PDF Oxu

Araşdırma

  • 552

IV Şuşa Qlobal Media Forumu dünyaya mühüm mesajlar verdi - ŞƏRH

image

İnformasiya müharibələrinin geniş vüsət aldığı, süni intellekt texnologiyalarının media mühitinə sürətlə inteqrasiya etdiyi bir zamanda peşəkar jurnalistikanın, etibarlı informasiyanın və beynəlxalq media əməkdaşlığının əhəmiyyəti daha da artır. Bu baxımdan Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumu qlobal media ictimaiyyətinin diqqət mərkəzində olan nüfuzlu beynəlxalq platformalardan biridir. Forum dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, jurnalistləri, ekspertləri, dövlət rəsmilərini və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək aktual informasiya çağırışlarının müzakirəsi üçün geniş imkan yaradır.

"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan Forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspertlər, rəsmi şəxslər təmsil olunur. IV Şuşa Qlobal Media Forumu media nümayəndələri arasında əməkdaşlığın genişləndirilməsi, peşəkar təcrübə mübadiləsinin təşviqi və müasir informasiya mühitində qarşıya çıxan çağırışların birgə müzakirəsi üçün mühüm beynəlxalq platforma rolunu oynayır.

Müasir dünyada münaqişələr zamanı yanlış məlumatların yayılması, informasiya manipulyasiyaları və saxta xəbərlər cəmiyyətlər arasında etimadın azalmasına səbəb olur. Forum çərçivəsində medianın sülhün qurulmasında, obyektiv informasiyanın çatdırılmasında və xalqlar arasında qarşılıqlı anlaşmanın formalaşmasında rolu geniş şəkildə müzakirə edilir.

Şuşanın forum üçün seçilməsinin də rəmzi mənası var. Şuşa Azərbaycanın tarixi, mədəni və mənəvi dəyərlərini özündə birləşdirən şəhərlərdən biridir. İşğaldan azad olunmasından sonra şəhər təkcə mədəniyyət mərkəzi deyil, həm də beynəlxalq siyasi və humanitar tədbirlərin keçirildiyi nüfuzlu platformaya çevrilib. Qlobal Media Forumunun məhz Şuşada keçirilməsi bir neçə mühüm mesaj verir. Birincisi, bölgədə sülh və əməkdaşlıq təşəbbüslərinin dəstəklənməsi, ikincisi, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, üçüncüsü, Qarabağın bərpasının dünya mediasına nümayiş etdirilməsi və dördüncüsü Azərbaycanın beynəlxalq dialoq platforması kimi rolunun gücləndirilməsi. Forum iştirakçılarının Qarabağ və Şərqi Zəngəzur bölgəsinə səfərləri onlara aparılan bərpa və yenidənqurma işlərini yerində görmək imkanı yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən IV Qlobal Media Forumunu ənənəvi mətbuat konfransı ilə açıb və orada xarici media jurnalistlərinin suallarını cavablandırıb. Prezident qeyd edib ki, Bakı müxtəlif ölkələrdən olan mediaya konstruktiv müzakirələr üçün platforma təqdim etmək və onları Qarabağ və Böyük Qayıdış layihələrinin gedişatı ilə tanış etmək üçün Şuşada media forumları təşkil edir: “Bakının xarici siyasəti əsasən regional qonşularla əməkdaşlıq etmək və yaranan hər hansı bir problemi həll etmək istəyinə əsaslanır. Biz Şuşada keçirilən media forumunda, o cümlədən çoxsaylı beynəlxalq iştirakçılar arasında hökm sürən eyni atmosferi yaratmağa çalışırıq".

İlham Əliyev qeyd edib ki, Bakı Mərkəzi Asiya və Avropa da daxil olmaqla bütün strateji sahələrdə ölkələrlə əla münasibətlər qurub və qoruyub saxlayır: “Respublika regionları nəqliyyat və logistika vasitəsilə birləşdirməyi hədəfləyir və buna görə də nəqliyyat dəhlizlərini inkişaf etdirir. Azərbaycanın milli maraqlarının qorunmasında, qonşu dövlətlərlə və daha uzaq bölgələrlə siyasi və iqtisadi əlaqələrin genişləndirilməsində və möhkəmləndirilməsində uğurları Respublikanın bu gün orta güc statusuna çatmasına səbəb olub. Mənim fikrimcə, terminoloji cəhətdən orta gücü müəyyən edən meyar həmin ölkənin potensialının, öz milli maraqlarını müdafiə etmək qabiliyyətinin tanınmasıdır”.

Prezident çıxışında qeyd edib ki, müasir Azərbaycan həm də enerji sektorunda etibarlı tərəfdaşdır və onilliklər ərzində sübut olunmuş sabitlik təcrübəsi ilə seçilir. Bu gün SOCAR 16 ölkəyə qaz tədarük edir və bu sahədə dünyada birinci yerdədir. Azərbaycan Prezidenti əlavə edib ki, Azərbaycan qazının tədarükünə başlamaq üçün daha bir neçə Aİ ölkəsi ilə danışıqlar aparılır.

Prezidentin qeyd etdiyi kimi, Azərbaycan qlobal media sənayesinin gələcəyini müzakirə etmək üçün əsas platforma statusunu təmin etməyə çalışır. İkincisi, Azərbaycanın ərazi bütövlüyünün bərpası təcrübəsi böyük maraq doğurur. 2020-ci ildə, 44 günlük müharibə zamanı Azərbaycan dörddə bir əsrdən çoxdur ki, Ermənistanın işğalı altında olan ərazilər üzərində nəzarəti bərpa edib. Bu münaqişə, pilotsuz uçuş aparatlarının, yüksək dəqiqlikli texnologiyanın və xüsusi əməliyyat qüvvələrinin əsas rol oynadığı yeni nəsil müharibənin ilk nümunələrindən biri oldu. Bu təcrübə NATO ölkələrindən olan hərbi mütəxəssislər tərəfindən fəal şəkildə öyrənilib və bu, xüsusilə Alyansın vacib üzvləri üçün aktualdır.

Forum Azərbaycanın qlobal informasiya məkanında artan rolunu, medianın sülhün təşviqi, həqiqətin bərpası və etimadın yenidən qurulmasındakı əhəmiyyətini bir daha nümayiş etdirir. Tədbirin rəsmi açılış mərasimində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər təkcə media nümayəndələri üçün deyil, həm də diplomatlar, siyasətçilər və beynəlxalq ictimaiyyət üçün mühüm mesajlar idi.

Azərbaycan Prezidentnin IV Şuşa Qlobal Media Forumunda çıxışı və media nümayəndələrinin suallarına verdiyi əhatəli cavablar beynəlxalq mətbuatın diqqət mərkəzində olacaq. Bu çıxış bir daha Azərbaycanın sülhpərvər dövlət olduğunu, beynəlxalq hüquqa söykənən siyasət həyata keçirdiyini və qlobal sülhə töhfə verməyə çalışdığını nümayiş etdirir.

IV Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin görüşü deyil, həm də beynəlxalq əməkdaşlıq, sülh, informasiya təhlükəsizliyi və etibarlı jurnalistikanın inkişafına xidmət edən mühüm beynəlxalq platformadır. Forum Şuşanın beynəlxalq tədbirlər mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir, Azərbaycanın qlobal informasiya məkanındakı rolunu artırır və dünya mediası ilə qarşılıqlı etimadın güclənməsinə töhfə verir.

Aydın Hüseynov, millət vəkili

Digər xəbərlər