Köşə

  • 4 158

Kəndirdə yellənən gələcək – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Düz 2 gün düşündüm- 1 iyunda uşaqların hansı problemini yazım deyə. Bir deyil, iki deyil, hansını seçəsən? Axırda bu qərara gəldim ki, ən dəhşətli mövzuya girişim- uşaq intiharlarına...

Son dövrlərdə tanış olmadığımız bir tendensiya vüsət alıb- uşaqlar intihar edir. Sovet vaxtı intihar faktına, xüsusilə də uşaq intiharı faktına çox nadir hallarda rast gəlirdik. İndi isə hər həftə uşaq intiharı xəbərləri izləyirik. Nə baş verir? Uşaqlar niyə yelləncəkdə yox, boğazlarına keçirdikləri kəndirdə yellənir? Buna onları, kim, nə, niyə, necə məcbur edir? Çətin və dəhşətli suallardır.

Cəmiyyətlərin, dövlətlərin, quruluşların fərqi əslində, intiharların səviyyəsi ilə ölçülməlidir. Qalan bütün sosial, iqtisadi, siyasi üstünlüklərin heç bir rolu ola bilməz. Məsələn, dünyada intiharlara görə, iri kapitalist dövlətləri- Yaponiya, ABŞ, Britaniya və bir sıra Avropa ölkələrinin ilk yerləri tutması o deməkdir ki, bu ölkələrdə insan faktoru öndə deyil.

Dövlətin iqtisadi qüdrəti yüksək ola bilər, amma insanlar üçün normal, təhlükəsiz, psixoloji gərginliksiz cəmiyyət sistemi qurulmayıbsa, deməli bu dövlətdə yaşamaq təhlükəlidir. Maddi rifah da hər şey demək deyil. Başqa məsələlər var- gözlə görünməyən, əllə toxunulmayan məsələlər.

Azərbaycan social baxımdan orta mövqeələrdə qərarlaşıb, bizdə dünyanın bir sıra ölkələrindən daha aşağı soşial rifah olsa da, bir çox ölkələrinə baxanda daha uyğun həyat şəraiti var. Yəni, Avropadan, Rusiyadan, Yaponiyadan, ABŞ-dan... geri qalırıq, amma hər halda bura nə Afrika ölkəsidir, nə də Yaxış Şərq. Bəs o zaman bu problemlər hardan qaynaqlanır?

İntiharlarda sosial problemlərin rolunu inkar etmək olmaz. Lakin, etiraf etməliyik ki, indiki dövrdə və bizim kimi ölkədə intiharların əsas səbəbləri arasında təkcə sosial-iqtisadi problemlər deyil, mənəvi-psixoloji məsələlər daha böyük paya malikdir.

Cəmiyyətimizdə intiharlara qarşı formalaşmış stereotiplər var. Məsələn, əgər intihar edən azyaşlı və yeniyetmə qız uşağıdırsa, hamı bir qayda olaraq ona mütləq təcavüz olunduğunu düşünür. Heç kim o qızın ailəsində və ətrafında baş verənləri görmür, onun cəmiyyətdən nələr gördüyünü, hansı sosial və psixoloji problemlər yaşadığını gözardı edirlər.

İntiharların artmasında bioloji və genetik təzyiqləri də qeyd etməmək olmaz. Son vaxtlar uşaqların çoxuna ana südü verilmir, körpələr kimyəvi, sintetik və GMO qidalar, süni kimyəvi içkilərlə böyüyür. Ətrafda isə, daha çox aqressiya, problem, əzab görür. Bir yandan da televiziyalar, azad internet. Qlobal miqyasda psixotron terror gedir.

Uşaqlar ənənəvi məkanlarından məktəblərdən, yaradıcılıq mərkəzlərindən, istirahət düşərgələrindən, idman salonlarından... ayrılaraq küçələrə tərk edilib. Ən yaxşı halda dəhşətli oyunlar oynadıqları, pornoya, zorlamaya, qanlı döyüş səhnələrinə baxdıqları azad internetə buraxılıb. Sevgi, qayğı, diqqət görməyən, dünya üzrə 1-ci yerə çıxdığımız boşanmalar nəticəsində ortalıqda yetim qalıb psixoloji travma alan uşaqlar çoxalır.

Nəticəsi ortadadır- uşaqlarımız həyətlərdə yerində qaraj və ya biznes obyekti tikilməsi üçün ləgv edilmiş yelləncəklərdə yellənmək əvəzinə, boğazlarına keçirdikləri kəndirdə yellənirlər... Əslində, kəndirdə yellənən və yellənməli olan bizik- cəmiyyət olaraq. Onları belə dəhşətli “əyləncəyə” sürüklədiyimiz üçün...

Uşaq intiharı uşaqların böyüklərə etirazının ən sərt və ən dəhşətli formasıdır. Bəzi uşaqların intihardan əvvəl yazıb qoyduğu məktublar isə, ən ağır təhqirdir gələcəyini qoruya bilməyən cəmiyyət üçün...

Bizə ünvanlanmış mesajın ümumi məğzi çox qısa və konkretdir- Tfu sizin üzünüzə...

Digər xəbərlər