PDF Oxu

Araşdırma

  • 728

Azərbaycan qlobal çağırışların müzakirəsində fəal iştirak edir - ŞƏRH

image

Davos Dünya İqtisadi Forumu çərçivəsində Prezident İlham Əliyevin “Euronews” telekanalına verdiyi müsahibədən sonra bu media qurumunun təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirakı Azərbaycanın beynəlxalq siyasi gündəmdə tutduğu mövqeyin real göstəricisi kimi qiymətləndirilməlidir. Bu format sıradan protokol görüşü deyil, qlobal qərarverici mühitdə Azərbaycanın liderinin birbaşa söz sahibi olduğunu nümayiş etdirən strateji platformadır. Burada əsas məqam ondan ibarətdir ki, tədbirin təşəbbüskarı məhz Avropanın aparıcı media qurumlarından biri olan “Euronews” olmuşdur. Bu faktın özü belə, Qərb ictimai rəyinin və siyasi dairələrinin Azərbaycanla bağlı mövqeyində formalaşan yeni yanaşmanın ifadəsidir.

Davos artıq yalnız iqtisadi müzakirələrin aparıldığı məkan deyil. Bu platforma qlobal siyasi ideyaların, yeni geosiyasi yanaşmaların formalaşdığı mərkəzə çevrilib. Belə bir məkanda Prezident İlham Əliyevin ətrafında toplanan beynəlxalq ekspertlər, jurnalistlər və biznes nümayəndələri faktiki olaraq Azərbaycanın regionda yaratdığı yeni reallıqlara və bu reallıqların qlobal təsirlərinə diqqət yetirirlər. Bu, onu göstərir ki, Azərbaycan regional aktor statusundan çıxaraq beynəlxalq proseslərdə mövqeyi nəzərə alınan siyasi subyektə çevrilmişdir.

Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Prezident İlham Əliyev regionda sülh və sabitlik ideyasını qlobal kontekstdə təqdim etdi. Bu, Azərbaycanın xarici siyasət fəlsəfəsinin əsas mahiyyətini – praqmatizm, balans və milli maraqlara söykənən müstəqil xətti – aydın şəkildə ifadə edir. Azərbaycan bu gün nə hansısa geosiyasi blokun əlavəsi, nə də böyük güclərin aləti rolundadır. Ölkəmiz öz siyasi iradəsinə əsaslanan, milli maraqları prioritet sayan və beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəf kimi çıxış edən dövlətdir.

Azərbaycan müasir qlobal çağırışların müzakirəsində fəal iştirak edən, eyni zamanda bu problemlərin həllinə real töhfələr verən dövlət kimi çıxış edir. Mehriban qonşuluq prinsiplərinə, sülhə və əməkdaşlığa əsaslanan çoxvektorlu xarici siyasət xətti respublikamızın beynəlxalq aləmdə formalaşmış əsas siyasi vizit kartıdır. Müstəqillik tarixi nisbətən qısa olsa da, Azərbaycan çağdaş dünyanın ən mühüm və taleyüklü proseslərində fəal mövqe tutur, öz milli maraqlarını qətiyyətlə ifadə edir.

Prezident İlham Əliyev qeyd edib ki, ölkə olaraq biz hər zaman diqqətimizi regional gündəliyimizə yönəldirik: “Biz regionda istədiyimizə nail ola bilmiriksə, qlobal məqsədlərdən söhbət gedə bilməz. Ancaq bu gün biz paralel şəkildə gedən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə yaxınlaşmasından bəhs edirik. Bu, mütləq paralel şəkildə və eyni vaxtda Türkiyə ilə Ermənistan və Azərbaycan ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması ilə nəticələnəcək. Bununla da biz geniş coğrafi ərazidə, Avrasiyanın bir hissəsində bağlantı, enerji təhlükəsizliyi, sülh və sabitlik baxımından olduqca əhəmiyyətli addım atırıq. Bu, uzun illər davam edən müharibələrin əməkdaşlığa və tərəfdaşlığa çevrilməsinin nümunəsidir”. Bütün bunlar bir daha onu təsdiq edir ki, əsas qoyulan siyasət Azərbaycana böyük uğurlar, nailiyyətlər gətirir. Bu uğurların davamlı olacağı isə şübhəsizdir.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Digər xəbərlər