5 iyul 2002-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" imzaladığı Fərman tarixi hadisəyə çevrildi. İmzalanan bu rəsmi sənəddən bu gün artıq 22 il ötür. Tarixi dövr ərizində görülən işlərin miqyası ildən-ilə genişlənmiş, həm kəmiyyət, həm keyfiyyət baxımından Azərbaycan diaspor təşkilatları böyük yol keçərək, güclənmişdirlər. Dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar.
Bu gün xalqımızın bir qism nümayəndələri – azərbaycanlılar dünyanın müxtəlif nöqtələrində yaşayır və öz fəaliyyətlərini məhz yaşadıqları ölkələrdə davam etdirirlər. Planetimizin qitələrinə səpələnmiş azərbaycanlılar digər xalqların nümayəndələrinin öz vətəninin inkişafı yolunda həyata keçirdikləri genişmiqyaslı layihələrin, tədbirlərin icrasında yaxından iştirak etməklə yanaşı, vətənimizin inkişafı, taleyüklü məsələlərdə yaxından iştirak edərək öz töhfələrini verirlər. Dünya azərbaycanlılarının təşkilatlanması, müstəqil Azərbaycan Respublikası ilə siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrin inkişaf etdirilməsində bu qurumun yaradılması son dərəcə əhəmiyyətlidir. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait və mənəvi dəyərlər kimi müxtəlifdir. Azərbaycanlılar Amerika qitəsində, Avropa qitəsində, Asiya qitəsində, Afrika qitəsində və Avstraliya qitəsində yaşayırlar.
Bildiyimiz kimi, Azərbaycan diasporunun tarixi bir neçə əsri əhatə edir. Belə ki, VII əsrin sonu-VIII əsrin əvvəllərində Xilafət ordusunun Azərbaycana yürüşü, İslam dininin yayılması ilə əlaqədar burada ərəbdilli elm və mədəniyyətin inkişafı, eyni zamanda onlarca azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını başlamış və bu proses diasporun yaranmasının təməlini qoymuşdur. Mənbələrə istinadən deyə bilərik ki, X-XIX əsrlər. Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqlarının intibahında qabaqcıl mövqeyə çıxması sayəsində xaricdə məskunlaşması daha geniş vüsət almışdır. Onu da qeyd edək ki, Azərbaycan Demokratik Respublikasının süqutundan sonra xarici mühacirlər axını və Avropada Azərbaycan diasporunun təşəkkülü ilə bağlı olmuşdur. 1941-1945-ci illərdə II Dünya müharibəsi zamanı əsirlikdə və Sovet qəza maşının ölüm xofundan Vətənə dönə bilməyən azərbaycanlılardan ibarət icmaların yaranması diasporun formalaşmasında yeni mərhələ kimi səciyyələndirilir.
Təbii ki, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik əldə etmiş Azərbaycanda ideya əsas prioritetlərdən biri elan edilərək, bu istiqamətdə ardıcıl işlər görülməyə başlandı. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi idi. Ölkəmizdə milli diaspor fəaliyyətinin təməli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ümummilli Lider Heydər Əliyev tərəfindən 1991-ci il dekabrın 16-da imzalanan "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" qərarla qoyulub. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Dünya azərbaycanlılarının vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub-saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək kimi məqsədləri reallaşdırmaq üçün mühüm addımlar atıldı. Ümummilli Lider Heydər Əliyev cəmiyyətin bütövləşməsi və azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlərə imza atdı. Ulu Öndər azərbaycançılıq ideologiyasının real müstəqilliyə nail olmaq, vahid və bölünməz Azərbaycanı qoruyub-saxlamaq və möhkəmləndirmək üçün vasitə olduğunu vurğulayırdı.
