PDF Oxu

Araşdırma

  • 391

Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki... - ŞƏRH

image

Beynəlxalq münasibətlər sistemində mürəkkəb və ziddiyyətli proseslərin dərinləşdiyi bir dövrdə Azərbaycanın mövqeyini ardıcıl şəkildə gücləndirməsi, eyni zamanda mühüm geosiyasi mərkəzə çevrilməsi ölkəmizin qlobal siyasi güc kimi nüfuzunu daha da artırır. Dünyanın aparıcı dövlətlərinin Azərbaycanla sıx strateji əməkdaşlıq qurmaqda maraqlı olmaları məhz bu reallığın bariz göstəricisidir. Bu gün Azərbaycan çoxsaylı dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlarla fəal və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq həyata keçirir. Ölkəmizin aktiv iştirak etdiyi beynəlxalq platformalar sırasında Davos İqtisadi Forumu xüsusi yer tutur və bu mötəbər forum Azərbaycanla bağlı obyektiv reallıqların beynəlxalq miqyasda təsdiqi kimi çıxış edir. Məhz bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nüfuzlu xarici media qurumlarına verdiyi müsahibələrin artıq bir ənənəyə çevrilməsi təsadüfi deyil. Dövlət başçısı bu müsahibələr vasitəsilə Azərbaycanın artan beynəlxalq nüfuzunu, gücünü və strateji potensialını qlobal auditoriyaya yüksək peşəkarlıqla, aydın və dəqiq mesajlarla çatdırır. Prezident İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində yanvar ayının 20-də “Euronews” telekanalına verdiyi müsahibə də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sözügedən müsahibə Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərini, regional və qlobal təşəbbüslərini, eləcə də formalaşan yeni geosiyasi reallıqlarda tutduğu mövqeyi beynəlxalq ictimaiyyətə dolğun şəkildə təqdim etməklə yadda qalmışdır. Bu müsahibə göstərdi ki, Azərbaycan qlobal sistemin fundamental sarsıntılar keçirdiyi bir dövrdə öz milli maraqlarını beynəlxalq hüququn aliliyi ilə uzlaşdıran nadir dövlətlərdən biridir. Bu nailiyyətin arxasında isə Prezident İlham Əliyevin səbir və dəqiqliklə yürütdüyü, hər bir addımı zərgər dəqiqliyi ilə hesablanmış müdrik xarici siyasət kursu dayanır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam hüquqi çərçivədə bərpa edərək dünyaya həm hərbi, həm də diplomatik ədalət dərsi keçib.

Prezident Cənab İlham Əliyev yanvarın 19-da Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak üçün İsveçrə Konfederasiyasına səfərə gedib. Forum çərçivəsində Azərbaycan lideri bir çox ikitərəfli, eləcə də müxtəlif ölkələri təmsil edən biznes nümayəndələri ilə görüşlər keçirib, panel iclaslarda iştirak edib. Bütün görüş və çıxışlarda Azərbaycanın Avrasiya məkanı üçün mühüm əhəmiyyətinin vurğulanması bir daha sübut edir ki, Prezident cənab İlham Əliyevin Davos Dünya İqtisadi Forumunda iştirakı bu dəfə də Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından geosiyasi və geoiqtisadi cəhətdən çox böyük əhəmiyyət daşıyır. Ölkə Başçısı müsahibəsində vurğulayıb ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı almaq böyük şərəfdir. Bunu otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq. Bundan əlavə, Ermənistanın böyük dərəcədə asılı olduğu əsas malların, ilk növbədə neft məhsullarının həmin ölkəyə təchizatına başlamışıq. Bu vəziyyətdən hamı udur. Beləliklə, düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq.

Bildirilib ki, enerji bazarında neftin qiyməti sabitdir - ən azı Azərbaycan üçün məqbul səviyyədədir. Bu, İranda, Venesuelada və ya dünyanın digər bölgələrində olan vəziyyətin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Bu, yaxşı göstəricidir, çünki həm hasilatçıların, həm də istehlakçıların gələcəklərini planlaşdırmaq üçün vəziyyətin proqnozlaşdırıla bilinməsinə ehtiyacı var. Ümid edirəm ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək. İstəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir.

Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və digər ölkələrə neft və qaz ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə enerji əməkdaşlığımız artmaqdadır. Artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Bir çox Avropa ölkəsi ilə yaxşı münasibətlərimiz var və bu, onlar üçün öz enerji təhlükəsizliyini gücləndirmək imkanıdır. Azərbaycan üçün isə bu, premium bazarda ehtiyatlarımızı satmaq fürsətidir. Baxmayaraq ki, qazı təkcə Avropaya satmırıq, bu yaxınlarda Suriyaya da ixrac etməyə başlamışıq. Ancaq qiymət baxımından ən yaxşı bazar, əlbəttə ki, Avropa bazarıdır.

Prezident İlham Əliyev onu da qeyd edib ki, Avropa Parlamentinin daimi tənqidinə Azərbaycan artıq reaksiya vermir. Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

Digər xəbərlər