PDF Oxu

Araşdırma

  • 4

Ümumdünya Hepatitlə Mübarizə Gününə həsr olunmuş konfrans keçirilib

Ümumdünya Hepatitlə Mübarizə Gününə həsr olunmuş konfrans keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşəbbüsü ilə "Ambassador" otelində "Ümumdünya Hepatitlə Mübarizə Günü"nə həsr e.dilmiş konfrans keçirilib. Qeyd edim ki, konfransda respublikanın ilkin səhiyyə səviyyəsində çalışan tibb müəssisələrinin 250-dək cərrah, mama-ginekoloq və stomatoloqları iştirak edib. Tədbirdə viruslu hepatitlər problemi ətrafında müxtəlif təqdimatlarla çıxışlar edildi, müzakirələr aparıldı.
Məlum olduğu kimi, müasir dövrdə kəskin və ya xronik infeksiyanı, qara ciyərin iltihabını yaradan virus hepatitləri bütün dünyada ictimai səhiyyə problemlərinin əsas yükünü təşkil edir. Acınacaqlı faktdır ki, dünyada təkcə V virus hepatiti ilə yoluxmuş 2 milrd insan mövcuddur, onlardan 350 milyondan çoxu xronik xəstədir, 700 minədək insan isə hər il dünyasını dəyişir. Eləcə də, 170 milyonadək insan xronik S virus hepatiti xəstəsidir. Məhz buna görə də virus hepatitləri probleminin aktuallığını bir daha vurğulamaq, həlli yollarını axtarmaq və problemə dair digər çoxsaylı məsələləri müzakirə etmək məqsədilə hər il bütün dünyada 19 may - Ümumdünya Hepatitlə Mübarizə Günü kimi qeyd edilir.
Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Ofisinin infeksion xəstəliklər üzrə əlaqələndiricisi Cəvahir Süleymanova "Dünyada hepatitlərlə bağlı mövcud vəziyyətin xülasəsi", Ə.Əliyev adına ADHTİ-nun yoluxucu xəstəliklər kafedrasının dosenti, texnika elmləri namizədi Təyyar Eyvazov "Hepatitlərin epidemiologiyası, yayılma və yoluxması yolları", Avropa Qaraciyər Xəstəlikləri Tədqiqatlaır Assosiasiyasının (EASL) üzvü, "Avromed" klinikasının həkim-infeksionisti Yusif Alxasov "Virus hepatitlərinin diaqnostikası", ATU-nun pediatriya fakültəsinin daxili xəstəliklər kafedrasının dissertantı, Avropa Qaraciyər Xəstəlikləri Tədqiqatları Assosiasiyasının (EASL) üzvü, Bakı Tibbi Mərkəzinin həkimi Gülnarə Ağayeva "Hepatitlərin müalicəsində müasir aspektlər" və Ə.Əliyev adına ADHTİ-nin reanimasiya və intensiv terapiya kafedrasının dosenti Rimma Nəsirova "Qaraciyər ensefalopatiyasının latent dövrünün müalicəsi" mövzularında çıxış etdilər. Bütün çıxışlar böyük maraqla dinlənildi, yaranan suallar cavablandırıldı.
Eyni zamanda, İSİM tərəfindən hazırlanmış "C virus hepatitinin müalicəsi üzrə Klinik Protokol" iştirakçılara təqdim olundu. Protokol sübutlu təbabət prinsipləri əsasında tərtib edilmiş, ilkin səhiyyə xidmətləri səviyyəsində və stasionarlarda çalışan terapevtlər, infeksionistlər, ailə həkimləri üçün, pasiyent qrupu kimi isə C virus hepatiti xəstəliyi olan böyük yaşlı şəxslər və uşaqlar üçün nəzərdə tutulmuşdur. Protokolun məqsədləri müasir diaqnostika və müalicə metodlarını tətbiq etməklə C virus hepatitinin diaqnostika və müalicəsinin təkmilləşdirilməsi, C virus hepatiti ilə xəstələnmə, onun fəsadları və ölüm hallarının azaldılmasıdır.
Klinik protokolun tərtibçilər qrupunun rəhbəri Səhiyyə Nazirliyinin baş infeksionisti, ET Tibbi Profilaktika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Rusiya TEA akademiki Namiq Əliyev olmuşdur. Hazırda "Xronik hepatitlərin diaqnostikası və müalicəsi üzrə Klinik Protokol" üzərində iş aparılır və "V virus hepatitinin müalicəsi üzrə Klinik Protokol"un tərtib edilməsi planlaşdırılır.

Digər xəbərlər