"ÇOX İŞ GÖRMƏLİYİK Kİ, AZƏRBAYCANIN GÜCLÜ DİASPORU YARANSIN"
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması kimi məsələlərin, zərurətini nəzərə alaraq, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayının 23-də Ümummilli Lider Heydər Əliyevin məlum Sərəncamı bu ideologiyanın gerçəkləşməsinə istiqamətləndi. Qurultay milli ideologiyamız olan azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyini nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyev qurultayın məqsədinə, qarşıya qoyulan məsələlərə aydınlıq gətirərək, bildirmişdi ki, hamımız - siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın: "Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər. İqtisadi cəhətdən daha da möhkəmlənsinlər, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər və o ölkələrin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə də, müxtəlif ölkələrdə Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına yardım etsinlər. Hesab edirəm ki, dünya azərbaycanlıları bu yol ilə getməlidir və bu yolda hələ istifadə olunmamış böyük imkanlar vardır. Bu gün işinə başlayan qurultay da, məhz bu məqsədi daşıyır".
Qurultaydan ötən müddətdən bir il sonra 5 iyul 2002-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" imzaladığı Fərman tarixi hadisəyə çevrildi. Bu gün əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan diaspora quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və yüksək diqqəti sayəsində uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Azərbaycan diasporu təşkilatlanaraq, ölkəmizin milli maraqlarını əzmlə qoruyan bir qüvvəyə çevrilib. Azərbaycan diasporunun məskunlaşma coğrafiyasının miqyası sonsuzdur. Dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait və mənəvi dəyərlər kimi müxtəlifdir. Lakin problemlərə və çətiniklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub-saxlayıb və tarixi Vətənlə əlaqələrini itirməyiblər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da, məhz bu amillə bağlıdır. Azərbaycanlılar Amerika qitəsinin şimal, mərkəzi və cənub hissəsində daha çox məskunlaşıblar.
"XARİCDƏ FƏALİYYƏT GÖSTƏRƏN DİASPOR TƏŞKİLATLARI DA BİR NÖQTƏYƏ VURSUNLAR VƏ BİRLƏŞSİNLƏR"
2016-cı il 3 iyun tarixində keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı da ölkəmizin tarixinə iftixar gətirəcək hadisələrdən biri kimi yazıldı. Çünki dünya azərbaycanlılarını təmsil edən əsas diaspor təşkilatlarının nümayəndələri, rəhbərləri Azərbaycana - doğma Vətənə gəlmişdilər. Bu birliyin və həmrəyliyin nümayişi idi. Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyev çıxışında "Mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar və birləşsinlər. Belə olan halda, onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq", - deyərək, birliyin əsas məsələlərdən olduğunu diqqətə çatdırmışdır: "Xüsusilə, nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin".
Qurultayda müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparıldı. Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlər müzakirə olundu.
Azərbaycan Prezidenti İlham Əliyev müstəqilliyimizin ilk illərində, zəif olmağımızdan istifadə edən erməni diasporunun uzun illərdir ki, dünyada bizə qarşı çox çirkin kampaniya apardığını və bu kampaniyanın tərkib hissəsinin Azərbaycanı antidemokratik, Ermənistanı isə yazıq, "blokada" şəraitində olan ölkə kimi təqdim etmək məqsədi daşıdığını bildirmişdi: "Azərbaycanda bu illər ərzində diaspor təşkilatları ilə qurulan iş yeni bir mərhələyə gəlib çatıb. Dünyanın müxtəlif yerlərində tədbirlər keçirilir, dünya ictimaiyyəti Azərbaycan reallıqları ilə daha geniş şəkildə tanış ola bilirlər".
Diasporumuzun gördüyü işlər yaşadıqları ölkələrin siyasi həyatına təsir edəcək səviyyəyə yüksəlir. Prezident İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması, deməyə əsas verir ki, Azərbaycan diasporu güclənib, doğma Vətənin taleyüklü problemlərinin həllində yaxından iştirak edir.
ZƏFƏR QURULTAYINDA YENİ YOL XƏRİTƏSİ
Bu gün artıq Azərbaycan tarixi günlərlə zəngin olan dövrünü yaşayır. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, dünya azərbaycanlılarının fəaliyyət dövründə yeni mərhələnin başlanğıcı kimi tarixiləşdi. Dünyanın 65 ölkəsindən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə keçirilən Qurultayda Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı verdiyi mesajlar xaricdəki azərbaycanlıların növbəti beş ildə fəaliyyəti üçün yol xəritəsi müəyyənləşdirməklə yanaşı, Azərbaycan diasporu qarşısında yeni vəzifələr də qoymuş oldu. Qələbə qazanmış Azərbaycan xalqının Zəfər Qurultayı 2020-ci il Vətən müharibəsində Azərbaycan xalqının böyük Qələbəsindən sonra keçirilən ilk qurultay idi. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı "Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var", - deyə bildirib ki, bu gün Azərbaycan yeni dövrə qədəm qoyub: "Biz otuz il işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi - mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün – xaricdə yaşayan azərbaycanlılar üçün". Bu gün vəziyyətin tam fərqli olduğunu vurğulayan Cənab Prezident diqqətə çatdırıb ki, bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq: "Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq. Bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz".
Azərbaycanın diaspor fəaliyyəti qısa müddətdə uzun və əlamətdar yol keçərək müasir dövrümüzdə mütəşəkkil şəkildə formalaşıb.
Zəfər Qurultayının Şuşa şəhərində keçirilməsi, heç şübhəsiz ki, dünya ölkələrində yaşayan azərbaycanlıların, diasporumuzun fəaliyyət dövrünün yeni mərhələsidir. Artıq Azərbaycan dünyada sözünü demiş bir dövlətdir və uğurlu inkişaf tarixini yaşayır. Ölkəmizdə həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat dövlətimizin əsas inkişaf göstəriciləridir. Prezident İlham Əliyevin rəhbərlik dövrü müasir-müstəqil Azərbaycanın tarixində sürətli iqtisadi inkişaf, dövlətin təşəkkül tapması, qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi uğurlar və böyük qələbələr dövrü kimi xarakterizə olunur.
Dünya Azərbaycanlılarının Zəfər Qurultayının qələbə rəmzində keçirilməsi nailiyyətlərimizə, zəfərimizə söykənir. Bu zəfər bütün dünya ölkələrində yaşayan Azərbaycanlıların Zəfəridir. Belə ki, müstəqil Azərbaycan bütün Azərbaycanlıların Vətənidir. 44 günlük Vətən Müharibəsində milli birliyimiz, xalq-iqtidar birliyi bizi qələbəyə apardığı kimi bu amillər yaxın gələcəkdə Azərbaycanın daha da gücünü artıracaqdır.
Prezident İlham Əliyevin Qurultayındakı nitqində 44 günlük müharibədən sonra regionda yaranmış yeni vəziyyət və qalib dövlətimizin sülhsevər siyasəti ilə bağlı fikirləri bir mesaj oldu. Dövlət başçısı Qurultayda nitqində bir çox məsələlərə toxundu və dünya azərbaycanlıları üçün postmünaqişə dövrünə uyğun yol xəritəsi cızdı.
Müharibədən sonra yaranmış yeni reallıqları, tarixi Zəfərin reallıqlarını, həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqda xaricdə yaşayan azərbaycanlıların, diaspor təşkilatlarının da üzərinə böyük məsuliyyətlər düşür. Əlbəttə ki, Azərbaycan mədəniyyətinin incisi olan Şuşada keçirilən Zəfər Qurultayı soydaşlarımızın yaşadıqları ölkələrdə fəaliyyətlərini daha əzmlə davam etdirmələrinə təkandır. Dünya azərbaycanlılarının bir araya gəlməsi, Cıdır düzünə toplaşması qürurverici hadisə idi.
Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları bir araya gətirmək, bir məslək və ideya ətrafında birləşdirmək, əlbəttə ki, azərbaycançılıq məfkurəsindən yaranan amaldır. Bu gün dünya azərbaycanlıları vahid amal ətrafında sıx birləşiblər.
Zümrüd BAYRAMOVA