Qərb dövlətlərinin bir qismi tarixin müxtəlif dönəmlərində özlərinin müstəmləkəçilik siyasətləri ilə dünyada tanınıblar. Zaman-zaman dünyanın harasında bir zəif qəbilə, tayfa, xalq tapıblarsa, kəsiblər başlarının üstünü, əsarət altına alıb döyə-döyə işlədib, qazanclarını da əllərindən alıb xəzinələrini doldurublar. Bu gün güc mərkəzi olan bəzi qərb dövlətlərinin, xüsusilə ABŞ-nin və Fransanın indiyə kimi davam edən müstəmləkəçilik siyasətləri dünyadan xəbəri olan hər kəsə məlumdur. Sirr deyil ki, bu ölkələr xəzinələrini həmin xalqların qanı bahasına yığdıqları tükənməz xəzinənin sayəsində güclənib, söz sahibi olublar.
Bunları keçmiş hesab edib göz yummaq da olardı. Amma nə yazıqlar ki, ikinci dünya savaşından sonra yaranan yeni dünya düzəni bu müstəmləkəçilik siyasətini tədricən əritsə də, keçmişdən yığdıqları trilyonların getdikcə azalması təhlükəsindən rəncidə olan həmin güclər müstəmləkə siyasətinin yeni formasını işləyib hazırlamış və indi onu həyata keçirmək üçün start veriblər.
Bir sıra şərq ölkələri, latın amerikası ölkələri haqlarını tələb edib özlərini müstəmləkə zəncirindən xilas etdikdən sonra afrikada xalqların ayağa qalxması, haqlarını, milli mənafelərini tələb etməsi belə qüvvələrin, ən pis mənada, “gözlərini açdı” desək yanılmarıq. Sovet imperiyasından azad olub öz milli dövlətlərini yenicə quran xalqlar da bu güc mərkəzlərinin maraq dairəsinə daxil edildi. Avropa, qərb mədəniyyətindən ağızdolusu danışanlara bir neçə sualım var. Birinci sual: kişilərin kişilərlə evlənməsidimi avropa, qərb mədəniyyəti? İkinci sual, cansız daş heykəli, özü də mütəfəkkir bir qadın heykəlini təhqir etməkdimi avropa, qərb mədəniyyəti? Üçüncüsü: Bəlkə, milyarddan çox insanın iman mənbəyi olan Quranı-Kərimi təhqir etmələrindən örnək alıb, biz də qisas almaq üçün onların müqəddəs kitabı olan incili (tövbə, əstəğfurullah-T.N.) təhqir edək?
Əslində belə sualların sayını artırmaq, on beşə, iyirmiyə, bəlkə də yüzə çatdırmaq olar. Amma bunlarla kifayətlənib qayıdıram mətləbin ortasına. Dediyim kimi, ikinci dünya savaşından sonra yaranan yeni, BMT-li dünya düzəni “xalqlara azadlıq”, “millətlərə istiqlal”, “imperializmə, müstəmləkəçiliyə son” şüarları ilə düzənlənməyə başladı. Ədalət naminə deyək ki, özünü doğruldan bu yeni düzən forması bəşəriyyəti xeyli irəli apardı, çox xalqlar, millətlər azadlığına qovuşdu, özünü müstəqil, ya da yarımmüstəqil idarə etmək şansı qazandı. Beləcə, güc mərkəzlərinə axıdılan trilyonlar bir qismi də olsa bu xalqların, millətlərin özündə qaldı və getdikcə dünya düzənində yerini bərkitdi. Və birdən güc mərkəzləri ayılıb gördülər ki, ay-hay, xəzinələri tükənir. Belə davam etsə xəzinələri tamamilə boşala və günün iyirmi dörd saatını kefdə, damaqda, istirahətdə, gəzintilərdə keçirməyə adət eləmiş avropa və ABŞ vətəndaşlarını idarə və təmin etmək mümkün olmayacaq. Belədə yeni müstəmləkə forması yaratmaq siyasətinin bütün parametrlərlə ölçülüb-biçilmiş planı hazırlandı. Bir müddət uzaq şərqdə “gəzişdilər”.
Sonra gəldilər orta şərqə. Ordan yaxın şərqə və afrikaya. Bir adam çıxıb deyərmi ki, qərbin demokratiya, insan haqları, qloballaşma və sair gözoxşayan adlarla müdaxilə etdiyi hansı ölkədə bu gün əmin-amanlıq, rahat həyat var? Vyetnamda, Koreyada, Əfqanıstanda, İrakda, Suriyada, Liviyada, Əlcəzairdə, Sudanda, yoxsa Qədim Misir torpaqlarında? Latın amerikasında hansı xalq bu güc mərkəzlərinin “sayəsində” xoşbəxtlik tapıb?
SSRİ dağılandan və xalqlar müstəqilliyini əldə edəndən sonra isə qərbin güc mərkəzləri yeni “xam sahə” tapmış qoyun kimi özlərini bu ölkələrə yetirdilər. Gözqamaşdıran vədlərlə, insan haqları, demokratiya, qloballaşma şüarları ilə istədilər bu ölkələri öz kaloniyalarına daxil eləsinlər. Əvvəl ermənilərdən istifadə edib Qafqaza soxulmağı planlaşdırdılar. Ulu Öndər Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs iştahlarını qursaqlarında qoydu. Saakaşvilini irəli verib, arxasından saatda min kilometr sürətlə qaçandan sonra Cənubi Qafqazda inamlarını itirdiklərini görüb döndülər İkraynaya və Moldovaya tərəf. Burda yaratdıqları məhşər göz önündədi. İndi Rusiyanı gücdən salmış hesab edib yenə üz tutublar Qafqaza və Mərkəzi Asiyaya. Məlum planları üzrə əvvəl burda da bir molionet rəhbər tapdılar. Bu molionet rəhbər də mənsub olduğu millətin tarixən xəyanətkar, etibarsız olduğunu bildiyindən gedir bu oyuna. Yəqin ki, burda yeni, ikinci cəbhə açmaq planı cızılır. ABŞ və Aİ yetkililərinin Qafqazla bağlı bu günlərdə məhz həmin molionet rəhbərlə avropada görüşə hazırlaşmaları da bu sıradan növbəti addımdır...
Nə isə... Yazmağa o qədər söz var ki, bir yox, beş künc yazısına da sığmaz. Odur ki, sözümə yekun vurub neokolonist, yeni düzəndə yerlərini bətrkitmək, yenidən dünyanın zəif xalqlarının qanını içmək istəyən avropadan da, qərbdən də qorunmağımıza ehtiyac görürəm. Yoxsa sonrakı peşmançılıq milyon illər əvvəl olduğu kimi bu gün də fayda verəsi deyil. Elə edək ki, buna düçar olmayaq...
Təhmasib Novruzov