bilər? “Müsəlmanlar qardaşdır” ifadəsi İran rejiminin kitabından çoxdan silinib.
İran rejiminin iç üzü ona içdən baxanda daha daha aydın olur. İran ərazisindən keçməklə iki dəfə Naxçıvana getmişəm. Sadə insanların bizimlə heç bir fikir ayrılıqlarının şahidi olmadım. Eyni millət olaraq bizə daim şamaxılı, lənkəranlı, şəkili, bakılı kimi münasibət göstərirdilər. Pis münasibəti sərhəd keçid məntəqələrində, Xəli Rza Ulutürk demişkən, “alnı kərpic, gözləri tum” iranlı məmurlardan görürdük. Sifətlərindəki quru soyuqluq o saat hiss olunurdu. Gülümsəyib, xoş bir söz demək istəyin, həvəsin sivişib tabutuna girirdi.
Bəli İran Azərbaycanı da özünə düşmən bilir. Fars-molla rejimi şahın – Pəhləvilərin dövründə olduğu kimi Cənubdakı Azərbaycan türklərini məhv etmək üçün hər cür imkandan yararlanır. 30-40 milyonluq milləti etnik azlıq adlandıran rejim onlara qarşı hər cür ayrıseçkilik tələləri qurur. Öz dillərində təhsil almaq, kimliyi barədə danışmaq, məktəblər açmaq, universitetdə oxumaq, hətta yeni doğulan uşaqlarına türk adlarını qoymaq kimi qadağalar tətbiq edir. Türkiyədə zəlzələ baş verəndə dünyanın hər yerindən qardaş ölkəyə yardıma tələsənlər oldu. Azərbaycan da türk qardaşlarımızın yarasını sarımaq, onları düşdüyü bu çətin durumdan çıxarmaq üçün imkanlarını səfərbər etdi. Oxşar təbiət hadisəsi Cənubi Azərbaycanın Xoy şəhərində də baş verdi. Zərərçəkənlər məhz azərbaycanlı oldularına görə fars-molla rejimi onlara dəstək olmadı, xaricdən gələn dəstəyə də imkan vermədi.
Bir ay bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyinə qarşı molla rejiminin təşkilatçılığı ilə xain terror hücumu törədildi. Həmin hücum nəticəsində səfirliyimizin 1 əməkdaşı öldürüldü, iki nəfər yaralandı. Təhlükəsizliyə təminat olmadığından diplomatik nümayəndəliyimiz fəaliyyətini tam dayandırdı. İran rejimi bu müddət ərzində terror aktının araşdırılması ilə bağlı ciddi addımlar atmayıb. Halbuki bir aylıq müddət ilkin istintaqın yekunlaşması və terror aktına hüquqi qiymət verilməsi üçün kifayət edərdi. Rəsmi Tehran isə terrorçunu dəlixanaya salmaqla işini bitmiş hesab etdi. Bu azmış kimi, molla hakimiyyəti həyasızcasına Bakını olayı siyasiləşdirməkdə ittiham etdi. Budur, İran hakimiyyətinin iç üzü.
Əslində. terror aktından sonra Azərbaycan sərt addımlar atması, səfirlik əməkdaşlarının dərhal təxliyə edilməsi, səfirliyin fəaliyyətinin dayandırılması başadüşüləndir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, terroru törədən, onun arxasında duran, terror aktının hazırlanmasında və törədilməsində iştirak edən hər kəsə münasibətdə İran tərəfindən ədalətli araşdırma aparılmayacaqsa, mətbuat, ictimaiyyət, o cümlədən Azərbaycan dövləti və cəmiyyətinə açıqlanmayacaqsa, diplomatik münasibətlər bərpa olunmayacaq. Bu, bizim təbii haqqımızdır. Nəinki vətəndaşımıza, ümumiyyətlə, Azərbaycan dövlətinin diplomatik korpusuna qarşı cinayət törədilirsə, bu cinayətin törədilməməsi üçün, diplomatik korpusun təhlükəsizliyinin təminatı ilə bağlı İran dövlətinin heç bir addım atmamasının şahidi oluruqsa, təbii ki, biz həmin dövlətlə diplomatik münasibətlərimizi bərpa etməməkdə haqlıyıq.

