Köşə

  • 4 672

Ərzaq bazarı: Bahalaşmanın səbəbi nədir? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Mövsümi meyvə tərəvəzin əvvəlki illərə nisbətən xeyli baha olması müşahidə olunur. Həmin meyvə tərəvəzlər qonşu ölkələrdə daha ucuzdur. Dünya bazarında taxılın qiymətinin ucuzlaşması fonunda, ölkəmizdə unun qiymətinin artması da heç cür anlaşılan deyil. Eynilə, ət və süd məhsullarının qiymətinin bahalaşması üçün də heç bir əsas yox idi, əksinə taxılın ucuzlaşması nəticəsində yemlər də ucuzlaşır və ətin və süd məhsullarının maya dəyəri aşağı düşməlidir.

İdxalın artması bahalaşmaya əlbəttə, ciddi təsir göstərir, lakin yerli istehsal məhsulların da bahalaşması davam edir. Azərbaycanda zəruri tələbat məhsullarının təxminən yarısı idxal hesabına formalaşır. Son illərdə bu nisbət idxalın xeyrinə artmaqdadır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin 1-ci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə mal əti idxalı 2,3 dəfə, kərə yağı, digər süd yağları 19,9%, bitki yağları 51,5%, təzə meyvə idxalı 26,6%, təzə tərəvəz 52,8%, unlu qənnadı məmulatları 24,3% artıb.

Son illərdə ərzaq məhsullarında qiymət artımları tendensiya halını alıb. Hazırda Azərbaycan bazarını ucuz bazar saymaq olmaz. Yerli bazarda əsas tələbat mallarının qiyməti xarici ölkələrdəki ilə eynidir və ya bəzi hallarda ondan da bahadır.

İndi azad bazar dövrü olduğundan hökumət qiymətləri inzibati metodlarla tənzimləyə bilməz və bu səbəbdən bunun qarşısını zorakı yolla almaq çətindir. Ölkədə istehsal olunan, amma əhalinin tələbatını ödəməyən məhsulları özəl şirkətlər və sahibkarlar idxal edirlər. Onlar da hər hansı malı baha aldıqda, baha da satmalıdırlar. Kimisə hər hansı məhsulu xaricdən gətirib öz qiymətinə satmağa məcbur etmək olmaz.

Hökumət sosial və iqtisadi mexanizmlərlə bu prosesə təsir edə bilər, ancaq inzibati vasitələrlə heç nə etmək mümkün deyil. Bu problemin həlli yolu ölkədə ərzaq istehsalının yüksəldilməsi və idxaldan asılılığın ləğv edilməsindən keçir.

Qiymət artımında xarici amillərin təsir payı böyük olsa da, daxili amillərin də təsiri olmamış deyil. Bunlardan bəzi istehsal və idxal sahələrində inhisarçılığı və yerli məhsulda qiymət artımını şərtləndirən stimullaşdırıcı tədbirləri göstərmək olar.

Qiymət artımında əsas amillərdən biri inhisarçılıqdır ki, nəticədə bazara süni təzyiqlər artır və mümkün ucuzlaşmanın da qarşısı alınır. Bahalaşma zamanı əhalinin alıcılıq qabiliyyəti getdikcə aşağı düşdüyündən, maya dəyəri baha başa gələn keyfiyyətli məhsulun əvəzinə bazara ucuz və keyfiyyətsiz, hətta saxta məhsullar çıxarılır.

Dünya bazarında bəzi məhsulların qiymətlərinin artması o demək deyil ki, bu, ölkədə ucdantutma bütün məhsulların bahalaşmasına səbəb olmalıdır. Ərzaq təhlükəsizliyi üzrə xüsusi proqram həyata keçirən ölkələrdə xarici amillərin mümkün təsirlərindən maksimal sığortalanma asan olur. Belə ölkələrdə əsas tələbat malları ölkənin özündə istehsal olunur və bu da xarici amillərin təsirlərini minimuma endirir.

Məsələn, ABŞ və əksər Avropa ölkələrində, həmçinin, Rusiya və Türkiyədə dövlət tərəfindən kənd təsərrüfatına güclü dotasiya ayrılır, əsas ərzaq məhsullarının istehsalı üçün stimullaşdırıcı tədbirlər görülür, fermerlərə güzəştlər edilir. Belə ölkələrdə dövlət tərəfindən fermerin məhsulunun hətta bazar qiymətinə alınacağı haqda qabaqcadan müqavilə bağlanır.

Buraya kəndlinin öz məhsulunu sərbəst və maneəsiz şəkildə bazara çıxarma imkanlarını, möhtəkirliyin aradan qaldırılmasını, və anti-inhisar tədbirlərini də əlavə etsək, belə ölkələrdə xarici amillərin təsiri ilə bahalaşmanın yaranması üçün heç bir səbəbin olmadığı aydın olar.

Nəzərə alsaq ki, Azərbaycan özünü kənd təsərrüfatı malları ilə tam təmin etmək gücündədir və digər ölkələrlə müqayisədə bizim ölkənin daha yaxşı iqlim, həmçinin münbit torpaq imkanları var, o zaman aydın olar ki, mövcud potensialdan düzgün və səmərəli istifadə etməklə buna nail olmaq olar.

Aqrar sektorun konseptual inkişafı üçün ciddi bir proqrama ehtiyac duyulur. Kənd təsərrüfatı həm ərzaq təhlükəsizliyi, həm də yeyinti sənayesi və yüngül sənayenin inkişafı üçün birbaşa mənbədir.

Azərbaycanda aqrar sektorun inkişafına milyardlarla manat vəsait ayrılır. Dövlət dotasiyalar, subsidiyalar verir, müxtəlig güzəştlər, yardımlar tətbiq edir. Lakin rəsmi statistika və bazardakı vəziyyət göstərir ki, qəbul olunan dövlət proqramlarının icrası effektli aparılmayıb və bu məsələyə daha ciddi diqqət verilməlidir.

Digər xəbərlər