“Azərcell Telekom”un özbaşınalığına son qoyula bilərmi?
Azərbaycanda özəl sektora göstərilən dövlət qayğısı dünyanın heç bir yerində rast gəlinməyən fakt kimi dəyərləndirilir. Yalnız 2009-cu il 9 ay ərzində iqtisadiyyata qoyulan 5,2 milyard manat investisiyanın 80 faizi yerli sahibkarların payına düşür. Bu isə, Azərbaycanın neftdən asılı ölkə olması barədə verilən məlumatların əsassız olduğunu ortaya qoyur. Daha bir diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycanda xarici şirkətlərin normal fəaliyyət göstərmələri üçün hər cür şərait və imkanlar yaradılıb. Amma təəssüf və təəccüb doğuran hal ondan ibarətdir ki, bəzi xarici şirkətlər Azərbaycanda külli miqdarda maliyyə imkanları əldə etsələr də, ölkə qanunlarına uyğun fəaliyyət göstərmirlər. Bunu "Azercell Telekom" MMC-nin timsalında açıq şəikldə görmək mümkündür. Mobil rabitə bazarında özünü inhisarçı kimi aparan şirkət bununla ölkəmizdə sahibkarlığa yaradılan şəraitdən sui-istifadə etmiş olur.
Neqativ hallara yol verən xarici şirkətlər sırasında "Azercell Telekom" MMC-nin adını xüsusilə çəkməyimiz heç də səbəbsiz deyil. Daha doğrusu buna kifayət qədər əsaslar var. İlk öncə, onu demək lazımdır ki, "Azersell"lə bağlı redaksiyamıza çoxsaylı şikayət məktubları daxil olub. İstehlakçının pul verib, aldığı telefon kartlarının nömrələrinin olmaması, keyfiyyətsiz xidmət, istehlakçıya əlavə olaraq maddi yükləmələrin olması, mobil əlaqənin olmasında problemlərin yaranması, sms-lərin göndərilməsində əngəllərin olması, fakturalı xətt ödəmə sisteminə aid Standartlar, Ekonomi, Biznes Optimist və Sim-Sim (öncədən ödəmə) sisteminə aid Açıq Xətt, Bizdən-bizə, Gənc Sim tarif paketlərində yol verilən saxtakarlıqlar istehlakçıların mənəvi psixoloji problemlərinə səbəb olan çoxsaylı pozuntular sırasında misal göstərmək olar.
Qeyd etmək yerinə düşər ki, "Azersell" mobil rabitə bazarında sosial təhlükə yaratmaq cəhdlərini neqativ fəaliyyətində açıq şəkildə ortaya qoyur. Bunu mobil telefon danışıqlarının qiymətinin yüksək olmasında, reklam bazarında saxtakarlıqlara yol verməsində də görmək mümkündür. Dünya İqtisadi Forumunun və Telekommunikasiya İttifaqının hesabatlarında Azərbaycan mobil rabitə xidmətinin bahalığına görə 150 ölkə arasında 109-cu, MDB-də isə birinci yer tutur.
"Azercell Telekom"un yol verdiyi özbaşınalığın aradan qaldırılması üçün müxtəlif təkliflər irəli sürülür. Başlıca çıxış yolu kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kommersiya, idarəetmə və tənzimləmə funksiyasını öz əlində cəmləməsi təklif olunur. Söhbət etdiyimiz millət vəkili Aynur Camalqızı istehlakçıların böyük əksəriyyətinin "Azersell"in fəaliyyətindən narazı qaldıqlarını söylədi: "İstənilən qurum müştərini narazı salırsa, buna görə məsuliyyət daşıyır. Bayramlarda, əlamətdar günlərdə "Azersell"ə zəng etmək, mesaj göndərmək problemə çevrilir. Futbol oyunlarının keçirildiyi ərəfədə istehlakçılar dostlarını, ailə üzvlərini aramaqda çətinlik çəkirlər. Bu isə, "Azercell Telekom"un yarıtmaz fəaliyyətinin nəticəsidir. Bizlər şirkətin fəaliyyətindən narazı ola-ola, əziyyət çəkə-çəkə prosesləri normal şəkildə izləyirik".
