Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın verilməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasının və dövlət başçımızın qlobal sülhün təşviqinə verdiyi mühüm töhfələrin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Bu nüfuzlu mükafat sülhün möhkəmlənməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın təşviqi, humanitar dəyərlərinin qorunması və münaqişələrin dinc yollarla həlli istiqamətində mühüm fəaliyyət göstərən liderlərə təqdim olunur. Ölkə başçısı İlham Əliyevin bu mükafata layiq görülməsi onun regional və beynəlxalq miqyasda sabitliyin təmin olunmasına, dialoqun və əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfələrin rəsmi təsdiqidir.
Dövlət başçımızın uzaqgörən və praqmatik siyasəti nəticəsində Azərbaycan regionda sülhün və təhlükəsizliyin davamlı inkişafının əsas təşəbbüskarlından biri kimi çıxış edir. Xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, uzun illər davam edən münaqişənin həlli, Cənubi Qafqazda sabitliyin bərqərar olunması istiqamətində atılan addımlar beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan multikulturalizm, tolerantlıq və humanizm prinsiplərinə əsaslanan dövlət siyasətini ardıcıl şəkildə həyata keçirir. Ölkəmizdə müxtəlif mədəniyyətlərin, dinlərin, xalqların dinc yasayışı bu siyasətin uğurlu nəticəsidir.
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın Azərbaycan Prezidentinə təqdim edilməsi ölkəmizin sülhsevər mövqeyinin beynəlxalq və humanitar təşəbbüslərə verdiyi töhfələrin, qlobal əməkdaşlığa açıq siyasətin yüksək səviyyədə etirafıdır. Bu əlamətdar hadisə Azərbaycan xalqı üçün böyük qürur mənbəyi olmaqla yanaşı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və Prezident İlham Əliyevin müdrik liderliyinin daha bir parlaq göstəricisidir.
Şəhla Əliyeva
YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü