PDF Oxu

Araşdırma

  • 3 171

Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyət - HEYDƏR ƏLİYEV – ŞƏRH EDİLDİ

image

“Xalqımız 12 dekabrı Ulu Öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illər dövlətimizin və xalqımızın tarixində əlamətdar hadisələrlə zəngindir: "2003-cü ilə qədər Azərbaycan yalnız Heydər Əliyevin siyasi hakimiyyətdə təmsil olunmadığı illərdə ağır və faciəli günlərini yaşayıb. Bu mənada, əgər ötən əsrin 80-ci illərinin sonunda Heydər Əliyev siyasi rəhbərlikdə olsaydı, ermənilər Azərbaycana qarşı torpaq iddiası qaldıra və ya hərbi təcavüzə başlaya bilməzdilər. Və ya Heydər Əliyev Azərbaycana rəhbərlik etsəydi, müstəqilliyimizin ilk illərindəki faciələr baş verməzdi. Bu reallığı hələ 80-ci illərin sonlarında xalqımız düzgün dəyərləndirir, rastlaşdığı mövcud problemlərin yalnız Heydər Əliyevin rəhbərliyi ilə öz həllini tapa biləcəyinə inanaraq, onun respublikaya rəhbərlik etməsini arzulayırdı. 1993-cü ilin ortalarına doğru respublikamızda baş verən siyasi-hərbi proseslər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını tarixi zərurətə çevirmişdi. Hakimiyyətdə olanlar da çıxış yolunu Heydər Əliyevin Bakıya dəvət edilməsində görürdülər. Beləliklə, 1990-cı il iyulun 22-də Naxçıvana qayıdışı ilə xalqımızın müstəqillik mübarizəsinin mükəmməl salnaməsini yaradan, muxtar respublikanı xilas edən Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyun ayından qurtuluş missiyasını da şərəflə yerinə yetirərək, dövlətçiliyimizi sarsılmaz, müstəqilliyimizi əbədi etdi. Naxçıvana və böyük siyasətə qayıtdıqdan başlatdığı tarixi missiyanın davamı olaraq Heydər Əliyev bu dəfə Azərbaycanı xilas etdi, öz dəyərli xidmətləri ilə xalqımızın Ümummilli Liderinə çevrildi. Xalq ən ağır günlərini yaşadığı bir zamanda sevimli oğlunu, dahi şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Bu təkidli çağırışın arxasında sonsuz xalq etimadı, millətin məhəbbəti və inamı dayanırdı. Lakin onun birinci hakimiyyəti dövründəki abad Azərbaycandan heç nə qalmamışdı. Ümummilli Liderin 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı xalqın milli dövlətçiliyinə və sabahkı gününə inamını özünə qaytardı, ölkə həyatının bütün sahələrinə nüfuz etmiş böhran aradan qaldırıldı, Qarabağ cəbhəsindəki uğursuzluqların qarşısı alındı, ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik və vətəndaş sülhü təmin edildi, ən başlıcası isə itirilməkdə olan dövlət müstəqilliyi qorunub saxlanıldı. Yaxın keçmişimizdə baş verən hadisələrə qiymət verməyi bacaran hər bir insan dərk edir ki, Heydər Əliyev qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli Liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz müstəqilliyini itirmək, parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan neft müqaviləsinin imzalanması müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada strateji mahiyyət kəsb edən möhtəşəm qələbəsi idi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. 1998-ci ildə şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Ümummilli Liderin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir. Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Dahi Şəxsiyyətin adı ilə bağlıdır”.

Digər xəbərlər