Qərbin İran rejiminə münasibəti
Qərbin İranla bağlı öz planları, öz tərtibləri var. Etirazlar diqqətlə izlənilir və analiz edilir. Ən böyük hədəf İranda rejim dəyişikliyinə nail olmaqdır. İrandakı rejimə alternativlərin axtarışları da intensivləşib. Pəhlədilər sülaləsinin ABŞ-da yaşayan varisi Rza Pəhləvi bu günə qədər qınına çəkilsə də, baş verən hadisələr səbəbindən fəallaşıb. Vaşinqtonda forum keçirəndən sonra Münhen Təhlükəsizlik Konfransına dəvət olunub. O, Qərb dairələrinə özünü İran rejiminə alternativ kimi sırımağa çalışır. Azərbaycanlılar və İrandakı digər etnik qruplar şah rejiminin zorakılıqlarını unutmayıblar. Pəhləvilər də indiki rejimdən heç də geri qalmır, fars millətçi kəsimini təmsil edirlər. Pəhləvinin Tehrandakı səfirliyimizə hücumu pisləməsinin məqsədli olması heç kimdə şübhə yaratmır.
Maraqlıdır, Pəhləvi kənar qüvvələrin dəstəyi ilə hakimiyyətə gələ bilərmi? Buna İranın içindən reaksiya necə ola bilər? Nəzərə alsaq ki, fərqli görüntüləri olsa da, molla rejimi ilə şah sülaləsinin başqa milət və xalqlara münasibəti eynidir, narahatlığın haradan qaynaqlandığını dəqiqləşdirə bilərik. Tanınmış journalist Əhməd Obalının məsələyə maraqlı yanaşması var: “İranda Rza Pəhləvinin seçilmə və yaxud sevilmə şansını ölçmək çox asandır, yetər ki, İran cəmiyyətinin tərkibini bilək. İranda çox millətlər yaşayır. Bəluç, ərəb, lor bəxtiyari, kürd, Azərbaycan türkləri, gilək, mazəndarani, türkmən və fars - İranda bunlar əsas millətlərdir ki, hərəsinin heç olmasa milyon üzvü var və onlar öz torpaqlarında yaşayırlar. Məsələn, ərəblər Ərəbistanda, bəluçlar Bəluçda, azərbaycanlılar Azərbaycanda, İranın şimalında giləklər Gilanda, farslar isə səhranın ətrafında, mərkəzdə yaşayırlar. Bu millətlərə bir-bir baxanda deyə bilərik ki, Rza Pəhləvinin orada nə seçilmə, sevilmə, nə də pozitiv rəy vermə şansı var. Məsələn, bəluçlar mümkün deyil ki, Rza Pəhləviyə səs versinlər, ərəblər də mümkün deyil, nadir halda, 2 mində bir ərəb tapılar ki, Rza Pəhləviyə qarşı müsbət fikri olsun, o da əlbəttə ki, olarsa. Həmçinin kürdlər, lorların ona qarşı münasibəti yaxşı deyil. Azərbaycanlıların yüzdə doxsanı, hətta daha artığı Pəhləvini istəmir. Giləklər də eyni, mazəndaranlar isə Rza Pəhləvidən, ümumiyyətlə, nifrət edirlər. Farsların öz içində də, təxminən 70 faizi Rza Pəhləvini istəmir. Beləliklə, bunları hesablayanda görürük ki, İran milləti tərəfindən Rza Pəhləvinin hakimiyyətə gəlmə şansı yoxdur”.

İrandan daha bir xəyanət və erməni sevgisi
İran yenə də Ermənistana yardım etməyə davam edir. Ancaq bu dəfə daha heç nəyi gizlətmir. Əvvəllər gizlin formada etdiklərini indi açıq-aşkar edir. İranın əmək və sosial rifah naziri Seyid Sultan Mortazavi bildirib ki, İran ən yaxşı təcrübələri bölüşməyə və 2020-ci il müharibəsi zamanı əlil olmuş Ermənistan vətəndaşlarına reabilitasiya xidmətləri göstərməyə hazırdır. İranlı nazir etiraf edib ki, iki ölkə arasında xüsusilə son illərdə sıx və səmərəli əməkdaşlıq inkişaf edib. Seyid Sultan Mortazavi qonşu dövlətlərlə, xüsusən də Ermənistanla əməkdaşlığın inkişaf etdirilməsini Tehranın siyasətinin əsas prioritetlərindən biri olduğunu gizlətməyib.
Ermənistana yardım edən, buna müxtəlif diplomatik don geyindirən İran eyni mövzuda Azərbaycana qarşı nə üçün addım atmır? Azərbaycanda 2972 şəhid ailəsi, 12 721 qazi var. İkinci Qarabağ müharibəsi ərəfəsində və müharibədən sonra nədənsə qonşumuz, dinimizin bir, əhalisinin böyük hissəsinin azərbaycanlılardan ibarət olduğu İrandan bu istiqamətdə yardım görmədik. Minlərlə yaralımız üçün İran heç bir köməklik etmədi. Nədənsə o zaman nazirin indi dediyi kimi “ən yaxşı təcrübələri bölüşmək” istəyi ağıla gəlmədi.
10 müsəlman ölkəsi ilə qonşu olan molla rejiminin hakimiyyətdə olduğu İran tək xristian Ermənistanla, Allahın evinə donuz bağlayan, məscidlərimizi dağıdan, müsəlmanın qanına susayan bir qondarma dövlətlə qardaşlıq edir, onun problemlərini həll edir, hətta şiələrin daha çox yaşadığı başqa bir müsəlman dövlətinə hücum etməkdə işğalçı dövlətlə birgə çalışır, ona dəstək olur. Qər ölkələri, xüsusən İsrail və ABŞ İranın nüvə proqramını diqqətdə saxlayır, əlləri tətikdə Tehranın bir səhv etməsini gözləyirlər. İllərlə tətbiq olunan sanksiyalardan əziyyət çəkən xalq artıq 5 aya yaxındır ki, küçə və meydanlardadır. Etiraz aksiyaları səbəbindən ölkə iqtisadiyyatı həddən ziyadə zərər görüb, itkilər, tənəzzül səbəbindən bu ölkənin maliyyə bazarına ağır zərbə dəyib. İran tüməni (rial) ən aşağı həddə düşüb, 1 ABŞ dolları 600 min tümənə satılır. Molla rejimi isə hələ də dözmək iqtidarında olduğu görüntüsü yaradır.
Bəli, İran təklənib, bu ölkə ilə əlaqə quran dövlətlərin sayı bir əlin barmaqları sayı qədər də deyil. Əvəzində İran hava hücumundan müdafiə təlimləri keçirir. İran Ordunun Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin təlimlərinə başlayıb. Təlimlər ölkənin şimal-qərb, qərb, şərq, cənub, şimal və mərkəzindəki əraziləri əhatə etməklə İranın hava məkanının üçdə ikisini əhatə edəcək. Manevrlərin əsas mərhələsində ölkənin mühüm nüvə və hərbi obyektlərinin mühafizəsi üçün gecə saatlarında taktikanın işlənməsi planlaşdırılır. Təlimdə 100-ə yaxın pilotlu və pilotsuz təyyarə iştirak edəcək. Həmçinin, təlimlər zamanı İran hərbçiləri zenit-raket komplekslərinin saxlanması üçün istifadə olunan yeraltı tunelləri nümayiş etdiriblər.
V.VƏLİYEV