Elçin Bayramlı
Tədricən NATO asılılığından qurtarmaq və dünyaya açılmaq üzrə olan Türkiyə qlobal güc olmaq yolunda addım-addım irəliləyir, regionun digər liderləri və Türkiyənin əsas rəqibləri olan İran və İsrailə “burda mən də varam” deyə bilir, dünya fövqəldövlətlərini özü ilə hesablaşmağa məcbur edir. Bunun qarşısını almaq üçün son 20 ildə saysız hesabsız maneələr yaratmağa çalışıblar- terror aktlarından tutmuş, maliyyə-iqtisadi terrora qədər. Lakin, bütün bunlar uğursuz oldu. Türk xalqı öz dövlətinin arxasında dayandı. Feto terror təşkilatının əli ilə təşkil edilən sonuncu dövlət çevrilişinə cəhdin baş tutmaması da Ankaranın həm daxili, həm də xarici siyasətinin optimal olduğunu göstərdi.
Qərb hər zaman Türkiyədəki özünə tabe olan qüvvələri və regionda Türkiyəyə qarşı olan terror təşkilatlarını maliyyələşdirir, silahlandırır və onlardan təzyiq kimi istifadə edir. Bunun üçün isə əsas dini, məzhəb və etnik kimliklərdən bəhrələnirlər. Türkiyə daxildə belə qüvvələri neytrallaşdıra bilsə, xaricdəki qüvvələr heç nə edə bilməyəcək.
Türkiyənin güclənməsi və regionda əsas söz sahibi olması geosiyasi reallıqları dəyişəcək. ABŞ isə güzəştə getməyə məcbur olacaq. Rusiya ilə yaxınlaşma isə Türkiyəyə əlavə manevr imkanları qazandıracaq. İranla münasibətləri yaxşılaşdırmaq üçün də addımlar atılır. Bəzi sahələrdə rəqib olsalar belə, bu iki ölkəni birləşdirən dəyərlər digərləri ilə olanlardan çoxdur.
Ümumiyyətlə, son dövrlər Türkiyə üzünü əsasən Şərqə çevrilib, şərq ölkələri ilə iqtisadi əməkdaşlığı, siyasi əlaqələri artırmağa çalışır. Çünki Qərbin Türkiyədən sadəcə istifadə etməyə çalışdığını, müxtəlif üsullarla ona təzyiq edib istədiklərini qoparmağa çalışdıqlarını çoxdan bilir. Ankara kiminsə diqtəsi ilə hərəkət etməyəcəyini çoxdan bəyan edib və geosiyasətini yalnız öz maraqlarına uyğun qurmağa çalışır.
Türkiyənin Suriya və İraqda şiə türkmənlərə sahib çıxması İranla münasibətlərinin daha da yaxınlaşmasına gətirib çıxarır. Bu iki ölkə Qərb dövlətlərinin hər vəchlə gərginləşdirdiyi şiə-sünni söhbətini bir kənara ata bilsələr regionda və dünyada hər ikisinin gücü artar. Qərbin planı üzrə regionda yaradılacaq süni kürd dövləti hər iki ölkənin böyük ərazilərinin yeni yaranacaq bu dövlətə verilməsi nəzərdə tutulur- bununla bağlı çoxlu xəritələr və planlar deşifrə olunub. Bunun qarşısını almaq üçün bu iki güclü müsəlman ölkəsi didişməyə yox, ümumi düşmənə qarşı birləşməyə məcbur olacaqlar. Əgər bu 2 güclü müsəlman ölkəsi arasında birlik baş tutsa, Pakistan, Qazaxstan, Azərbaycan, Suriya, İordaniya, İndoneziya, Səudiyyə, Yəmən, Misir və sair ölkələr də daxil olmaqla böyük bir müsəlman birliyi yarana bilər ki, bu da islam dünyasında xarici qüvvələrin aramsız törətdiyi faciələrin qarşısını alar, bu ölkələri inkişafa aparar.
Ankara strateji planda qarşısına qlobal oyunçu olmaq məqsədi qoyub, əgər ölkəni etnik və dini zəmində vətəndaş müharibəsinə sürükləmək, terrora boğmaq fikrində olanların planlarını poza bilsə, yaxın 20 ildə bu məqsədini reallaşdıra biləcək. Bunun üçün əvvəlcə daxildə vətəndaş birliyi tam təmin olunmalı, etnik ayrı-seçkilik aradan qaldırılmalı, PKK problemi tam həll olunmalıdır. Türkiyə ordusunun NATO-dan asılılığı aradan qaldırılmalı və ordunun texnologiya bazası yerli istehsala dayanmalıdır. Son illərdə bu sahədə çox böyük işlər görülüb.
Türkiyənin müstəqil siyasət yürütməsi və NATO-dan kənar ölkələrlə yaxın münasibət yaratmasına ölkədə baş verən qanlı terror aktları və dövlət çevrilişi cəhdi ilə cavab verirlər. Lakin bunlar Ankaranı öz yolundan döndərə bilmir. Bunlar nəticə verməyəndə maliyyə-iqtisasdi təzyiqləri işə saldılar, lirənin məzənnəsini süni surətdə dəfələrlə aşağı saldılar, lakin Türkiyə bu problemin də öhdəsindən gəlməkdədir.
Ümumiyyətlə, qlobal gücə çevrilmək üçün əsas şərtlərdən biri də iqtisadi gücdür. Güclü iqtisadiyyata malik olmadan bu məqsədi reallaşdırmaq mümkün olmaz. Bundan başqa, elmi-texnoloji yüksəliş də vacibdir. Bir də güclü vətəndaş birliyi, daxili həmrəylik. Güclü siyasət üçün bunlar həyati dərəcədə vacibdir.
Əgər regionda heç olmasa bir neçə müsəlman ölkəsi ümumi düşmənə qarşı bir araya gəlsə, nə Qərb, nə də Şərq bu birliyə bata bilməyəcək. Getdikcə digər müsəlman ölkələri də bu ittifaqa daxil ola bilər və islam birliyi deyilən şey baş verə bilər.
Azərbaycan da Türkiyənin qlobal oyunçuya çevrilməsi yolunda öz imkanları daxilində tam dəstək verir. Bundan başqa, Türk Dövlətləri Təşkilatı da getdikcə inteqrasiyanı artırır və beynəlxalq güc mərkəzlərindən birinə çevrilir. Anadoludan Qafqaza, Qafqazdan Orta Asiyaya qədər böyük bir coğrafiyada güclü bir ittifaq yaranıb və getdikcə də bu birlik dünyada öz sözünü deyəcək.
Türkiyə həm islam birliyinin, həm də türk birliyinin lideri ola bilər. Proses bu yöndə də gedir, sadəcə zamana və ağıllı siyasətə ehtiyac vardır.