PDF Oxu

Araşdırma

  • 2 883

Zəfər tariximiz şanlı qələbəmizdir ŞƏRH

image

27 Sentyabr 2020-ci il tarixində Ermənistanın növbəti dəfə təxribatlara əl ataraq bütün cəbhə boyu ağır artilleriyalardan istifadə etməsi, mülki əhalini hədəf seçməsi Azərbaycan ordusunu əks-hücum əməliyyatlarına başlamağa vadar etdi. Həmin gün Azərbaycan xalqının tarixinə yeni qəhrəmanlıq səhifəsini açmış oldu və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Şanlı ordumuzun gücü və şücaəti nəticəsində xalqımız Zəfər qazandı. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atdı.

Bu münaqişənin nizamlanması ilə bağlı danışıqlar beynəlxalq hüquq və normalar və bu çərçivədə qəbul edilmiş sənəd və qərarlar əsasında davam etdirildi. İllərlə davam edən danışıqlara baxmayaraq, Ermənistan təcavüzkar siyasətindən əl çəkmədi. Ali Baş Komandanın haqq və ədaləti bərpa etmək üçün verdiyi əmri sanki hamı çoxdan gözləyirmiş kimi, bir yumruq kimi öz liderinin ətrafında sıx birləşdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin hər diplomatik uğuru, hər sosial-iqtisadi nailiyyəti, ölkəmizin güclənən mövqeyi, beynəlxalq aləmdə yüksələn nüfuzu bizi addım-addım bu Qələbəyə doğru aparırdı. Demək olar ki, hər gün kənd, qəsəbə və şəhərlərin işğaldan azad olunması xəbərini eşidirdik.

"Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq", – deyə Prezident İlham Əliyev bildirmişdir. Əlbəttə ki, ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi nəticəsində Azərbaycan Vətən müharibəsində döyüş meydanında öz sözünü demiş oldu. Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ali Baş Komandanın diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı prioritet vəzifə kimi qarşıya qoyulmuşdu. Məhz Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Ölkəmizdə son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Azərbaycan Silahlı Qüvvələri zəngin döyüş təcrübəsi, yüksək səviyyəli idarəetmə, yeni xüsusi təyinatlı hissələr, həmçinin müasir silah sistemləri ilə regionda özünün yaratdığı sülhün, sabitliyin keşiyində durmağa daim hazırdır. Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Ordumuz 44 gün ərzində işğalçı ölkənin ordusunu darmadağın etdi və Ermənistanın siyasi, hərbi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi və Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Ata vəsiyyətini yerinə yetirən Azərbaycan Prezidentinin rəhbərliyi ilə ordumuz Qarabağı, Şərqi Zəngəzuru azad edib. Azərbaycanın döyünən ürəyi Şuşada, eləcə də Laçında, Kəlbəcərdə, Füzulidə, Cəbrayılda və digər azad olunan ərazilərdə üçrəngli bayrağımızı ucaldıb, tarixi ədalət bərpa edilib.

Ötən ilin sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması əlbəttə ki, ölkəmizin növbəti uğuru kimi tariximizə həkk olundu. Dövlətimizin başçısının növbəti tarixi qələbəmizlə bağlı xalqa müraciəti hər birimizi bir daha qürurlandırdı. Bir gün davam edən antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Azərbaycan keçirdiyi antiterror tədbirlərində bütün hədəflərə diqqətlə və ehtiyatla yanaşdı, heç bir mülki obyektə zərbələr endirilmədi. Azərbaycan ərazi bütövlüyünü, bütün ərazilərində konstitusion hüquqlarını bərpa etdi. Qarabağda qeyri-qanuni xunta rejimi məhv edilərək, əsas separatçı liderlər həbs edildi. Beləliklə, Ağdərə, Xoçavənd, Xocalı və Xankəndidən separatçıların qovulması ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Tədbir zamanı şanlı ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri qətiyyən hədəf alınmamış, yalnız legitim hərbi hədəflər sıradan çıxarılmışdır. Bütün bu tədbirlər sübüt edir ki, Azərbaycan dövləti hər zaman erməni əsilli əhalisinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə hazırdır.

Siyasi gücə, iradəyə malik Prezident İlham Əliyevin Sərkərdəlik məharəti ilə "Dəmir yumruğ"un zərbəsi nəticəsində əldə olunan Zəfər Azərbaycan xalqını Müzəffər xalq kimi dünyaya tanıtdı və möhtəşəm qələbəmiz dünya hərb tarixinə yeni səhifələr yazdı.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Digər xəbərlər