A.Camalqızı təəssüf hissi ilə onu da söylədi ki, şirkət tərəfindən hüquqları pozulan istehlakçılar kimə və hara şikayət edəcəklərini bilmirlər: "Çox absurd məsələdir. Azərbaycanda çalışan xarici şirkət ölkə qanunlarına riayət etmir. Xarici şirkətlər ölkə qanunlarına sayğısızlıq göstərirlər. Hüquq pozmalarına yol verirlər. Dünyanın heç bir yerində Azərbaycandakı kimi mobil rabitə xidiətləri baha deyil. Bu cür özbaşınalıqların və qiymət bahalığının aradan qaldırılması üçün dövlət qrumları təcili və təsirli tədbirlər görməlidir".
Millət vəkili rastlaşdığı bir fakt misal olaraq göstərdi ki, Tərtər rayonundan olan bir vətəndaş "Azersell" tərəfindən aldadılıb, süründürməçiliklə üzləşib. Heç bir əsas olmadan, vətəndaşa 2800 manat əlavə yükləmə yazılıb. Vətəndaş çox çalışsa da, haqqını bərpa edə bilməyib. Belə olduqda çıxış yolunu başqa mobil rabitə xidmətindən istifadə etməkdə görüb.
Millət vəkili Jalə Əliyeva da "Azercell Telekom"un keyfiyyətsiz rabitə xidmətindən narazı olduğunu qeyd etdi: "Keyfiyyətsiz mobil rabitə təminatının və digər neqativ hallarla bağlı "Azercell Telekom" MMC-nin prezidenti ilə görüşməyə çalışsam da, bu mümkün olmayıb. Telefon zənglərinə cavab verən şirkət təmsilçisi israrla soruşur ki, Siz hansı məsələ ilə bağlı rəhbərliyi narahat edirsiniz?".
J.Əliyevanın sözlərinə görə, bu cür sual heç bir etik və protokol qaydalarına uyğun gəlmir: "Bir şirkətin qorunduğu, qazanc əldə etdiyi ölkənin Milli Məclisinin üzvünə bu sual verilirsə, onun fəaliyyətinə necə qiymət vermək olar?".
İqtisadçı-ekspert Cümşüd Nuriyevin də "Azercell Telekom"un fəaliyyətinə münasibəti mənfi oldu: ""Azersell"in müəyyən etdiyi tariflər həddindən artıq bahadır. Buna görə isə, onlara gözün üstə qaşın var deyən yoxdur. Çünki "Azercell Telekom"un arxasında bəzi qüvvələr dayanır.
İqtisadçı-ekspert "Azersell"in özbaşınalığının aradan qaldırılması üçün Milli Məclisin və yaxud hökumətin müdaxiləsinə ehtiyac olduğunu bildirdi: ""Azersell"in abunəçilərinin sayının 3,5 milyon olması şübhəlidir. Bu, bilərəkdən açıqlanan rəqəmdir. Bununla şirkət inhisarçı rolunda çıxış edən qurum olduğunu açıq şəkildə göstərir. Əslində, "Azersell"in cəmi 700 minə qədər abunəçisi var".
C.Nuriyev "Azersell"in vergidən yayınmaq üçün maxinasiyalara yol verdiyini də söylədi. Qeyd etdi ki, "Azersell" dükan və bazarlarda satışa çıxardığı kartlardan əldə etdiyi vəsaitlə vergidən yayınır: "4 manat dəyərində olan 2200 konturluq kart 10 manata satılır. Avropanın və ABŞ-ın özündə isə, 12 dollara 8000 kontur əldə etmək mümkündür. Bu cür özbaşınalığın bir səbəbi var. "Azersell" kimi mobil şirkətlər Azərbaycana Afrika dövlətləri kimi baxırlar. Bu isə, onlar tərəfindən bizlərə göstərilən təhqir kimi sayılmalıdır".
Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin tənzimləmə şöbəsinin müdiri Əliyar Təmirov da "Azercell Telekom"la bağlı nazirliyə şikayətlərin daxil olduğunu, ancaq bunun kütləvi xarakter daşımadığını bildirdi: "Qiymətləri rəqabət şəraitində bazar tənzimləyir. Qiymətlərin aşağı olması o demək deyil ki, keyfiyyətli xidmət göstəriləcək. Əgər keyfiyyətsiz xidmət varsa, tariflərin aşağı olması önəmli deyil".
Ə.Təmirov nazirlik tərəfindən mobil rabitə xidməti şirkətlərinə investisiyalar qoyub, imkanlarını artırmaq və keyfiyyətli xidmət göstərilməsi barədə tövsiyələr verildiyini də bildirdi.
Qeyd etmək yerinə düşər ki, "Azercell Telekom"un Azərbaycan qanunlarına zidd olan fəaliyyətindən biri də SMS vasitəsilə səsin dəyişilməsidir. Yəni "zəng edin, filan qədər kontur gedəcək və səsiniz dəyişəcək. Qadın, uşaq, kişi səslərindən istifadə edib, istədiyiniz nömrəyə zəng edə bilərsiniz". Bu isə, birbaşa cinayətdir. Hüquqi və Demokratik İslahatlar Mərkəzinin icraçı direktoru Zakir Rəhimlinin sözlərinə görə, bu cür faliyyət növü yalnız terrorçulara xas olan fəaliyyətdir: ""Azercell Telekom"un bu tip smslərdən istifadə etməsi müəyyən şübhələr ortaya qoyur. Ən azı bu şirkətin xarici maraqlı qüvvələrlə əlaqələrinin olması barədə yayılan məlumatlar əsassız olmadığı üzə çıxır. Həqiqətən də, "Azersell"in dalğaları Qəndil dağlarında, Türkiyənin Haqqara bölgəsində dalğalandığı haqda məlumatların fakt olduğu görünür".
Z.Rəhimli "Azercell Telekom"un Azərbaycanın mobil rabitə bazarında özünü doğrultmadığını və buna görə, şirkətin fəaliyyətinin tənzimlənməsinə ehtiyac olduğunu da söylədi.
Z.Rəhimli "Azersell"in abonentlərinin sayını itirməsinin səbəbini də mobil rabitə xidmətinin keyfiyyətsiz xidməti ilə əlaqələndirdi. Qeyd etdi ki, 10 il öncə, hansı üsulla fəaliyyət göstərirdisə, "Azersell" bu gün də həmin köhnə üsulla işləməkdədir.
Milli QHT forumunun prezidenti, Azərbaycan-Türkiyə QHT-ləri işçi qrupunun üzvü Rauf Zeyni də istehlakçıların hüquqlarının pozulmasının yolverilməz olduğunu söylədi. Qeyd etdi ki, hüquq pozuntuları ilə bağlı istehlakçılar məhkəmələrə və yaxud da hüquq müdafiəçilərinə müraciət etməlidirlər: "Bəli, başqa ölkələrlə müqayisədə Azərbaycanda mobil rabitə tarifləri bahadır. "Azersell"in qiymət bahalığı ilə bağlı biz də etiraz etmişik. Dəfələrlə məsələ qaldırmışıq ki, tariflər niyə bahadır?".
SMS vasitəsilə səslərin dəyişilməsinə sərt münasibət bildirən R.Zeyni ciddi şirkətin belə qeyri-ciddi işlərlə məşğul olmasından təəssüfləndiyini bildirdi. Son olaraq, onu vurğulamaq yerinə düşər ki, ittiham edilən məsələlərlə bağlı "Azercell Telekom"un rəhbərliyi ilə əlaqə saxlamağa səylər göstərdik. Ancaq gün ərzində mətbuat xidməti ilə əlaqələrimiz nəticəsiz qaldı. Yəni "Azersell"in abunəçilərinin sualları cavabsız qaldı. Bu isə, bizim tərəfdən "Azercell Telekom"un səslənən ittihamları qəbul etməsi kimi dəyərləndirilir. P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.